Əli Əhmədov iraqlı diplomatı qəbul edib
İyulun 5-də baş nazirin müavini Əli Əhmədov İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili Fadil Al-Şüveylini onun xahişi ilə qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanla İraq arasında ümumi dəyərlərə əsaslanan tarixi bağların mövcudluğunu bildirən Əli Əhmədov müasir dövrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini önə çəkib.
Yüksək iqtisadi potensiala malik İraqın öz imkanlarından səmərəli istifadəsi üçün ölkəmizin hər zaman dəstək verməyə hazır olduğunu xatırladan baş nazirin müavini Bağdadda baş vermiş dəhşətli terror aktından kədərləndiyini bildirərək, bütün dünyada sülhə və sabitliyə real təhlükə olan beynəlxalq terrorizmlə mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.
Əli Əhmədov hərbi təcavüzdən, separatizmdən və terrorizmdən əziyyət çəkən ölkəmizdə terrorun bütün forma və təzahürlərinin qəti şəkildə pislənildiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Fadil Al-Şüveyli öz ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrə maraq göstərdiyini deyərək, xüsusən iqtisadi-mədəni sahədə səmərəli əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Görüşün sonunda Əli Əhmədov müqəddəs Ramazan bayramı münasibətilə İraq xalqına xoş arzularını və təbriklərini çatdırıb.
829 dəfə oxundu