Almaniya ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir

Almaniya ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir


Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayeri Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Sankt Peterburq görüşü, habelə həmin görüşdə şəxsi nümayəndəliyin ofisinin genişləndirilməsi ilə bağlı əldə edilmiş razılıqla bağlı məlumatlandırıb.

APA-nın ATƏT-ə istinadən verdiyi xəbərə görə, bu barədə həmsədrlərin ATƏT sədri ilə bu gün Berlində keçirilən görüşü ilə bağlı yayılan məlumatda deyilir.

Bildirilir ki, əldə edilmiş razılıq münaqişə zonasında vəziyyəti sabitləşdirəcək, habelə sülh prosesinə təkan verəcək əlverişli atmosfer formalaşdıracaq.

F. Ştaynmayer də atəşkəsin dəstəklənməsinə yönəlik son inkişafı alqışladığını bildirib.

“Berlin görüşünün iştirakçıları davamlı atəşkəs və siyasi danışıqlara qayıdışın əvəzedilməzliyi barədə həmrəy olduqlarını bildiriblər. ATƏT sədri kimi Almaniya Minsk qrupu və həmsədrlərin səylərini dəstəkləyir, münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...