Nazir müavini: “Azərbaycan Aİ ilə davamlı tərəfdaşlıqda maraqlıdır”
Bakıda "Azərbaycanda Mobillik naminə Tərəfdaşlıq" beynəlxalq konfransı keçirilib.
APA-nın məlumatına görə, konfrans Azərbaycanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanla Mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək" layihəsinə həsr olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi layihənin dəstəkçisi qismində çıxış edir.
Tədbirdə iştirak edən XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev bildirib ki, mobilliyin asanlaşdırılması Aİ ilə Azərbaycan arasında daim əməkdaşlıq mövzusu olub: "Viza sadələşdirilməsi və readmissiya sazişi bu sahədə ümumi məqsədlərin icrası üçün faktiki imkan yaradıb. Azərbaycan Aİ ilə davamlı tərəfdaşlığın davam etdirilməsində maraqlıdır. Miqrasiya sahəsində də əməkdaşlıq genişləndiriləcək".
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə layihə ilə bağlı təmsil etdiyi qurumun əsas məqsədinin Azərbaycan rəsmiləri ilə miqrasiya və mobillik sahəsində əməkdaşlıq etmək olduğunu deyib: "Bu əməkdaşlıq viza sadələşdirilməsi və readmissiya sazişinin imzalanmasından sonra daha da güclənib. Mobillik, miqrasiya və sərhədlərin qorunması bu sahədə əməkdaşlığmızın əsas istiqamətləridir. Bu layihə mobillik üzrə əməkdaşlıq üçün öhdəliklərin yerinı yetirilməsi üçün yaxşı başlanğıcdır. Layihə 2016-cı ilin yanvarında başlayıb. Layihəni icra etmək üçün 3 ilimiz var".
806 dəfə oxundu