ABŞ ordu komandanı: “Ruslar çox sürətlə hərəkət edir”
Avropadakı ABŞ qoşunlarının komandanı general-leytenant Ben Hodces deyib ki, Rusiya böyük ordu birləşmələrini sürətlə hərəkət etdirirOnun sözlərinə görə, NATO Şərqi Avropada böyük həcmlərdə qüvvə cəmləşdirmək sürətində Rusiya ordusundan geri qalır.
Ben Hodces BBC-yə müsahibəsində deyib ki, “ruslar böyük qoşun birləşmələrini və hərbi texnikanı uzaq məsafələrə yeritməkdə çox sürətlidirlər”.O deyib ki, NATO-nun da belə çevikliyə malik olması lazımdır. “Üç gün müddətində biz bunu etməyə qabil olmalıyıq” –general deyib.
General Hodces müsahibəni 24 NATO üzvünün 31 min əsgərinin iyunun 7-17-də Polşada keçirdiyi “Anaconda-16” təlimləri zamanı verib. Qərb təhlilçiləri bildirirlər ki, Rusiyanın 2014-cü ildə Krımı qəflətən ilhaq etməsindən və hələ 2008-ci ildə Gürcüstanla müharibədən bəri Moskvanın niyyətləri onun qonşularında və keçmiş sovet respublikalarında xof yaradıb.
NATO-nun gələn ay Varşavada keçiriləcək növbəti sammitində də Rusiya təhlükəsinin gündəliyin birinci məsələsi olacağı gözlənilir. Rusiya Krımın ilhaqından bəri Ukrayna sərhədlərində bir neçə irimiqyaslı hərbi təlim keçirib.
"Məni narahat edən hərəkət sərbəstliyidir. Onlar hər dəfə qəfil təlimlər keçirəndə bu, mənim üçün gözlənilməz olur. Məni qorxudan da elə budur” –general Hodces bildirib.
ABŞ komandanı bildirib ki, Rusiya vahid bir ölkə kimi öz ərazisində qoşunları bir nöqtədən başqa nöqtəyə çevik hərəkət etdirir, lakin Şərqi Avropa çox sayda ölkədən ibarət olduğuna görə NATO belə çevikliyə malik ola bilmir.General bu problemin aradan qaldırılması üçün “hərbi Şengenin” yaradılmasını təklif edir.
ABŞ komandanı deyib ki, Rusiya hazırda NATO ölkələri ilə sərhədə 20 minlik qoşun yığmaq iqtidarındadır. Generalın fikrincə Rusiya bunu Gürcüstan və ya Ukraynada da edə bilər. NATO hazırda Polşa və üç Baltikyanı dövlətdə hər biri min əsgərlik 4 batalyon yerləşdirməyə hazırlaşır.
General deyib ki, NATO bir vaxtlar Avropadan çıxarılmış silahları geri gətirir."Mən Rusiyanı, Birləşmiş Ştatları və ya Birləşmiş Krallığı və ya Almaniyanı və ya hər hansı başqa ölkəni dağıtmağa qadir yeganə təhlükə kimi görürəm. Çünki onların nüvə qüvvəsi var və onlar nüvə silahlarından yaman çox danışırlar” –general Hodces deyib.
811 dəfə oxundu