“Gedənlərə yaxşı yol...” - Müsavatdan istefalar reaksiya

“Gedənlərə yaxşı yol...” -


Müsavat Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı başda olmaqla, bir qrup gəncin son günlərdə Müsavat Partiyasından istefa vermələrinə partiya rəhbərliyindən mayın 10-da münasibət bildirilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, həmin şəxslər partiya ilə münasibətlərini, partiya fəaliyyətlərini Müsavat Partiyasının 2014-cü ildə keçirilən 8-ci qurultayından sonra faktiki olaraq dayandırmışdılar. İndi, sadəcə, gedişlərini rəsmiləşdirirlər: “Gedənlərə yaxşı yol. Kimin nə qədər gücü varsa, o qədər qaldı. Gedənlərə yaxşı yol, gedib öz işləri ilə məşğul olsunlar. Müsavatdan onlar əslində çoxdan ayrılmışdılar və Müsavatda fəaliyyət göstərmirdilər”.

“Həmin gənclərin gedişini partiya üçün itki sayırsınızmı” sualına G.Aslanlı belə cavab verib: “Onlar çoxdan ayrılıb gediblər. O dövrdə gedən vaxtı gedişləri itki idi. İndi isə fərqli durumdur, çünki onlar iki ilə yaxındır partiyada heç bir fəaliyyət göstərmirdilər. Ona görə də indiki qərarları Müsavat Partiyası üçün itki anlamı vermir”.

G.Aslanlı istefa verənlərin ərizələrinin partiyaya daxil olub-olmadığı haqda məlumata malik olmadığını deyib.

Xatırladaq ki, istefa verən gənclər AĞ Partiya adında yeni siyasi təşkilat yaradacaqlarını və yaxınlarda qurultay keçirəcəklərini bəyan ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...