"Heydər Əliyevin qarşısında quzuya dönmüşdü..."
1994-cü ildə Bişkekdə Qarabağ müharibəsi üzrə atəşkəs sənədinə qondarma “DQR”in də adının salındığını yəqin ki, çoxları bilir. Amma sonradan ermənilərin bu oyununun necə pozulduğu maraqlıdır.
Həmin dövrdə dövlət müşaviri olmuş politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında Heydər Əliyevin bu oyunu necə pozduğunu danışıb.
“Bişkekdə Azərbaycan tərəfindən Afiyəddin Cəlilov iştirak edirdi. Afiyyəddin oradan zəng etdi ki, sənədə Qarabağın da adını ayrıca salmaq istəyirlər. Heydər Əliyev ona imza atmadan dərhal geri qayıtmağı tapşırdı. O vaxt Minsk Qrupunun Rusiyadan olan həmsədri Kazimirov da Afiyəddinin arxasınca Bakıya gəldi. Heydər Əliyev Kazimirova “bu nə oyundur oynayırsınız” deyə təpindi. Bildirdi ki, atəşkəs Ermənistanla Azərbaycan arasında imzalanır, "Qarabağ respublikası" deyilən bir şey yoxdur, sənəddə yalnız Dağlıq Qarabağın Azərbaycan və erməni icmasının adı ola bilər. Kazimirov Heydər Əliyevin qarşısında quzuya dönmüşdü, axırda o, deyilənlərlə razılaşdı və “Baş üstə” deyə bildirdi. Azərbaycan tərəfi imzaları Bakıda atdı, Kazimirov sənədi Ermənistana apardı. Orada da imzalar atılandan sonra sənədin bir nüsxəsi Bakıya göndərildi. Beləliklə, ermənilərin ən çox istədiyi planın qarşısı alındı”, - Q.Hüseynli bildirib.
808 dəfə oxundu