“Borc içində olduğu bildirilən ADY xarici ölkələrə kömək edirmiş”

“Borc içində olduğu bildirilən ADY xarici ölkələrə kömək edirmiş”
“Artıq iki ildən çoxdur ki, Bakı-Balakən sərnişin qatarı işləmir. Əvvəllər bunun pandemiya ilə bağlı olduğu bildirilirdi. Lakin şəhərlərarası avtobus reysləri işə salınandan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı açıqlama verdi ki, sərnişin qatarlarının işləməməsi pandemiya ilə əlaqəli deyil”.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
“Sonralar ADY rəhbərlərinin çıxışından belə anlaşılırdı ki, ADY-nin xeyli borcu var, dəmir yol xətlərində problemlər var, yenilənmələr aparılmalıdır, nə zaman başa çatacağı ilə bağlı da heç bir ağlabatan açıqlamalar verilməyib”, - AİF prezidenti bildirib.

O. Gündüz ADY QSC-nin rəsmisinin verdiyi açıqlamanı xatırladaraq yazıb:

“Ötən gün Azərbaycan Dəmir Yolu QSC-nin departament rəhbəri Emil Əhmədov maraqlı bir açıqlama verib. O, son zamanlar Gürcüstan və Azərbaycan arasında yükdaşımalarda yaranan problemin Gürcüstan tərəfinin mövcud dəmir yol infrastrukturunun zəif olması ilə izah edib. Yəni hazırda Azərbaycandan Gürcüstana doğru TIR növbələri ilə yanaşı qatarların da tıxacının yaranmasını Gürcüstanın imkanlarının yetərli olmaması ilə izah edib. Maraqlı məqam odur ki, Emil müəllim vəziyyətdən çıxış yolu üçün təcili olaraq Gürcüstana köməklik göstərdiklərini, çox sayda elektrovozlar və lokomativlər təqdim etdiklərini bildirib.
Deməli, buradan belə qənaətə gəlmək olar ki, ADY investisiyanı qonşu ölkələrin infrastrukturuna yatırdığından daxili xətlərin bərpasına vəsait çatışmır. Anlaşılmazdır. İki ildir ki, bu təbii inhisar subyekti sərnişin daşınmasını dayandırıb. Xətlərin yenilənməsi üçün heç bir yenidənqurma işləri aparmır, bununla əlaqəli heç bir ağlabatan məlumat vermir. Xatırlayıram ki, bir müddət öncə Asiya İnkişaf Bankı da ADY-nın borc içərisində olması haqqında hesabat paylaşmışdı. Amma ADY yükdaşımalarda problemi olan Gürcüstana kömək əlini uzadır.

Bunu necə anlamaq olar ?

Belə çıxır ki, bir neçə uğurlu beynəlxalq layihəni gerçəkləşdirən, yükdaşımalarda aktivlik göstərən qurum sərnişindaşımanı, ümumiyyətlə, bir kənara atıb. Düşünürəm ki, bütün bunlar doğru bir yanaşma deyil. Aidiyyatı qurumlar bu məsələyə diqqət yetirməlidir.

Bəlkə, ADY-ni özəlləşdirməyə çıxarmaq doğru olardı?

Bildiyim qədər Antiinhisar Dövlət Xidməti də Azərbaycan Dəmir Yollarına qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırıb.

Ümid edirəm, bu məsələ diqqətdə saxlanacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2119 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...