Putin əməliyyat olunacaq - Prezident Rusiyanı ona etibar edəcək

Putin əməliyyat olunacaq -

Qərb mətbuatı yenidən Rusiya prezidenti Vladimir Putinlə bağlı gözlənilməz hallar yaranarsa, bir müddət Rusiyanı kimin idarə edə biləcəyi ilə bağlı versiyadan yazıb.

Modern.az-ın məlumatına görə, Britaniyanın "The Sun" qəzeti Kremldəki mənbələrə istinadən yazıb ki, Rusiya lideri xərçəng xəstəliyinə görə əməliyyat olunacaq. İddia olunur ki, onun əməliyyata məruz qaldığı müddətdə Rusiyanı Təhlükəsizlik Şurasının 70 yaşlı katibi Nikolay Patruşev idarə edəcək.

Kremlin adı açıqlanmayan rəsmisi bildirib ki, Putin yaxın ətrafı ilə qarşıdan gələn tibbi prosedurları müzakirə edib və onu kimin əvəzləyəcəyini müəyyənləşdirdiyini söyləyib.

Rusiya lideri yaxın ətrafına deyib ki, o, vəzifə başında olmadığı qısa müddətdə - tutaq ki, iki-üç gündə ölkənin faktiki idarəçiliyi Patruşevə keçir.

Mənbə bunu ən pis variant hesab edib. Onu da əlavə edib ki, Putində onkoloji problemlər yarandığı, Parkinson xəstəliyinə tutulduğu, şizoaffektiv pozğunluğu olduğu ən yaxın ətrafına bəllidir.

O, Putindəki xeyli xəstəliklərin irəlilədiyini də qeyd edib.

Xarici ekspertlər qeyd edirlər ki, Putin mayın 9-dan əvvəl bıçaq altına girməyəcək. Bu o deməkdir ki, Ukraynaya rəsmən müharibə elan etməyə və Rusiyada tam səfərbərliklə bağlı əmr imzalamağa vaxtı ola bilər.

Nikolay Patruşev 2008-ci ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibidir. 1999-2008-ci illərdə o, Putini əvəzləyərək Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edib. Hər ikisi əmək fəaliyyətinə SSRİ DTK-nın Leninqrad vilayətindəki bölmələrində başlayıb və yolları kəsişdiyi andan Patruşev Putinin əsl müttəfiqi olaraq qalıb.

Rusiyalı politoloq Andrey Piontkovski hesab edir ki, 1999-cu ildə Rusiyanın Moskva, Buynaksk, Volqodonsk şəhərlərindəki yaşayış binalarının partladılmasında Patruşevin bilavasitə əli olub.

Patruşevin “FSB”yə rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanının Qərbə qaçan zabiti Aleksandr Litvinenko polonium-210 radioaktiv kimyəvi elementi ilə öldürülüb. Litvinenko Rusiyada yaşayış binalarında baş verən partlayışların arxasında yerli xüsusi xidmət orqanlarının dayandığını ilk deyənlərdən olub.

Patruşev Ukraynadakı müharibə strategiyaslnın əsas memarı və Putini Kiyevin neonasistlər tərəfindən işğal edildiyinə və ABŞ-ın Rusiyanı bir dövlət kimi məhv etməyə çalışdığına inandıran şəxs hesab olunur. Ümumiyyətlə, Patruşev dünyanın bütün problemlərinə görə ABŞ-ı günahlandıran rus məmur hesab olunur. Onun sözlərinə görə, Ukraynanı atom silahı hazırlamağa təhrik edən və ona kömək edən amerikalılar olub ki, Kiyev tez bir zamanda nüvə bombası hazırlasın və Rusiyanı bununla hədələsin.

"Məlum oldu ki, Kiyev rejimini bioloji və nüvə silahlarının yaradılmasında həvəsləndirən və ona kömək edən amerikalılardı. Ukraynada bunun üçün hər şey var – mütəxəssislər, texnologiyalar, xammal və s. Biz quduz, idarəolunmaz millətçilərə imkan verə bilməzdik ki, nüvə silahına sahib olsunlar”, - Patruşev martın 15-də deyib.

Patruşev Putinlə birlikdə Ukraynanı NATO-ya üzv olmaq imkanından məhrum etmək ideyasını irəli sürüb. Təhlükəsizlik Şurasının katibi fevralın 21-də Federasiya Şurasının tarixi iclasında, "Ukraynanın NATO-ya daxil olma ehtimalını istisna etməklə, faktiki olaraq neytral statusa nail olmaq lazımdır" deyib.

Məhz Patruşev Rusiya Federasiyasına nüvə silahından ilk istifadə etmək imkanı verməyə çalışan şəxsdir.
2009-cu ildə Patruşev müsahibələrinin birində demişdi ki, onun nəzarəti altında hazırlanmaqda olan yeni Rusiya hərbi doktrinasında regional və hətta yerli münaqişələrdə Rusiya Silahlı Qüvvələri tərəfindən qabaqlayıcı nüvə zərbəsi endirilməsinin mümkünlüyü nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...