“Növbəti seçkilərdə də namizədliyimi irəli sürəcəm” - Elza Seyidcahan
Əməkdar artist Elza Seyidcahan Milli Məclisə keçirilmiş 1 noyabr seçkilərdən sonra mediada və social çəbəkələrdə haqqında yazılan şayiələrdən yorulduğunu bildirib. Xanım sənətçi seçkilərdəki iştirakını həyatında uğurlu addım kimi qiymətləndirir. Bütün deyilənlərə son qoyulması üçün isə Elza Seyidcahan Modern.az saytına müraciət edib.
Müğənninin müraciətini olduğu kimi təqdim edirik: “Bir neçə gündür ki, Ankara şəhərində Bəstəkarlar İttifaqının rəhbərliyi ilə nəhəng bir layihəyə imza atmışıq. Çox heyfislənirəm ki, bəzi saytlar bunu “Ankara sərgüzəşti” adlandırdılar və şouya çevirdilər. Necə ki, dağ boyda sənətimin fəlsəfəsinə varmağa cəsarətləri çatmadığı üçün bunu şou, ucuz reytinq adlandırırlar.
İndi də mən demokratik ölkəm olan müstəqil Azərbaycanımda şərəfli yolda addım atdım. Millət vəkilliyinə namizədliyimi irəli sürdüm və bir daha fəxr etdim ki, nə yaxşı ki, mən Odlar Yurdu Azərbaycandanam. Özümə qarşı dövlətimizin, xalqımızın, Yeni Azərbaycan Partiyasının, Mərkəzi Seçki Komissiyasının möcüzanə mərhəmətini görəndə hətta dəfələrlə kövrəldim.
Nəyə görə axı siyasəti şouya çevirirsiniz?! Ayıb deyil?! Məgər vətənimə, xalqıma, dövlətimə, partiyama xidmət etmək istəyənləri cəzalandırırlar?! Niyə bu qədər dar düşünür bəziləri?! Əgər bəzi saytlar reklam olunmaq istəyirlərsə, siyasətimizi şoulaşdırmasınlar! Mən sizə tövsiyə edirəm ki, gəlin mənimlə duet oxuyun. Sonra əlinizi qoyun qulağınızın dibinə, istirahət edin. Ömrünüzün axırına kimi nəinki gündəmə, hətta tarixə düşün. Siz görün məni özümdən necə çıxartdınız ki, mən bu sözləri işlədirəm. Nə haya-küyə düşmüsünüz?..
Elza alnıaçıq və üzüağ şəkildə bu şərəfli işini həyata keçirdi. İndi də həyatına, sənətinə davam edir. Müstəqil Azərbaycan dövlətinin rəhbərliyinin siyasətindən ilhamlanaraq bu yola ürək edib gəldi Elza. Nə yaxşı ki, aşiq oldu bu yola.
Növbəti seçkilərdə inşallah, yenə namizədliyimi irəli sürəcəm. YAP-ın dəstəyi və rizası ilə… YAP ağıllı övladlarını cəzalandırmır. Ağı qaradan, pisi yaxşıdan ayırırlar. Çünki ulu öndərimiz Heydər Əliyev yoludur yolumuz”.
1086 dəfə oxundu