“Azərbaycanda tolerantlıq ənənələri yüksək səviyyədədir” Allahşükür Paşazadə
“Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Bu, bizim fəxarət, qürur mənbəyimizdir”.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Stokholmda keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda elmi konfransda deyib.
A. Paşazadə bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub, milli və dini tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir. QMİ sədri qeyd edib ki, müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi dünyada tanınır. Qarabağ probleminə də toxunan A. Paşazadə Azərbaycanın bu məsələnin sülh yolu ilə həllinə çalışdığını deyib: “Qarabağ probleminin həlli ilə bağlı məsələdə də unutmur, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında, ədalətli, sülh yolu ilə həllində israr edirik. Terrordan, təcavüzdən əziyyət çəkmiş Azərbaycan xalqı bu bəlanın nə olduğunu yaxşı bilir. Ötən əsrin sonlarında erməni ekstremistləri tərəfindən əzəli Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış, Xocalı soyqırımını yaşamış biz azərbaycanlıların həyəcan təbili, təəssüflər olsun ki, dünya birliyi tərəfindən vaxtilə lazımi diqqətlə qarşılanmadı. Biz terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəni dəstəkləyirik”.
1457 dəfə oxundu