Nizami Cəfərovdan dərsliklərdəki vulqar sözlərlə bağlı - Açıqlama
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, millət vəkili Nizami Cəfərov son günlər sosial şəbəkələrdə bəzi dərs vəsaitlərindəki vulqar sözlərdən ibarət mətnlərin geniş müzakirə olunmasına münasibət bildirib. N. Cəfərov “Qafqazinfo”ya açıqlamasında dilin mürəkkəb bir mexanizm olduğunu bildirib:
“Orta məktəb dərsliklərində də sadəcə olaraq dil öyrədilmir, dilçilik elmi öyrədilir. Yəni dilin təbiəti, xarakteri. Dildə nə varsa, hamısı öyrədilməlidir, yəni orta məktəb şagirdinin səviyyəsində. Bunlar dildə, dilçilikdə, istənilən dilin quruluşunda, təbiətində, sistemində olan hadisədir və bunlar öyrədilməlidir. Orta məktəb dərsliklərində də müəyyən bir ədəblə normativlərə uyğun olaraq misallar verilir, həm klassik ədəbiyyatdan, həm də müasir danışığımızdan. Bizim gənclərimiz bunu öyrənsinlər, onsuz da onu bilirlər. Bizim gənclərimizin vulqar sözləri bilirlər də, həmin sözləri işlədirlər də. Bura əsasən dialekt sözləri, alınma sözlər aiddir. O alınma sözlər ki, onlar ədəbi dil tərəfindən alınmayıb, belə deyim ki, bir növ normadan kənar sözlərdir. Onlar da vulqarizmlərə aiddir. Bir də kobud sözlər, təhqiramiz sözlər, söyüşlər - bunlar da ora daxildir və misallar da verilir, onun ədəbi norması da verilir.
Xüsusilə, 8-ci sinif dərsliyində, müzakirə olunan daha çox budur. Buna ehtiyac var və bu verilməlidir. Birinci ona görə verilməlidir ki, şagirdlər dildə belə bir hadisənin olmağını bilsinlər. Adı ilə, təhlili ilə. Bilsinlər ki, bəli, dilin belə bir xüsusiyyəti var. İkincisi, həmin xüsusiyyətlərin ədəbi normada necə olmağını bilsinlər. Heç kim heç kimi bunun üstündə tənqid edə bilməz, ona qadağa da qoya bilməz ki, kimsə dialekt sözü işlətsin, kimsə vulqar sözü işlətsin. Bunlar məişət dilinin xüsusiyyətidir. Bu cür ifadələr, bu cür sözlər istər-istəməz işlənir və bizim gənclərimiz onları yaxşı bilir. Dərslikdə verilən sözlərin hamısını gənclərimiz bilir və işlədirlər, ən azı şəhər mühitində. Bu artıq belə deyim ki, çox qeyri-elmi və qeyri-dəqiq söhbətdir ki, bu sözlər dərsliyə niyə düşür? Elə deyil, bu sözlər bizim şüurumuzda, təfəkkürümüzdə, xüsusilə gənclərimizin nitqində var. Bunu həyat, məişət, münasibətlər təkidlə gənclərimizin dilinə təqdim edir.
Dünyanın hər yerində belədir. Gənclər bu cür sözlərdən yox, ədəbi sözlərdən yalnız istifadə edib danışırlarsa, bu, psixoloji cəhətdən mümkün deyil. Bu cür sözlərin işlənməsinin psixoloji yeri var. İndi biz məsələn, deyək, iclaslarda, tədbirlərdə, geniş cəmiyyət içərisində, rəsmi məclislərdə, lap elə qeyri-rəsmi məclislərdə mümkün qədər çalışırıq ki, ədəbi dildə danışaq. Amma ailəmizdə, məişətdə biz də dialekt sözləri işlədirik. Yəni yaşlı nəsildən söhbət gedir, oxumuş adamlardan söhbət gedir. Bu, həmişə var və işlənəcək. Hətta görürsən ki, bir akademik elmi məclisdə ədəbi dildə danışır, amma öz ailəsində gedəjəm, gələjəm deyir, tak şto deyir, voobşe deyir, znaçit deyir. Bu istər-istəməz danışıq dilinin təbiətidir, amma yazanda bunlar işlənmir”.
N. Cəfərov əlavə edib ki, bizim dilimizdə bu gün küllü miqdarda rus dilindən alınmış sözlər var: “Onların mütləq əksəriyyəti jarqon leksikasına aiddir. Yəni onlar ədəbi dil sözləri deyil. Bizim dilimizə rus dilindən ədəbi sözlər çox az keçib, bir neçə dənə. Məsələn, bu gün də kimsə kiməsə müraciət edəndə, əgər o polis işçisidirsə, hər hansı bir rütbə daşıyırsa, ona nəçənnik deyirik. Bu, jarqondu və ədəbi-normativ söz deyil. Yani heç bir ədəbilik deyəndə heç bir ədəbsizlik hiss etmirik. Ona görə də bu tipli sözlərin dərsliklərimizdə verilməsi- hətta bundan da çox verilə bilər – tamamilə məqbuldur. Bu, iki məqsəddən irəli gəlir. Birinci məqsəd – dil hadisəsi kimi elmi olaraq bu, öyrənilməli və bilinməlidir. Hər bir azərbaycanlı bilməlidir ki, bəli, dilin təbiətində belə şeylər də var.
Mütəxəssislər üçün bu çox adi və sadə bir şeydir və onlar işlənilməlidir. İkinci bir tərəfdən həm də bizim gənclərimiz bilməlidir ki, bu jarqon sözün yerinə hansı ədəbi söz işlədilir, bu jarqon ifadənin yerinə hansı ədəbi normativ ifadə işlədilir. Onu müqayisədə bilirlər. Odur ki, dərslik müəllifləri tamamilə doğru ediblər və bu, olmalı bir hadisədir. Və kimsə bunu müzakirə edib bu cür sözlərin dərsliklərdə verilməsinə belə qeyri-normativlik, ədəbsizlik və yaxud gəncliyi düz yola çəkməmək kimi baxırsa, demək onun dünyadan xəbəri yoxdur”.
1291 dəfə oxundu