“AZAL” ucuz qiymətə Bakı-Moskva reyslərinə başladı – 99 AVRO

“AZAL” ucuz qiymətə Bakı-Moskva reyslərinə başladı –


“Azərbaycan Hava Yolları” (AZAL) 2015-ci il oktyabrın 25-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır. AZAL-dan fins.az-a verilən məlumata görə, AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanılıb. Uçuşlar “Airbus A320” təyyarəsi ilə hər gün həyata keçiriləcək.

Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir. Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (8 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.
Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının II terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da Vnukovo hava limanına çatacaq.

Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.
Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.

“Azərbaycan Hava Yolları” böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış konsaltinq şirkəti "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı inqilabi müasirləşdirilməsi nəticəsində postsovet məkanında və Şərqi Avropa ölkələrində bir nömrəli oldu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...