Bakının yol polisi baykerlərə qarşı “müharibə” elan etdi

Bakının yol polisi baykerlərə qarşı “müharibə” elan etdi


Çox təəssüf ki, bu gün bəzi gənclər motosikletin nəqliyyat vasitəsi olduğunu unudur, ondan əyləncə və ya adrenalin alınması vasitəsi kim istifadə edirlər. Hamı bilməlidir ki, gün ərzində yatmağa üstünlük verib, sonra gecələr paytaxtda yüksək sürətlə motosikleti idarə edənlərin, səsgücləndiricilərlə və müxtəlif təhlükəli oyunlarla ətrafdakıların narahatlığına səbəb olanların qarşısı tərəfimizdən alınacaq.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, Bakı şəhərinin inzibati ərazisində yol hərəkəti qaydalarını pozaraq yüksək sürətlə hərəkət edən, işıqforun qırmızı işığına məhəl qoymadan nəqliyyat vasitələrinin arasından labirint formalı hərəkətlər edən motosiklet sürücülərinə rast gəlinir: “İlin əvvəlindən bu günədək Bakıda motosikletçilərin günahı ucbatından 24 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Polis tərəfindən motosiklet sürücüləri arasında nizam-intizamın yaradılması üçün 300-dən artıq inzibati protokol tərtib edilib. Bu gün 10 motosiklet yol hərəkətindən uzaqlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacağa aparılıb. Dünən Bakı şəhəri üzrə sərxoş sürücülərlə mübarizə tədbirləri çərçivəsində 5 motosiklet sürücüsünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və müvafiq sürücülük kateqoriyası olmadan idarə etməsi aşkarlanaraq barələrində müvafiq tədbirlər görülüb. Yollardakı müşahidə kameraları vasitəsilə gün ərzində onların hərəkəti izlənilir, yol verilən qayda pozuntuları ilə bağlı fotomateriallar hazırlanır”.

V.Əsədov bildirib ki, motosiklet sürücüləri yollarda hərəkət edərkən digər iştirakçılar kimi yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyə borcludurlar: “Motosiklet sürücülərinin müvafiq qoruyucu geyimi, başlarında dəbilqəsi olmalıdır. Onlar da digər nəqliyyat vasitələrinin sürücüləri kimi sürət həddinə diqqət etməlidirlər. Azərbaycan qanunlarına görə, avtomagistrallarda nəqliyyat vasitələrinin maksimal sürət həddi saatda 110 km/saatdır. Lakin motosiklet sürücüləri bu həddi az qala iki dəfə aşır, yolda hərəkət zamanı təhlükəli oyunlar nümayiş etdirirlər. Bəzən motosiklet sürücüləri hətta polisin qanuni saxla əmrinə də tabe olmurlar və yayınmağa çalışırlar. Həmin sürücülərin tərəfimizdən saxlanılması üçün müvafiq tədbirlər görülür. Bu günədək polisə tabe olmayan 7 motosiklet sürücüsü barəsində axtarış elan edilməsi barədə raport verilib”.

Yol polisi sözçüsünün fikrincə, son zamanlar motosiklet sürücülərinin, baykerlərin aqressivləşməsi onların cəmiyyətdə bəzi şəxslər tərəfindən dəstəklənməsi ilə əlaqədardır: “Lakin onlar unutmamalıdırlar ki, motosiklet sürücüsünün özbaşınalığı ucbatından baş verən qəza hadisələrində bizlərdən, onlardan biri ölə və ya xəsarət ala bilər. Son zamanlar paytaxt sakinləri tərəfindən İdarəyə axşam saatlarında, əsasən də gecələr motosiklet sürücülərinin, xüsusən də onların qrup halında kobud hərəkətləri ilə bağlı müraciətlər daxil olur. Vətəndaşlar müraciətlərində sürücülərin qəsdən qorxunc səslər çıxardıqlarını bildirirlər. Sakinlərin belə faktlardan narahat olması həmin sürücülər barəsində təsirli cəza tədbirlərinin görülməsi zərurətini yaradır. Təbii ki, biz paytaxt yollarında hərəkət edən motosikletlərin sayının artmasının tərəfdarıyıq. Bu yollarda sıxlığın, tıxacların, ətraf mühitə atılan zərərli qazların azalmasına müsbət təsir edir. Lakin bu, özbaşınalıq və qudurğanlıq həddində yox, qanun çərçivəsində olmalıdır. Ona görə də hər bir hərəkət iştirakçısı belələrinə qarşı ciddi mübarizə aparmalıdır. Bu gün motosiklet sürücüləri arasında qrup yaradıb Dövlət Yol Polisi əleyhinə məlumatlar yaymağa cəhd edənlərə isə sözümüz budur ki, etdiyiniz hərəkətlər, qayda pozuntuları nə vaxtsa elə sizinlə baş verə biləcək yol qəzaları zamanı üzə çıxaraq sizə və ətrafınızdakılara zərər verəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...