Gömrük Komitəsinin hesabındakı vəsaitlərdən kreditlər verilməsi qadağan edilib

Gömrük Komitəsinin hesabındakı vəsaitlərdən  kreditlər verilməsi qadağan edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nı təsdiq edib.

APA-ın məlumatına görə, bu Qayda gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən, gömrük yığımları və haqlardan Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə qaydasını müəyyən edir.

Vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. Vəsaitin 60 faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Vəsaitdən kommersiya fəaliyyətinə sərmayələr qoyulmur və kreditlər verilmir. Vəsaitin xərclənməsinə Maliyyə Nazirliyi nəzarət edir.

Vəsait aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- gömrük müşayiətinə görə gömrük yığımları;
- malların saxlancına görə gömrük yığımları;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları;
- bankların və bank olmayan kredit təşkilatlarının Komitənin reyestrinə daxil edilməsinə görə gömrük yığımları;
- malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
- gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları;
- malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları;
- gömrük hərraclarında iştiraka görə onun iştirakçılarından alınan haqq;
- gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait;
- gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlərlə əlaqədar tətbiq olunmuş cərimələr.

Vəsait aşağıdakı tədbirlərin maliyyələşdirilməsi üçün yönəldilir:

- gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi;
- gömrük işi sahəsində elmi-texniki potensialın artırılması;
- elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılması;
- beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsi;
- gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının pul kompensasiyasının ödənilməsi;
-gömrük orqanları əməkdaşlarının əlavə təhsil alması;
-daimi yaşayış sahəsinə ehtiyacı olan gömrük orqanlarının vəzifəli şəxslərinin mənzillə təmin edilməsinin maliyyələşdirilməsi;
- gömrük orqanlarının vəzifəli şəxslərinin kollektiv və fərdi qaydada mükafatlandırılması.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 25 dekabr 1997-ci il tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları” ləğv edilib. “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na əsasən gömrük sisteminin inkişaf fondunun vəsaiti Azərbaycan Respublikasında gömrük sisteminin fəaliyyət göstərməsinin təmin edilməsi və inkişaf etdirilməsi, Azərbaycan Respublikasında gömrük işinin təkmilləşdirilməsi, sosial sahənin inkişaf etdirilməsi, gömrük orqanlarının, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeçiliyində olan elmi müəssisə və təşkilatların və tədris müəssisələrinin saxlanmasına, maddi-həvəsləndirici və sosial-mədəni fondunun artırılmasına yönəldilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...