“NİDA-çılar aclıq aksiyası keçirmirlər” - Penitensiar Xidmətdən açıqlama

“NİDA-çılar aclıq aksiyası keçirmirlər” -


Mehman Sadıqov: “Ola bilər ki, diqqəti üzərlərinə cəmləmək üçün bu yola əl atsınlar”

Oktyabrın 10-dan etibarən 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən NİDA-çı məhbuslar Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanlı aclıq aksiyası keçirirlər. Məhbuslar aksiyaya səbəb kimi B.Məmmədova qarşı müəssisədə olan qərəzli münasibəti göstərirlər.

NİDA-çıların vəkillərindən olan Əsabəli Mustafayev aksiyada son durumdan xəbərsiz olduqlarını söylədi: “Biz vəkil olaraq cəzaçəkmə müəssisəsinə zəng edə bilmirik. Məhbuslardan da bizə zəng gəlməyib. Aksiya barədə son durumu Penitensiar Xidmət rəhbərliyi və ya cəzaçəkmə müəssisəsinin rəhbərliyi daha yaxşı bilərlər. Yaxşı olardı ki, onlara müraciət olunsun. Hər gün həbsxanaya da gedə bilmirik. İşlərimiz çox olur. Valideynləri ilə əlaqə saxlayacam. Ola bilər ki, məhbuslar valideynlərinə zəng etsinlər. Həftənin son şənbə və bazar günləri vəkilləri həbsxanaya buraxmırlar. Vəziyyətdən asılı olaraq, nəsə bir kritik məsələ olsa, vəkillərdən ya mən ya da digər biri gedəcəyik”.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov “Yeni Müsavat”a açıqlamasında ilginc iddiada bulundu: “Onlar aclıq aksiyası keçirmirlər. Vəkilləri deyirlər ki, aksiya keçirirlər, tamamilə səhv məlumatdır. Adı çəkilən məhbuslardan heç biri aksiya keçirmir. Bu məsələni dərindən araşdırdım. Orada elə bir şərait, rəftar yoxdur ki, aksiya keçirsinlər. Ola bilər ki, diqqəti üzərlərinə cəmləmək üçün bu yola əl atsınlar. Amma heç aksiyaya belə başlamayıblar. Hər hansı bir məhbusun daxili intizam qaydalarını pozması ilə bağlı bu və ya digər tənbeh tədbiri görülməsi barədə verdiyiniz sualı şərh etmirəm. Son illərdə məhbus və ya təqsirləndirilən şəxsin vəkillərinin, yaxınlarının həqiqətə uyğun olmayan məlumatları mətbuata ötürmələri halları çoxalır. Mətbuat da bunu araşdırmamış verir, sonra da bizə zəng edib mövqeyimizi öyrənmək istəyirlər. Düşünürəm ki, bu həmin məhbusların bu və digər məsələlərini gündəmdə saxlamaqdır. Heç bir məhbus kobud rəftara məruz qalmır. Ola bilər ki, daxili intizam qaydalarını pozduğu üçün hansısa bir məhbus tənbeh olunsun. Çünki onlarla önləyici tədbir almaq üçün aparılan söhbət bəzən nəticə vermir. Hər bir məhbus bildiyi kimi hərəkət etsə xaos olar. Məhbuslardan ən çox o tələb olunur ki, daxili intizam qaydalarına ciddi riayət etsinlər. Kiminsə bizim üçün həbsindən öncə hansısa bir vəzifə tutması, yaxud siyasi mənsubiyyətinin olması əhəmiyyətli deyil. Qanun hamı üçün birdir, hər kəs də riayət etməlidir”.

***

Həbsdə olan, siyasi məhbus kimi tanınan fəallardan “Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucov oktyabrın 13-də ailəsi ilə əlaqə saxlayıb. Kanal rəhbərinin həyat yoldaşı Lamiyə Orucova onun son durumu ilə bağlı bunları dedi: ”Telefonla əlaqə saxladıq. Bütün dostlarına, həmkarlarına salam söylədi. Dedi ki, hər şey qaydasındadır. Bir balaca təzyiqində problemlər var. Əziz müəllimin növbəti məhkəmə prosesi oktyabrın 17-də saat 11:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində olacaq".

“Jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlu günlər öncə köçürüldüyü 2 saylı cəzaçəkmə müəssisəsində hələ də karantindədir. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verdi: “Onun barədə hələ ki tam məlumatım yoxdur. Növbəti həftə onunla görüşməyi planlaşdırıram. Görüş üçün Penitensiar Xidmətə məktub göndərmişəm. Məhbus cəzaçəkmə müəssisəsinə köçürüldüyü gündən 14 gün sonra karantindən çıxarılır. Fikrət bəyin bir həftəsi qalıb. Apelyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasınıa tam qanunsuz hesab edirik. Bununla bağlı Ali Məhkəmə edəcəyik. Fikrət bəyin işinin artıq üçü Avropa Məhkəməsindədir. Əsas işdə yekunlaşandan sonra Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Oktyabrın 13-də Bakının Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib. Bu barədə vəkil Zübeydə Sadıqova məlumat verib.

Nəsimi rayon Məhkəməsi Ə.Muxtarlının həbs müddətinin dekabrın 19-dək uzadılması barədə qərar qəbul edib. Müdafiə tərəfi jurnalistin həbsdə saxlanmasını əsassız sayır.

Həmçinin AXCP sədrinin müavini Gözəl Bayramlının həbs müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsi verilən şikayəti təmin etməyib. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Qeyd edək ki, oktyabrın 6-da Nəsimi rayon Məhkəməsi Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin müddətinin daha 2 ay (dekabrın 15-dək) uzadılması barədə qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...