Elman Rüstəmov bank rəhbərləri ilə görüşdü və narazı qaldı
Mərkəzi Bankın sədri Elman Rüstəmov bank rəhbərləri ilə görüşüb. Görüşdə faiz dərəcələri və məsuliyyətli kreditləşmə ilə bağlı müzakirə aparılıb. Bu barədə virtualaz.org saytına bankdan məlumat veriblər. Xəbərdə deyilir ki, Mərkəzi Bank rəhbəri bankların kreditləşdirmə, xüsusilə fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı narazılığını çatdırıb.
Bundan sonra hər istiqamət üzrə konkret tapşırıqlar verib.
E.Rüstəmov banklara qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etmələrini tapşırıb. İstehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırıb. Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib. Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək.
1384 dəfə oxundu