Fermerlər “qan ağlayır”: Mal-qoyun bazarı ölüb
Son günlər ölkə ərazisində ətin ucuzlaşması müşahidə olunur. Heyvan bazarında durğunluq yaranıb. Fermerlər mal-qarasını dəyər-dəyməz qiymətə satmaq məcburiyyətində qalıb. TİA.AZ-ın əməkdaşı cənub bölgəsində reportaj hazırlayarkənbu mənzərə ilə rastlaşıb.
Müxbirimizin verdiyi xəbərə görə, bazarlarda satıcılar “qan ağlayır” və onlar vəziyyətin getdikcə pisləşdiyini qeyd edirlər. Fermerlər isə Kənd Təsərrüfatı Nazirliyinin tezliklə tədbirlər görməli olduğunu bildirirlər. Belə ki, hazırda 20 kiloluq toğlu 80-100 manata satılır. Halbuki, 20 kiloluq qoyunu 200-220 manata çətinliklə əldə etmək olardı. Bazarda 1000 manata olan inək isə 400-500 manata satılır. Mal-heyvan satanlar deyirlər ki, onlar ikiqat zərərlə işləyir.
Azərbaycanın kənd regionlarında mal ətinin qiymətinin ucuzlaşmasını şərtləndirən müxtəlif səbəblər var. Onlardan biri idxalın artımıdır. Rəsmi statistikaya görə, 2014-cü ildə əvvəlki illə müqayisədə Azərbaycana idxal olunan ət 28,2 faiz artıb.
Belə ki, əgər 2013-cü ildə ölkəyə 15 milyon 181 min dolları məbləğində ət idxal olunmuşdursa, 2014-cü ildə bu göstərici 19 milyon 460 min dollar olub. Qiymətin ucuzlaşmasına təsir göstərən başqa bir amil xüsusilə də kənd və rayonlarda ehsan qadağasıdır. Bu səbəbdən əsasən də mal ətinə olan tələbat aşağı düşüb. Ətin qiymətinin ucuzlaşmasında rol oynayan digər amil ailənin büdcəsinin gəlirlərinin azalması ilə əlaqədar olaraq ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsidir.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının qiyməti uyğun olaraq 5,4 və 0,7 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşıb.
1543 dəfə oxundu