Bakıda dəhşət: Həkimlər yeni doğulan 7 körpəni öldürüb, torbalarda basdırdılar
Azərbaycan Səhiyyəsində son illərdə bəzi həkimlərin səhlənkarlıqdan, məsuliyyətsizlikdən və ya tamah məqsədi ilə törətdiyi əməllər və onların faciəli nəticələri istər yüksək dairələr, istərsə də əhali arasında böyük təşviş, narahatlıq yaradır. Bu hadisələrə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vemiş dəhşətli olay əlavə olunub.
37 yaşlı Günay Axundova ağlasığmaz cinayətlə bağlı Axar.az-a danışarkən 2016-cı il aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə doğuş etdiyini, lakin uşağının üzünə həsrət qaldığını bildirib. Hər gün körpəsini ağladığını bildirən çarəsiz qadın uşağın doğuşdan əvvəl tam sağlam olduğunu, doğuşdan sonra isə cəsədini belə tapa bilmədiklərini deyib:
"Doğuşdan bir gün əvvəl 9 saylı qadın məsləhətxanasında ultrasəs müayinədən (USM) keçmişəm, uşaq sağlam idi. Səhəri gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Vüsalə Ağalarova adlı həkim yüksək təzyiqim olduğu üçün doğuşun keysəriyyə yolu ilə olacağını bildirdi. Təzyiqim normasına düşən kimi doğuş baş tutdu. Elə o gündən sonra uşağımı görmədim...”
Uşağın qəbrini də qazdırmışdıq, ancaq...
Doğuşdan 3 gün sonra uşağını görməyi tələb edən qadın aldığı şok xəbərlə sarsılıb:
"Uşağı soruşanda rəngi göy olduğu üçün şüşə altına (küveys) qoyduqlarını, vəziyyətinin yaxşı olduğunu deyirdilər. Yoldaşımdan isə hər gün uşaq üçün bez tələb edirdilər. Üç gün dözə bildim. Uşağımı görməyi tələb edəndə isə həkim uşağın öldüyünü bildirdi. Vəssalam. Sonra isə çıxıb getdi. O gündən indiyə qədər qaranlıq qalan bu böyük cinayətin izi ilə gedirəm”.
Hakimlərin törətdiyi faciə bununla da bitmir. Onlar övladının nəşinin hansı morqda olduğunu soruşan gənc qadına növbəti dəhşətli sirri açıblar:
"Yoldaşım zəng edib uşağın harada olduğunu soruşada həkim ona "lazım olan yerdədir” deyib telefonu söndürüb. Qonşularım soruşanda isə həkim uşağın cəmi 12 saat yaşadığını deyib. Xəstəxanada hamı qorxurdu ki, səs salmayım. Zara adlı şöbə müdiri var idi. Yalvarırdı ki, sakit ol, məsələni böyütmə. Uzun söz-söhbətdən sonra klinikadan sənəd aldım ki, morqa gedim, körpənin cəsədini götürüm. Xırdalanda uşağın qəbrinə qədər qazdırmışdıq”.
İşləməyən soyuducu və kimsəsizlər qəbiristanlığı
Aldığı acı xəbərlərə görə dünyasının alt-üst olduğunu bildirən Günay xanım morqda çalışan şəxsin ona dediyi inanılmaz sözlərdən dəhşətə gəldiyini bildirib:
"Morqda çalışan şəxs bizə körpənin doğulan gün öldüyünü, soyuducu işləmədiyinə görə onun aprelin 7-si Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını dedi. İlahi... Dəhşətə gəldim... Tabutun nömrəsini götürdükdən sonra getdim həmin qəbiristanlığa. Ordan isə mənə uşağın aprelin 12-də yeddi körpə cəsədi ilə bir qutuda gətirilərək elə bir yerdə də basdırıldığını bildirdilər. Halbuki morqdan mənə uşağın ayın 7-si basdırıldığını demişdilər”.
Günay Axundova klinikada Telman adlı baş həkimin cinayəti ört-basdır etmək istədiyini, buna görə ona müxtəlif vədlər verdiyini bildirib:
"Qayıtdım klinikaya. Telman adlı baş həkim məni qəbul etdi. Mənə dedi ki, artıq gecdir, bu məsələni uzatmağın nə mənası var? Səsini çıxarma, səni pulsuz müayinə, müalicə edək. Təbii ki, razılaşmadım”.
Həkim hər şeyi boynuna aldı, lakin...
"Baş Prokurorluğa getdim. Araşdırma aparıldı, uzun prosedurdan sonra həkim boynuna aldı ki, mənim təzyiqim yüksək olduğu üçün guya məni düşünərək, bu haqda heç nə deməyib. Üstündən bir il keçdikdən sonra qəbri açdıra bildik. Yeddi körpənin cəsədi bir yerdə basdırılmışdı. Bir az kənarda isə mənim adım yazılan salafan paket qoyulmuşdu. Bilinirdi ki, cəsəd sonradan basdırılıb”.
Cinayət şəbəkəsi və 50 min manat
Övladının ölümündə günahkar olanları tapmaq istəyən qadına bir zərbə də cinayəti "araşdıran” Nigar adlı müstəntiqdən gəlib:
"İşi Nigar adlı müstəntiq aparırdı. Mən DNT testi tələb edəndə müstəntiq dedi ki, bu testə 50 min manat xərclənəcək, gəl, o pulu sənə verək, məsələ bağlansın. Razılaşmadım, sonda isə heç bir nəticə olmadı. Guya DNT cəhdləri alınmayıb. Hamısı yalan idi. Bu, qrup şəklində cinayətdir. Axı bir anadan övladının ölməyini niyə gizlətsinlər ki?! Mənə bunun izahı lazımdır. Həmin həkim hazırda yenə öz işinin başındadır. Neçə ana mənim kimi gözü yaşlı qalacaq?!”
Günay Axundova hazırda işin Yasamal Rayon Məhkəməsində davam etdirildiyini də bildirdi.
938 dəfə oxundu