"SOCAR neft-qaz əməliyyatlarını bütün seqmentlərdə inkişaf etdirir" - Rövnəq Abdullayev
“SOCAR neft-qaz əməliyyatlarını bütün seqmentlərdə inkişaf etdirir. Qarşıda istər ölkə daxilində, istərsə də xaricdə yeni seqmentlərin mənimsənilməsi vəzifəsi dayanır”.
“Report” xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş “Əsrin müqaviləsi”ndən başlanan milli inkişaf yolu” adlı məqaləsində qeyd olunub.
“Müasir Azərbaycan dövləti milli müstəqilliyimizin xilaskarı olan Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində 25 il bundan əvvəlkindən köklü şəkildə fərqlənir və bu fərqlər göz qabağındadır: dünyəvi, hüquqi və demokratik dövlət, milli-mənəvi dəyərlərinə sahib çıxmış müasir, gənc və enerjili cəmiyyət, iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin misilsiz inkişafı heyranlıq doğurur. Ulu öndər və onun ən layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətiriblər. Mühüm keyfiyyət mərhələlərindən birini isə Azərbaycanın qədim neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlanan yeni yüksəliş dövrü təşkil edib”, - deyə SOCAR prezidenti məqaləsində qeyd edib.
O xatırladıb ki, “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində “Əsrin müqaviləsi” çərçivəsində işlənmənin əvvəlindən 2016-cı ilin sonuna qədər 416 mln. ton neft və 128 mlrd. kubmetr qaz hasil olunub: “Karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması məqsədlərinə xidmət edən təhlükəsiz neft və qaz kəmərləri sistemi yaradılıb. Ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib”. O bildirib ki, bu, yalnız nəhəng maliyyə resursları ilə yox, həm də saziş çərçivəsində reallaşdırılmış 30-dan artıq infrastruktur layihəsinin qeyri-neft sektorunun inkişafına verdiyi töhfələrlə ölçülür. SOCAR prezidenti qeyd edib ki, ötən müddətdə "AÇG" layihəsinə 4 minə yaxın yerli müəssisə və şirkət cəlb olunub.
“Əsrin müqaviləsi” həm də sonradan həyata keçirməyə başladığımız regional və qlobal əhəmiyyətli layihələrin təməl daşı oldu. Yeni yataqlar kəşf edildi, Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 mlrd. tona çatdırıldı. Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış sazişlərdə Azərbaycan dövlətini təmsil edir. Xarici tərəfdaşlarla əməkdaşlıqdan əldə olunan intellektual kapital şirkətimiz üçün maliyyə gəlirlərindən heç də az əhəmiyyət daşımır. Birlikdə yaradılan yeni istehsal gücləri, müəssisələr, alyanslar və s. yerli mütəxəssislərin dünya standartları səviyyəsində yetişməsində mühüm rol oynayır. SOCAR “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qaz həcmlərini Avropa bazarlarına nəql etmək üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsində həm istehsalçı, həm də səhmdar kimi öncül rol oynayır”, - deyə o bildirib.
R.Abdullayev qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda, demək olar, bütünlüklə iki və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri aparılıb, alınan nəticələr ümumiləşdirilib və modelləşdirilib. Onun sözlərinə görə, "AÇG" sahəsində isə dördölçülü təkrar seysmik tədqiqatlar texnologiyası geniş tətbiq olunur. “Qabaqcıl müasir metodlar arasında yüksək hasilatla işləyən quyularda qum tıxacının, kollektorların dağılmasının qarşısını alan texnologiyaların tətbiqini, neftvermə əmsalının yüksəldilməsi üçün su ilə yanaşı səmt qazının da təkrarən laya vurulmasını, horizontal quyuların qazılmasını və s. qeyd etmək olar”.
O bildirib ki, Azərbaycan dünya bazarında təkcə xam neftin və qazın ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi layiqli yer tutur. Yerli emal və kimya məhsulları hazırda ABŞ, İtaliya, Misir, Çin daxil olmaqla onlarla ölkəyə ixrac edilir.
“Prezident İlham Əliyev neft emalı və neft-qaz kimyası sənayesində aparılan dərin islahatların daha bir vacib şərti kimi şaxələndirməni, məhsul və istehsal istiqamətlərinin diversifikasiyası xəttini irəli sürüb və dünya bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son illərdə bu strateji xətt Azərbaycan iqtisadiyyatına böyük dividendlər gətirib. Xam neftin qiyməti aşağı düşdüyü halda neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi artıb. Türkiyədəki ən böyük aktivimiz olan “Petkim Petrokimya Holdinq”inin timsalında biz bunu aydın şəkildə görə bilirik. Təxminən 40 ölkəyə 500 mln. dollar civarında ixracat reallaşdıran və xalis gəlirlərini ilbəil artıran holdinq uğurla fəaliyyət göstərir”, - deyə SOCAR prezidenti məqaləsində qeyd edib.
Onun sözlərinə görə, qaz xammalına əsaslanan yeni tipli “SOCAR-Polymer” və Karbamid zavodlarının inşası qısa müddətdə iqtisadiyyatın daha da şaxələndirilməsinə, aqrar sektorun, kiçik və orta biznesin inkişafına güclü təkan verəcək: “Neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətində müstəsna rol oynayıb: yeni inşa olunan zavodlar xammal kimi “Azərikimya”nın, o isə Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buradan da zəncirin bütün həlqələrində ahəngdar iş tsiklinin təminatı məsələsi qarşıya çıxır. Təsadüfi deyil ki, Heydər Əliyev adına NEZ və “Azərikimya”da aparılan yenidənqurma tədbirləri də yeni zavodların inşası ilə eyni vaxtda həyata keçirilir.Mərhələli şəkildə aparılan kompleks yenidənqurma işləri 2019-2021-ci illərdə yekunlaşmalıdır. Bu prosesin başa çatması ilə ölkəmizin enerji müstəqilliyi daha da möhkəmlənəcək, yanacaq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək, innovativ səciyyəli yeni istehsal müəssisələrinin yaradılması üçün möhkəm əsaslar yaranacaq, Bakı və Sumqayıtın ekoloji durumu daha da yaxşılaşacaq.
O qeyd edib ki, bu gün SOCAR-ın qarşısında böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlərlə rəqabət apara bilən güclü və modern bir qurum kimi həm ölkə daxilində, həm də xaricdə investisiya fəaliyyətini genişləndirmək vəzifəsi durur: “Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir. Türkiyədə “Petkim”i, Gürcüstanda Kulevi “Black Sea” Terminalını o zaman aldıq, İsveçrədə treydinq şirkətimiz quruldu, Rumıniyada, Ukraynada gəlirli aktivlər əldə edildi, STAR neft emalı zavodu, Petlim limanı, konteyner terminalı kimi perspektivli inşaat layihələrinə sərmayələr yatırıldı. İndi bu layihələr mənfəət gətirməyə başlayıb. Düzgün investisiya strategiyası nəticəsində hər il aktivlərimizin dəyəri ilə bərabər şirkətin dövriyyə kapitalı da artır. Cari gəlirlərimizi investisiya layihələrinə yönəldirik. Həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək”,- deyə R.Abdullayev qeyd edib.
713 dəfə oxundu