Elmar Məmmədyarov kimlərin hədəfindədir? Gerçək səbəblər

Elmar Məmmədyarov kimlərin hədəfindədir?


Son günlər mətbuatın səhifələrində xarici işlər naziri Elmar Məmmədyarovun adına tez-tez rast gəlinir. Bəzi mənbələr iddia edirlər ki, Məmmədyarov hakimiyyət əleyhinə planlar qurur. Bu kimi xəbərlər gündəmə əsasən Qərb dairələri tərəfindən maliyyələşən media quruluşları tərəfindən gətirilir.

Məsələ ilə bağlı Hafta.az-a millət vəkili Zahid Oruc danışıb. O bildirib ki, Elmar Məmmədyarov haqqında söylənilən hər bir fikrə hörmətlə yanaşır:

“Hökumət üzvü olmaq avtomatik olaraq məsuliyyət deməkdir. Hər kəsin gözü sənin hərəkətində və davranışında olur. Bu baxımdan şübhəsiz ki, hər hansı bir prosesin həllində adın keçir. Elmar Məmmədyarov professional bir kadrdır. O, diplomat kimi uzun illərdir ki, dövlətə ləyaqətlə xidmət etməyə çalışır. Onunla heç bir şəxsi əlaqəm yoxdur. Sadəcə olaraq, mən gördüklərimi deyirəm. O, çox mürəkkəb dövrdə nazir olub. Şübhəsiz ki, diplomat üçün mühüm şərtlərdən biri ölkəsinin mənafeyini yüksək tutmasıdır. Əsas hədəf ölkə rəhbərliyi tərəfindən müəyyənləşsə də, onun icra səviyyəsi bu insanların işindən asılıdır. Məlum “casus diplomat” hadisəsinə qədər, Elmar Məmmədyarovun adı mənfi kontekstdə çəkilməyib. Parlament üzvlərinin hər birinin fikrinə hörmətlə yanaşıram. Onu istefaya çağıran şəxslərin özlərinin arqumentləri var. Bununla bərabər bizim fikirlərimiz kiminsə mövqeyinə qarşılıq vermək deyil. Cənab prezidentin kadrlarının hər birini peşakar səviyyədə görməyi arzu edirik”.

Millət vəkili bildirib ki, xarici işlər nazirinin üzərinə düşən əsas yük Qarabağ danışıqlarıdır:

“Bu münaqişə olmasaydı, bizim xarici siyasət hədəflərimiz də fərqli olardı. Düşünmürəm ki, Elmar Məmmədyarov anti-dövlət və ya hakimiyyət əleyhinə planlarda yer alıb. Çünki o, özünəməxsus səriştəyə malikdir. Xüsusi iddialar daşıyıcısı olduğu da hiss olunmur. Mütəmadi olaraq xarici tədbirlərdə səfirlərimizlə də görüşürük. Onların böyük bir hissəsi sadə, zəhmətkeş ailələrdən o yerlərə gəliblər. Bu da onu göstərir ki, Xarici İşlər Nazirliyində kadrlar tam şəffaf şəkildə işə qəbul edilir. Azərbaycan üçün Şeyx Şamildən bəri böyük bir tarixdən ibrət götürülməlidir. Biz bu diplomatlarla Azərbaycanın xarici siyasət cəbhəsində, çox amansız beynəlxalq şəraitdə mübarizə imkanları yaratmalıyıq. Bu baxımdan hesab edirəm ki, Elmar Məmmədyarov məhz belə bir simadır ki, dövlət başçısının tələblərinin miqyasını dərk edir. Buna adekvat da fəaliyyət aparır. Nə zamankı o təşəbbüskarlıq mövqeyindən geri çəkiləcəksə, belə olan halda onun fəaliyyətinə qiyməti ölkə başçısı verəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...