"Apreldə döyüşlər dayandırılmasa, ermənilər tab gətirə bilməyəcəkdilər" - ZABİTLƏR

 "Apreldə döyüşlər dayandırılmasa, ermənilər tab gətirə bilməyəcəkdilər" -


“Biz neçə il idi ki, ötən ilin aprelindəki vəziyyəti gözləyirdik. Düşmən fikirləşirdi ki, biz o səddi aşa bilmərik. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri Goranboyun Tap Qaraqoyunlu kəndi istiqamətində tanklarla, piyadalarla hücuma keçmişdi. Biz bu məlumatı əldə etdik və düşmənin kəşfiyyat-diversiya qrupunun qarşısını aldıq”.

APA-nın xəbərinə görə, bunu aprel döyüşlərinin iştirakçısı olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Eldəniz Sadıqov deyib.

Döyüşlər zamanı minaya düşmüş E. Sadıqov bildirib ki, ermənilər mövqelərini, silah-sursatını qoyaraq qaçıb: “Bizdə olan məlumata görə, mövqelərini qoyub qaçan 15 erməni əsgəri güllələnmişdi. Düşmən bu dəqiqə də qorxu içində yaşayır. Aprel döyüşləri zamanı əsgərlərin, zabitlərin döyüş ruhu çox yüksək idi. Bizim əsgərimiz döyüşməyi bacarır. Bir daha belə hal təkrar olunarsa, düşmən tab gətirə bilməyəcək. Düşmən elə bilirdi ki, bizdə döyüş ruhu yoxdur. Biz düşmənin canlı qüvvəsini, texnikasını məhv etdik. Döyüşlər dayandırılmasa, ermənilər tab gətirə bilməyəcəkdilər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bizi daim nəzarətdə saxlayırlar”.

Aprel döyüşlərinin daha bir iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Xaqani Cəfərov deyib ki, ötən il aprel ayının əvvəllərində Ağdam istiqamətində ermənilər mülki əhalini atəş altında saxlayıb: “Biz öz torpağımızda vuruşurduq. Mən Ağdamın Sarıcalı istiqamətində yaralanmışam. Biz həmin ərəfədə öz postlarımızda oturmuşduq. Aprelin 1-dən 2-nə keçən gecə ermənilər hücuma keçdilər. Ermənilərin yanına düşən hər bir mərmi erməniləri qorxuya salırdı. Biz düşmənə qarşı ən müasir silahlarla vuruşurduq. Amma balansımızda olan silahların hamısından, uzaq mənzilli raketlərdən istifadə etmədik”.

Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edərkən başından snayper gülləsi alan Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Səbuhi Mehdizadə bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan xalqı birlik nümayiş etdirdi və bunu bütün dünya gördü: “Lələtəpə çox strateji bir yüksəklikdir. O yüksəklik sayəsində Horadiz düşmənin əlinin içində idi. Biz Lələtəpəni işğaldan azad etdikdən sonra indi düşmən bizim ayağımızın altındadır. Bizim sağalıb, xidmətimizi davam etdirməyimizə ilk növbədə millətimizin, dövlətimizin qayğısı səbəb oldu. Biz bu gün xidmətimizi davam etdiririk və Ali Baş Komandamızın əmrini gözləyirik. Döyüşlər bir daha göstərdi ki, düşmən bizdən zəifdir, qorxaqdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...