Azərbaycanın baş anestezioloqu niyə narazıdır?

Azərbaycanın baş anestezioloqu niyə narazıdır?

Azərbaycanda bütün xəstələr cərrahiyyə əməliyyatına stress vəziyyətində aparılır. Bu isə düzgün deyil. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib. Baş mütəxəssis bildirib ki, hazırda Azərbaycanın tibb müəssisələrində xəstə elə müəssisəyə qəbul olunduğu gün də əməliyyat edilir.

Bunu düzgün saymayan A.Qədirovun sözlərinə görə, bu, emosional, psixoloji durum üçün çox dəhşətli hal yaradır: “Çox qəribədir ki, bizdə buna elə-belə yanaşırlar. Ancaq əməliyyatın aparılmasında xəstənin psixi-emosinal vəziyyəti də rol oynayır. Bəzən əməliyyatdan qabaq xəstə o qədər həyəcanlanır ki, təzyiqi 200-ə qədər yüksəlir. Buna görə də onu əməliyyat stolundan düşürməli oluruq”. A.Qədirov deyib ki, təzyiq yüksələndə xəstənin orqanizmi narkozu da qəbul etmir: "Xəstə stress vəziyyətində olanda orqanizmdə narkozun təsiri zəiflədiyindən xəstəyə əlavə doza vurulmalı olur".

A.Qədirov deyib ki, belə halların baş verməməsi üçün cərrahiyyə əməliyyatı olunmalı xəstə ən az, 1 gün əvvəldən xəstəxanada yatmalıdır: "Bu müddətdə xəstənin stressdən qorunması üçün orqanizmə müəyyən dərmanlar yeridilməlidir. Bu, anesteziologiya sahəsində qanundur. Xəstəni əməliyyatdan əvvəlki gün - axşam saat 10-da dərman verib yatızdırmaq lazımdır. Mən Moskvada işləmişəm, orada bir xəstənin nə təzyiqi qalxır, nə də nəbzi sürətlənir. Hamı uzanmış, yuxulu vəziyyətdə, təzyiqi, nəbzi də normal halda əməliyyat otağına gətirilir. Biz isə nəbzi 140-la vuran xəstəni əməliyyata götürürük. Narkoz veriləndə onun təzyiqi, nəbzi daha da qalxa bilər”.

Baş mütəxəssisin sözlərinə görə, xəstənin əməliyyat otağına psixi-emosional baxımdan gərgin, stress vəziyyətində aparllması sonradan onun narkozun təsirindən ayılmasında da özünü göstərir: “Stresslə, qışqıra-qışqıra narkoza girən xəstə stresslə, qışqıra-qışqıra da ayılır. Yuxulu vəziyyətdə əməliyyata girən xəstə isə sakit vəziyyətdə ayılır. Çalışmaq lazımdır ki, xəstə narkozdan sakit vəziyyətdə oyansın”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...