Azərbaycanın 10 boksçusu Avropa Oyunlarında qızıl medal uğrunda mübarizəni davam etdirir
Avropa Oyunlarında boks yarışlarında Azərbaycan yığmasının 10 üzvü qızıl medal uğrunda mübarizəni davam etdirir.
Kristal Zalda keçirilən boks yarışlarında çıxış edən yığma komandamızın üzvlərindən 11-i yarımfinala vəsiqə qazanıb.
Belə ki, bu gün yüngül (57-60 kq) çəki dərəcəsində çıxış edən qadın boksçumuz Yana Alekseyevna və orta çəkidəki (75 kq) kişi təmsilçimiz Xaybula Musalov 1/4 final döyüşlərində qalib gələrək yarımfinala çıxıblar.
Dünən çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova (51-54kq), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq) və Abdulkadır Abdullayev (+91 kq) rəqiblərini məğlub edərək yarışların yarımfinalına yüksəliblər.
Bundan öncə isə daha 4 boksçumuz - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməyi bacarıb. Lakin superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu M.Məcidov zədə aldığı üçün turniri vaxtından əvvəl başa vurub. Belə ki, Azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.
Yarımfinalçılarımızdan 2-si bu gün axşam saatlarında rinqdə qızıl medal uğrunda son döyüşə çıxmaq hüququ əldə etməyə çalışacaqlar.
Yarımfinal döyüşünə əvvəlcə yarım-yüngül çəkidəki (56 kq) bokçumuz T.Əliyev çıxacaq. O, Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş saat 19:30-a planlaşdırılır.
Avropa Oyunlarında yarım-ağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı T.Məmmədov isə finala vəsiqə qazanmaq üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək. /Trend/
1153 dəfə oxundu