Rövnəq Abdullayev: SOCAR-ın sərmayələri Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək - MÜSAHİBƏ

Rövnəq Abdullayev: SOCAR-ın sərmayələri Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək -


"Biz keçid mərhələsindəyik. SOCAR əldə etdiyi gəlirləri hazırda mühüm sənaye layihələrinə sərmayə qoyur. Başa çatandan sonra bu layihələr Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək".

“Trend” informasiya agentliyinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə eksklüziv müsahibəsi

- Sentyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq bloku dənizə yola salınmışdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir və Cənub Qaz Dəhlizi üçün əsas qaz mənbəyi kimi nəzərdə tutulur. Sizcə, “Şahdəniz” qazı Azərbaycan iqtisadiyyatına yeni bir təkan verəcəkmi?

- “Şahdəniz-2” ən perspektivli layihələrimizdən biridir. 2018-2019-cu illərdən etibarən Cənub Qaz Dəhlizi Azərbaycana on milyardlarla xalis mənfəət gətirəcək. 1,2 trilyon m³ civarında təbii qaz və 2,2 milyard barrel kondensat ehtiyatları olan nəhəng “Şahdəniz” yatağının işlənməsi təbii qazın ixracını artıracaq, habelə qaz və neft emalı sənayesinə təkan verəcək. “Şahdəniz”, Cənub Qaz Dəhlizi, SOCAR Polymer, STAR zavodu və digər nəhəng layihələrimizlə biz bu gün neft və qaz sənayesində yeni bir dövrün astanasındayıq.

- Bu gün dünyada, o cümlədən Azərbaycanda, neft sənayesi böhran keçirir. Bu böhran neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlıdır. Böyük neft və qaz şirkətləri öz investisiyalarını kəskin surətdə azaltmağa məcbur oldular. Belə bir mürəkkəb konyunktur şəraitində SOCAR iştirak etdiyi layihələri necə maliyyələşdirir? Və ümumiyyətlə hazırki şəraitdə SOCAR-ın yatırdığı sərmayələrin gəlirliyi necə görünür?

- Düz qeyd etdiniz ki, neft şirkətləri ümumilikdə hasilata qoyulan sərmayələrini azaltmışlar. Lakin SOCAR öz sərmayələrini əvvəldən müxtəlif sahələrə yönəltmişdir. Hələ xam neftin qiyməti yüksək olduğu dövrdə biz investisiyalarımızı şaxələndirməyə qərar verdik. Onda neft şirkətləri əsasən neft hasilatına, hətta işlənməsi çox baha başa gələn yataqlara sərmayə qoymağa üstünlük verirdilər. Biz isə, formalaşdırılmış strategiyamıza uyğun olaraq, hasilatla yanaşı, həm də qaz və neftin emalı, nəqli və satışı üçün nəzərdə tutulan layihələrə sərmayələr qoyduq və bununla investisiya portfelimizi şaxələndirdik. Risklərin azaldılması və səmərəliliyin artırılması üçün biz müxtəlif ölkələrin bazarlarına üz tutub yeni bazarları kəşf etməyə başladıq. Əsas layihələrimiz başa çatandan sonra hər kəs bu strategiyanın bəhrələrini görəcək, çünki bununla gəlirlərimizin sabitliyi və davamlılığı təmin olunacaq.

Hazırda xam neft əvvəlki dövrlə müqayisədə çox aşağı qiymətə satılır. Lakin bunun müqabilində neft və qaz emalının gəlirliyi artmışdır. Sizə bir misal gətirim: Türkiyədə müstəqil Akyatırım təhlilində SOCAR-a məxsus olan Petkim şirkəti üçün 2016-cı il üzrə faiz, vergi və amortizasiyadan əvvəl hesablanan EBİTDA gəlirinin proqnozu 498 milyon TL-dən 628 milyon TL-yə qədər qaldırılmışdır. Petkim bu gün artıq Türkiyənin ən mühüm neft-kimya şirkətidir. Akyatırım 2016-2019-cu illərdə Petkim üçün illik 10% EBİTDA gəlir artımını proqnozlaşdırır və bu proqnozu məhz SOCAR-ın Petkimə qoyduğu sərmayələrlə əlaqələndirir.

2015-ci ildə SOCAR Türkiyə səhmlərinin bir payının "Goldman Sachs" tərəfindən 1,3 milyard ABŞ dollarına alınması da öz-özlüyündə SOCAR-ın Türkiyədəki aktivlərinin dəyər artımından xəbər verir.

Türkiyə və digər strateji bazarları kəşf etmək üçün əldə etdiyimiz gəlirləri STAR zavodu, Petlim limanı və s. kimi nəhəng layihələrimizə sərmayə qoyuruq. Sözügedən layihələr başa çatandan sonra xalis mənfəətin artması labüddür, çünki onda bu layihələr artıq gəlir gətirməyə başlayacaq. Düzgün investisiya strategiyasının nəticəsidir ki, 2007-2015-ci illər arasında SOCAR-ın ümumi aktivlərinin dəyəri 9 milyard manatdan təqribən 40 milyard manata qədər artmışdır.

- SOCAR-ın xaricdə qoyulan sərmayələrinin gəlirliyi aydın görünür. Lakin hazırda Azərbaycan iqtisadiyyatı neftin qiyməti düşəndən sonra özünün çətin günlərini yaşayır. Ölkə ictimaiyyəti ölkədə davamlı iş yerlərinin artırılmasına ümid edir. Hökümət də bu istiqamətdə mühüm addımlar atmağa qərarlı olduğunu dəfələrlə ifadə etmişdir. SOCAR Azərbaycanda iş yerlərinin sayına görə şirkətlər arasında öndədir. SOCAR-ın inkişaf strategiyasında məhz Azərbaycan üçün nəzərdə tutulan layihələr nə dərəcədə səmərəlidir?

- SOCAR-ın strateji missiyası təyin ediləndə ökəmizin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, neft-qaz emalı sənayesinin inkişafı kimi məsələlər onun tərkibində mühüm yer almışdır. Buna görə, Azərbaycanda neft və qazın hasilatı, nəqli və neft-qaz emalı sənayesinin inkişaf etdirilməsi strateji inkişaf planımızda əzəldən əsas yer tutur.

Bu sahədə görüləcək işlər çoxdur. Bu gün Azərbaycan yalnız aşağı sıxlıqlı polietilen ixrac edə bilir. Yüksək sıxlıqlı polietilen ölkəmizə idxal olunur. SOCAR Polimer zavodunun inşası başa çatandan sonra biz yüksək sıxlıqlı polietilenin ixracatçısına çevriləcəyik. Bu layihənin icrası nəticəsində ölkənin idxalı azaldılacaq, ixracı artırılacaqdır. Bunu qeyd etmək kifayətdir ki, hesablamalara görə, SOCAR Polimer ümumilikdə 10-11 milyard ABŞ dolları həcmində gəlir gətirəcək – bunun 30%-i xalis mənfəət kimi proqnozlaşdırılır. Bundan əlavə, SOCAR Polimer tərəfindən Azərbaycanın dövlət büdcəsinə birbaşa 1,5 milyard ABŞ dolları həcmində müxtəlif vergilər ödəniləcək. Bu layihə ilə yanaşı, Azərbaycanda SOCAR Karbamid, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası, nəhəng Kimya və Qaz Emalı Kompleksinin tikilməsi gündəmdədir. Ən mühüm layihələr üzrə artıq mühüm işlər görülür. “Şahdəniz-2” layihəsi hətta plandan əvvəl irəliləyir – artıq layihənin 80%-nə yaxın hissəsi tamamlanmışdır. Digər kəşfiyyat-hasilat layihələri də inkişaf etməkdədir. “Abşeron”, “Ümid”, “Babək” və s. kimi layihələri buna misal gətirmək olar.

Beləliklə, biz hazırda bir növ keçid mərhələsindəyik və neft-qaz sənayesində yeni dövrün astanasındayıq. Yeni layihələr gəlirlərimizin sabit artım təmayülünə təkan verəcək. Belə ki, son 7 ildə faiz, vergi və amortizasiyadan əvvəl hesablanan illik gəlirimiz (EBİTDA) 2 dəfə artmışdır. Hazırda cari gəlirlərimizi investisiya layihələrimizə yönəldirik. Bu layihələr tamamlanandan sonra Azərbaycana milyardlarla əlavə sabit gəlir gətirəcəyi nəzərdə tutulur.

- Bununla belə, həyata keçirdiyiniz layihələrin həcmi də böyükdür. Cari gəlirləriniz bütün bu nəhəng layihələri maliyyələşdirməyə imkan verirmi?

- SOCAR-ın cəmi kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artmışdır. Bunu da nəzərə almaq lazımdır ki, böyük layihələrdə SOCAR tək deyil - tərəfdaş şirkətlər layihələrin maliyyələşməsində mühüm rol oynayırlar.

Son illərdə maliyyə bazarlarında əldə etdiyimiz nailiyyətlər bizə uzunmüddətli və münasib şərtlərlə kənardan maliyyə vəsaitlərini cəlb etməyə imkan verir. Bunun nəticəsində SOCAR çoxsaylı investisiya layihələrini həyata keçirməklə yanaşı, həm də Azərbaycan dövləti qarşısında olan maliyyə öhdəliklərini yerinə yetirə bilir.

- Həqiqətən də, keçmişdə sərmayələri bütövlüklə neft hasilatına qoymaq daha əlverişli görünürdüsə, yaxın gələcək üçün sərmayələrin şaxələndirilməsi daha effektli görünür. Sirr deyilsə, bu idrakın əsasında duran, ümumiyyətlə, SOCAR-ın aparıcı qüvvəsi kimlərdir?

- SOCAR-ın aparıcı qüvvəsi mədən və digər sahələrdə işləyən neftçilərimizdir. Siz, yəqin ki, rəhbər heyətini nəzərdə tutursunuz, amma şirkətin rəhbər işçiləri də əsasən karyeralarına sıravi neftçilər kimi başlamışlar.

Bəzi şirkətlərdə olur ki, qeyri-peşəkar səhmdarlar idarəçilik işlərinə müdaxilə edəndə səmərəsiz qərarlar verilir. SOCAR-ın səhmdarı isə Azərbaycan dövlətidir. İşlərimizin səmərəliliyində ən mühüm amillərdən biri budur ki, dövlət başçısı cənab İlham Əliyev özü keçmişdə şirkətin rəhbər heyətində çalışmışdır. Prezident İlham Əliyev şirkətin cari işləri və inkişaf strategiyasını yaxından izləyir və istiqamətləndirir. SOCAR-ın nailiyyətləri və gələcək perspektivlərinin əsasını mən bu iki faktorda görürəm: dövlət başçısının səriştəli və uzaqgörən strateji qərarlarında və neftçilərimizin çalışqanlığında.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...