Əbülfəz Elçibəyin məzarından əklili götürən “qohumları”na sərt qınaq
Şahmərdan Rüstəmov: “Həmin qadınlar Bəyin dayısı nəvələridi. Nə dayı nəvəsi?!”; Oqtay Qasımov: “Məzar üstünə qoyulan əklilə o cür kobud müdaxilə yolverilməzdir”
Xəzər Teyyublu: “Bu, bizim üçün skandal yaradan hadisə oldu”
Eks-prezident Əbülfəz Elçibəyin anım günündə qəbri üstündə bir xoşagəlməz olay yaşanmışdı. Həmin olayla bağlı narazılıq hələ də səngiməyib. Belə ki, avqustun 22-də sabiq prezidentin məzarı önünə qoyulan əklillərin yığışdırılması mətbuat və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır ki, özünü AXCP-nin varisi hesab edən partiyaların qəbir üstə apardıqları əklillər oradan yığışdırılıb. Mərhum prezidentin bir neçə nəfər yaxın adamı qəbir üstə çıxış edərək, bu addımlarını həmin şəxslərin Elçibəy yoluna dönük çıxmaları ilə izah etməyə çalışıblar. Onlar Elçibəy yolunu yalnız AXCP sədri Əli Kərimlinin davam etdirdiyini bildiriblər.
Elçibəy ailəsinin hadisədən sonra yaşanan olaya münasibətləri birmənalı olub. Onlar qəti şəkildə hadisənin yaranmasına səbəb olan uzaq qohumlarını qınayıblar.
Elçibəyin yaxın qohumu Şahmərdan Rüstəmovun aznews.az saytına açıqlamasında bu olayı pisləyib. O, baş verən olaydan təəssüfləndiyini deyib. Ş.Rüstəmov mərhum prezidentin ailəsinin də narahat olduğunu söyləyib. Onun sözlərinə görə, həmin qadınlar Elçibəyin dayısı nəvələridir: “Onlar bütün qohumların adından belə ifadə işlədiblər. Biz bunun əleyhinəyik”.
Ş.Rüstəmov “Yeni Müsavat”a açıqlamasında isə bunları deyib: “Biz buna əvvəldən planlaşdırılan hadisə adını qoymaq istəmirik. Bir onu deyə bilərik ki, Elçibəyin qəbri üstündən nə əklili, nə də gülü götürüb kənara qoymağa heç kəsin ixtiyarı yoxdur. Bu ixtiyarı ailə nə özündə görür, nə də kənarda. Orada xalqın böyük lideri yatır. Elçibəyin qızının, oğlunun mənə dediyi sözlərdir ki, qəbir üstünə gələndə ən sadə bir insana belə başsağlığı verirlər. Bu o deməkdir ki, Elçibəyin qəbirüstündə qohum statusu yoxdur. O məzar önündən əklil götürməyə, o məzara əl qoymağa, məzar üstündə siyasi oyunlar oynamağa kimsənin haqqı yoxdur. Nə dayı nəvəsi? Bir insanın neçə dayısı nəvəsi olar? Bu qohumluq sayılırmı? Ola bilər ki, qohumlar arasında bəzi narazılıq olsun və buna görə onlar belə hərəkət etsinlər. Bu xalq o məzarın siyasi oyunlar oynanan məkana çevrilməsinə imkan verməz. Bəyin anadan olduğu, vəfat etdiyi günlər, həmçinin bayramlarda məzarı ziyarətgaha çevrilir. Elçibəyi özəlləşdirmək olmaz. Məzar önündən əklil, gül götürüb kənara qoymağa, öyrədilmiş insanların elə yerə göndərilməsinə Elçibəy tərbiyəsi imkan vermir. Hamı Elçibəyin davamçısıdır. Bu xalqa xidmət edən, bir insana belə yardım edən bir şəxs Elçibəyin davamçısıdır”.
Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov da anım günündə belə bir hadisəni yaradanları qınadı: “Kimliyindən asılı olmayaraq, hər kəs ora hörmətlə yanaşmalıdır. Ora qoyulan əklil hansı şəxs və ya siyasi partiya tərəfindən qoyulmasından asılı olmayaraq, ona əl vurulmamalıdır. Məzar üstünə qoyulan əklilə o cür kobud müdaxilə yolverilməzdir. Bu, mənəvi məsələlərdir. İnsanlar ora gəlib öz sayğılarını nümayiş etdirirlər. Bu baxımdan əklil və güllərin götürülməsi doğru hadisə deyil. Kaş belə bir hadisə yaşanmayaydı”.
Qoyduqları əklil məzar önündən götürülən partiyalardan biri də KXCP-dir. Qurumun sədr müavini Xəzər Teyyublu bildirdi ki, Elçibəyə qarşı olan bu münasibət doğru deyil: “Bu, Azərbaycan siyasətinə, Elçibəyin ruhuna qarşı yanlış hərəkətdir. Bizim üçün skandal yaradan hadisə oldu. Ora çox adamlar gələ bilər. Amma hadisənin bu qədər ictimailəşməsinə ehtiyac görmürəm”.
965 dəfə oxundu