Dərmanların qiymətləri dəyişdi TAM SİYAHI
Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərarda "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiqlənib.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir.
Bazis qiymətlərin müəyyən edilməsi məqsədi ilə tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, Şura tərəfindən hər il üçün ən azı 5 (beş) istinad ölkəsi müəyyən edilir. İstinad ölkələrinin siyahısında dəyişiklik 2 (iki) ay əvvəlcədən elan edilməklə həyata keçirilir.
Növbəti ilin istinad ölkələri cari ilin 31 oktyabr tarixinə qədər Şura tərəfindən elan edilir. Həmin tarixə qədər yeni ölkələr elan olunmadıqda, cari ilin istinad ölkələri sonrakı il üçün də eyni olaraq qalır.
Dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər (bundan sonra - istehsalçılar) tərəfindən təqdim edilmiş məlumatlar, habelə Şuranın Katibliyi (bundan sonra - Katiblik) tərəfindən istifadə olunan informasiya mənbələri dərman vasitələrinin qiymətləri barədə müfəssəl məlumatların əldə olunmasına imkan vermədikdə, dərman vasitələrinin qiymətlərinin monitorinqi üzrə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə olunur.
Dərman vasitələrinin qiymətlərinin müəyyən edilməsində istifadə olunan informasiya mənbələri Şuranın rəsmi internet saytında yerləşdirilir. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytındakı məzənnəsi və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir.
Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış qiyməti dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır.
Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi üçün aşağıdakı cədvəldə göstərilmiş əlavələr tətbiq edilir:
Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılması Katiblik tərəfindən həyata keçirilir. İstehsalçılar orijinal və generik dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Şura tərəfindən müəyyən edilən bəyannamə forması ilə Katibliyə müraciət edirlər.
Bəyannamə forması aşağıdakı sənədlərlə birlikdə Katibliyə təqdim edilməlidir:
dərman vasitəsinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması haqqında sənədin (qeydiyyat vəsiqəsinin) surəti;
yerli istehsal olan dərman vasitələri üçün auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları;
dərman vasitəsinin istehsal, idxal edildiyi və ya farmasevtik forma aldığı ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə ən ucuz satış qiymətlərini göstərən və həmin ölkələr üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən Azərbaycan dilinə rəsmi tərcüməsi təsdiq edilən qiymət sənədləri;
GMP (Good Manufacturing Practice) sertifikatı olduğu təqdirdə, sertifikatın notariat qaydasında təsdiq edilmiş surəti;
orijinal dərman vasitəsinə ilk dəfə qiymət müəyyənləşdirildikdə onun orijinal olduğunu sübut edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sənədlər tam təqdim edilmədikdə, sənədlərdə təhrif edilmiş və ya qeyri-dəqiq məlumatlar olduqda imtina edilə bilər.
Sənədlər tam təqdim edilmədikdə, 5 (beş) iş günündən gec olmayaraq, çatışmazlıqlar barədə Katiblik tərəfindən istehsalçıya yazılı məlumat verilir.
İlk qiymət tənzimlənməsi üçün müraciət etmiş istehsalçının sənədlərinə 30 (otuz) gün müddətində baxılır. Bu müddət qiymət tənzimlənməsi üçün təqdim edilən sənədlərin tam daxil olduğu gündən hesablanır.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sonrakı müraciətlərə 20 (iyirmi) gün müddətində baxılır.
Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 (iki) iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir.
1743 dəfə oxundu