Azərbaycan DİN Daxili Qoşunlarının yaranmasından 24 il ötür

Azərbaycan DİN Daxili Qoşunlarının yaranmasından 24 il ötür

Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 24 il ötür. Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” önünə əklil qoyulub. Daxili Qoşunların torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə də ziyarət edilib.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində qurumun yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər. Əvvəlcə Daxili Qoşunların döyüş bayrağı salona gətirilib, ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafının hazırkı durumu barədə geniş məruzə ilə çıxış edib. Ş.Məmmədov deyib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə 1992-ci ildə Daxili Qoşunların şəxsi heyətinin Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladığı ilk gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub. Ötən illər ərzində Daxili Qoşunlar ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Torpaqlarımızın azadlığı naminə aparılan döyüş əməliyyatları zamanı Qoşunların şəxsi heyəti əsl qəhrəmanlıq nümunələri göstərib. Bu döyüşlərdə 510 hərbi qulluqçu həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Hərbi qulluqçularımızdan 9-u “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bildirilib ki, atəşkəs dövründə Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş hazırlığının artırılması, peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, hərbi hissələrdə məişət və yaşayış şəraitinin yaxşılaşdırılması əsas vəzifələrdən biri olub.

Məruzəçi qeyd edib ki, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Daxili Qoşunların hərbi qulluqçuları polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Respublikada ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib. Keçən il və cari ilin ötən dövründə də qarşıya qoyulmuş döyüş tapşırıqları tam yerinə yetirilib, hərbi qulluqçular ictimai asayişin keşiyində əzmlə dayanıblar. Şəxsi heyət respublikanın bir sıra bölgələrində asayişin qrup halında pozulması, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluğun və hüquq qaydasının bərpa edilməsi üzrə həyata keçirilən tədbirlərdə də yüksək peşəkarlığı və vətənpərvərliyi ilə fərqlənib.

Mərasimdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov peşə bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Nazir ümummilli lider Heydər Əliyevin “Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” sözlərini xatırladaraq, dahi şəxsiyyətin ordu quruculuğunda Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, Qoşunların məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar və mobil quruma çevrildiyini məmnunluqla söyləyib.

Ramil Usubov vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Ulu Öndərin ordu quruculuğu sahəsində də siyasətini uğurla davam etdirən dövlətimizin başçısının Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Azərbaycan Prezidentinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunaraq şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

Bildirilib ki, məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə tam təchiz edilib. 2011-ci ildə Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb yaradılıb. Bu ali diqqət və qayğı isə hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.

Diqqətə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyə Jandarm Qüvvələri ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Türkiyənin Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir əldə edilmiş uğurlarda böyük rolu olan Türkiyənin müvafiq qurumunun nümayəndələrinin danılmaz əməyini, təmənnasız yardımlarını xüsusi qeyd edib. R.Usubov dost və qardaş ölkənin Silahlı Qüvvələrinin, onun Jandarm Komandanlığının rəhbərliyinə və hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

Daxili işlər naziri Qoşunların özünün ən müqəddəs missiyasını Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında gördüyünü və bu gün onun bərpası uğrunda hərbi əməliyyatlara tam hazır olduğunu bildirib. Bu missiyanın uğurla həyata keçirilməsi üçün şəxsi heyətin Silahlı Qüvvələrlə birgə hərbi təlimlərdə mütəmadi iştirak etdiyi diqqətə çatdırılıb.

Çıxışının sonunda nazir R.Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Nazir Azərbaycan Prezidentini əmin edib ki, Vətənin əsgəri adını daim uca tutan Qoşunların şəxsi heyəti müstəqilliyin və sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək, şanlı ənənələrini qoruyub saxlayaraq inkişaf etdirəcək, döyüş hazırlığını daim artıracaq, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Prezidentə sədaqətli xidmətini davam etdirəcək.

Daha sonra Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibətilə bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı, həmçinin daxili işlər nazirinin və Daxili Qoşunlar komandanının müvafiq əmrləri elan olunub. Xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni rütbələrin poqonları təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...