İdxal mallarının gömrük qiymətlərindəki FƏRQ - Komitədən AÇIQLAMA
Azərbaycanın xarici ticarət əlaqələrinə dair gömrük qiymətlərilə digər dövlətlərin uyğun göstəriciləri müqayisə olunarkən fərqlər açıq-aydın diqqət çəkir. Ciddi müzakirələrə səbəb olan qiymətlərlə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən məsələyə şübhə ilə yanaşmaq düzgün deyil.
“Ölkələrarası xarici ticarət əlaqələrinə dair göstəriciləri müqayisə edərkən bir çox amilləri nəzərə almaq lazımdır. Burada malın mənşə ölkəsi, malın təyinat ölkəsinin böyük əhəmiyyəti vardır. Xarici ticarət statistikasının metodologiyasına uyğun olaraq idxal-malın mənşə ölkəsi, ixrac-malın təyinat ölkəsi üzrə hesablama aparılır.
Xarici ticarət əlaqələrinin müqayisəli təhlili göstərir ki, dünyanın əksər ölkələrində belə fərqlər mövcuddur. BMT-nin İqtisadi və sosial şurasının 56-cı sessiyasının sənədlərində qeyd olunduğu kimi, 2006-cı ildə MDB ölkələrinin əksəriyyəti və xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40 faizə çatır”.
Qeyd edilib ki, dövlətlərarası xarici-iqtisadi əlaqələrin göstəricilərinin fərqi əsasən aşağıda qeyd olunan amillərdən asılıdır:
“Tərəfdaş ölkənin təyin olunması prinsipləri, statistik dəyərin təyin edilməsi, məxfi daşınan malların statistikasının aparılmasının müxtəlifliyi, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə idxalı zamanı yaranan fərqlər, idxal və ixracın gömrük rəsmiləşdirilmə vaxtının fərqli olması, malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanması, malların gömrük rejimlərinin fərqli göstərilməsi”.
980 dəfə oxundu