Metro istifadəçiləri üçün cərimə - 10 manatdan 100 manatadək

Metro istifadəçiləri üçün cərimə -


İctimai nəqliyyatda qayda pozan təkcə sürücülər olmur, bəzən sərnişinlər də qaydalara əməl etmirlər.

Avtobus sürücləri nə qədər qayda pozursa, bir o qədər də sərnişinlər qaydaları pozur. Metroda da qayda pozanlar az deyil və cəzalar mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 140-1-ci maddəsində metropolitendən istifadə qaydalarının pozulması ilə bağlı cərimələr əksini tapır. Lakin qanunlar cəmiyyətdə yetərincə təbliğ edilmədiyi üçün əksəriyyətin bundan xəbəri yoxdur. Avtosfer.az bunu nəzərə alaraq metro istifadəçilərinin daşıdıqları məsuliyyət və qayda pozuntusuna görə onları gözləyən cərimələrlə bağlı məqamları diqqətə çatdırır.

İXM-140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə - 10 manat miqdarında cərimə edilir.

140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə - 15 manat miqdarında cərimə edilir.

140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə - 30 manat miqdarında cərimə edili
r.

140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə - 50 manat miqdarında cərimə edilir.

140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə - 70 manat miqdarında cərimə edilir.

140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə - 100 manat miqdarında cərimə edilir.

BPİ Metropolitendə Polis Şöbəsindən verilən məlumata görə, bu qanunlardan əksər sərnişinlərin xəbəri olmasa da, qayda pozduqlarına görə cəzalananların sayı xeyli çoxdur. Əsasən, metroda siqaret çəkənlərin çoxluq təşkil etdiyini deyən polis əməkdaşları bildirdilər ki, həmin sərnişini saxlayıb şöbəyə gətirirlər və burada barəsində inzibati protokol tərtib edildikdən sonra cərimə kassaya ödənilir. Metro polisləri etiraf edirlər ki, sərnişinlərin əksəriyyəti bu qaydaları və ona adekvat cərimələri bilmədikləri üçün pozuntuya yol verirlər: «Bəzi sərnişinlər var ki, vaqondan düşüb eskalatora minən kimi siqareti yandırır. Lakin bu, qanun pozuntusudur. Ümumiyyətlə, «M» hərfi yazılan yerdən daxil olduqda metro ərazisi sayılır və sərnişinlər qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər. Qaydaları pozmaq olmaz. Bəzən sərnişinlər vaqonların qapısını tutub saxlayırlar və bununla da qatarın hərəkətini gecikdirirlər. Bu da inzibati məsuliyyətə səbəb olur. Sürahiyə toxunanlar, yerə zibil atanlar, vaqonları yazanlar da az deyil.

Yazanların hamısını tutmaq mümkün olmasa da, zibil atanlar, qapını tutub saxlayanlar, siqaret çəkənlər, qadağan olunmuş əraziyə daxil olunlar polislər tərəfindən saxlanılır və cərimə olunur».

Ümid edirik ki, sərnişinlər cərimə olunmamaq üçün bundan sonra metroda bu qaydalara əməl edəcəklər...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...