Azərbaycan dempinqli idxala qarşı tədbirləri gücləndirir
Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
“APA-Economics” xəbər verir ki, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi də müzakirə olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, son vaxtlar Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. Bu islahatlar qlobal sarsıntılar şəraitində Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək, eyni zamanda, iqtisadiyyatın neft sektorundan asılılığını azaldılması istiqamətində tədbirlər görməkdən ibarətdir. Z. Səmədzadə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsini Azərbaycan iqtisadiyyatının inkişafının, daxili bazarın sivil yollarla qorunmasına xidmət edən qanun layihəsi adlandırıb.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev qanun layihəsi barədə məlumat verərək bildirib ki, bu qanun layihəsinin məqsədi yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərərvurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin, yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən, antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləməkdir. Nazir müavini qeyd edib ki, bu qanun layihəsi idxalın tam qadağan olunması məqsədi daşımır: "Bu qanun layihəsindən dünyanın bir çox ölkələrində istifadə olunur. Qanun layihəsində nəzərdə tutulub ki, araşdırma orqanı bazarda müvafiq araşdırma aparacaq.
Qanun layihəsinə əsasən dempinqli idxala qarşı 3 tədbir görüləcək: antidempinq, kompensasiya və mühafizə tədbirləri. Birinci halda dempinq olduğu aşkar edildikdə, müvafiq antidempinq rüsumu tətbiq ediləcək. İdxal zamanı digər ölkələrdə istehsal olunmuş mallara xüsusi subsidiya tətbiq olunması nəticəsində ölkəyə idxal olunan malların yerli məhsullar arasında qiymət pariteti pozulması baş verərsə, bu zaman kompensasiya tədbirləri görüləcək. Mühafizə tədbirləri isə idxalın kəskin artımının qarşısının alınması məqsədi daşıyır. Belə ki, əgər idxalın kəskin artdığı və bununla da yerli istehsal məhsullarına təzyiqin artması müəyyən olunarsa, bu zaman mühafizə tədbirləri həyata keçiriləcək ki, yerli istehsal məhsullarının bazar qiymətini qorumaq mümkün olsun".
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə olunub.
S
1058 dəfə oxundu