İranlı məhkumun ailəsi prezident İlham Əliyevə müraciət etdi

İranlı məhkumun ailəsi prezident İlham Əliyevə müraciət etdi


Azərbaycan həbsxanalarında cəza çəkən xeyli İran vətəndaşları var. Onların arasında güneyli soydaşlarımız çoxluq təşkil edirlər. İranlıların böyük əksəriyyəti cəzalarının qalan hissəsini öz ölkələrində çəkmək istəyirlər və buna görə də ekstradisiya olmaq üçün ciddi cəhdlər göstərirlər. Bu məsələdə İranın ölkəmizdəki səfirliyi də onlara maxsimum yardım edir. Bugünədək xeyli sayda İranlı məhkum öz ölkəsinə ekstradisiya edilibdir. Çox təəssüf ki, əksər hallarda əsassız süründürməçilik ucbatından bu proses çox ağır gedir. Nəticədə soydaşlarımız illərlə öz ailə üzvləri və digər yaxınları ilə görüşə bilmirlər. Onların maddi və mənəvi dəstəyindən məhrum olurlar.

Belə məhkumların bir qismi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Onlar Novruz bayramı ərəfəsində gözlənilən növbəti ekstradisiyaya ümid edirlər. Musavat.com-a verilən məlumata görə, belə məhkumlardan biri də 1970-ci ildə Astara şəhərində anadan olmuş İsgəndər Bəhram oğlu Nəhaidir. O, 2010-cu ildə həbs edilib və 13 il azadlıqdan məhrum cəzası alıb. Ancaq vəziyyət elə gətirib ki, İsgəndər Nəhainin hələ də tam dəqiq olmayan növbəti ekstradisiyanı gözləməyə imkanı yoxdur. Onun yaxınlarından aldığımız məlumata görə, 17 yaşlı qızının səhhətində kritik problem yaranıb və vəziyyəti olduqca təhlükəlidir. Həyatda qalma şanslarını günbəgün azalır. Ona görə də onun ailəsi qəzetimiz vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək İsgəndər Nəhainin istisna hal kimi təcili olaraq İrana ekstradisiya edilməsinə yardımçı olmasını xahiş edirlər. Biz də humanizm prinsiplərinə uyğun olaraq İsgəndər Nəhainin yaxınlarının acizanə xahişini nəzərə alaraq onların müraciətini cənab prezidentə çatdırırıq. Ümid edirik ki, soydaşımızın problemi həll olunar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...