Yeddi ildir ki, çadırda yaşayan vətəndaş: "Soruşan yoxdur ki, ölmüsən, qalmısan..."

Yeddi ildir ki, çadırda yaşayan vətəndaş: "Soruşan yoxdur ki, ölmüsən, qalmısan..."
"Çadır aşdı, altında qaldıq, uşaqların başı yarıldı…”

5 nəfərlik ailə illərdir ki, qışın soyuğunda, yayın istisində çadıra sığınıb. O çadıra ki, nə şəraiti var, nə təhlükəsizliyi. Söhbət Lənkəranın Jidi kənd sakini Oruc Orucovun ailəsindən gedir.

Şikayətçi Meydan TV-yə illərdir ki, üzləşdiyi ev problemindən danışıb.

Onun sözlərinə görə, 7 ildir ki, ikimərtəbəli 5 otaqlı evi torpaq sürüşməsi nəticəsində dağılıb. Hazırda evin nə tavanı var, nə də divarları. Ev hər an uçacaq durumdadır: "Torpaq yeraltı sürüşür və yeddi il öncə güclü yağıntılar sürüşməyə səbəb oldu. Nəticədə beş otaqlı evim qəzalı vəziyyətə düşdü. O vaxta qədər evim qəzalı deyildi. 33 ildir ki, tikilib. Külək, kiçik təkanlı zəlzələlər evi uçurur. Sonuncu zəlzələdə, yağıntıda divarın bir hissəsi uçdu. Divarlar içdən və çöldən iri çat verib, ovulub tökülür. Üst örtüyündə taxta dirəklər, tavan dağılıb deyə yağış keçirir. Sellofon örtmüşük, bütün yağıntı evin içindədir. Armatur aşağıdan aralanıb, döşəmələr uçur”.

"Bu ev hər an təhlükə, qəza deməkdir”

Vətəndaş deyir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları evinə baxış keçirərək qəzalı durumda olduğuna dair rəy veriblər. Ailə müvəqqəti ayrı-ayrı vaxtlarda iki çadırla təmin edilib. Lakin çadır nə qışın soyuğuna, nə yazın selinə, nə də yayın qızmar istisinə dözür.
Yeddi ildir ki, çadırda yaşayan vətəndaş: "Soruşan yoxdur ki, ölmüsən, qalmısan..."

Şikayətçinin sözlərinə görə, çadır pulsuz verilsə də, kəndin icra nümayəndəsi ondan 150 manat yol xərci və mütəxəssis pulu alıb: "Fövqəladə Hallar Nazirliyi iki çadır verdi. Birini yağış, günəş şüası dağıtdı, birini də bir ildir ki, veriblər. İcra nümayəndəsi ikisinə 120 manat yol pulu və 30 manat mütəxəssis pulu tələb etdi. Bu ilin 13 yanvarında güclü qar yağanda çadır yatdığımız yerdə üstümüzə aşdı, düz, atamın qırxı günü. Altından güclə çıxdıq, uşaqların başı yarıldı. Dəmir dirəkləri dağıldı, taxta dirəklə əvəzlədim. Heç təbii fəlakətlə gəlib maraqlanan da olmadı”.

"Bu ilin iyununda da sel çadra ziyan vurdu. İçəri sürünənlər, həşaratlar girir, yayda istidən, qışda soyuqdan durmaq olmur. Sobanı səhərə qədər yandırırıq, amma yenə soyuq olur. Hazırda çadırda yaşamaq mümkün olmadığından yenidən qəzalı evimə sığınmışam. Bu ev də hər an təhlükə, qəza deməkdir. Güclü yağıntı, külək, zəlzələ olarsa, tamamilə uçacaq”, – deyə o qeyd edib.

"Maraqlanan yoxdur ki, vətəndaş ölüb-qalıb”

Vətəndaş deyir ki, kənddə çadırda yaşayan tək ailədir. Üç il öncə iki ailəyə yeni ev tikilib verilsə də, onun aidiyyəti qurumlara etdiyi çoxsaylı müraciətləri nəticəsiz qalıb.
Yeddi ildir ki, çadırda yaşayan vətəndaş: "Soruşan yoxdur ki, ölmüsən, qalmısan..."

Dörd dəfə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının qəbuluna düşüb dərdini söyləsə də, dolanışığına yardım üçün ona ötən ilin iyun və dekabr aylarında iki dəfə ümumi min manat yardım ediblər.

Fövqəladə Hallar Nazirliyinə üz tutsa da, onu regiona göndərib nazirin qəbulunun regionlarda olacağını deyiblər.

Nazirlik bu ilin 15 fevralında vətəndaşın yazılı müraciətinə belə cavab verib: "Atanız Nurəddin Qafur oğlu Orucovun adına tərtib olunmuş akta əsasən, fərdi yaşayış eviniz bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib. Dövlət büdcəsindən vəsait ayrıldıqdan sonra sizin evinizlə bağlı müvafiq tədbirlər görüləcək”.

"İmkan vermirlər dərdimi deməyə, fikirlərimi təhrif edirlər”

Hazırda çıxılmaz vəziyyətdə qaldığını deyən Orucov Fövqəladə Hallar Nazirliyindən evinin tikintisi üçün təcili kömək istəyir.
Yeddi ildir ki, çadırda yaşayan vətəndaş: "Soruşan yoxdur ki, ölmüsən, qalmısan..."

Şikayətçi deyir ki, bu işdə ona Lənkəran Şəhər İcra Hakimiyyəti və yerli icra nümayəndəsi də mane olur: "Maraqlanan yoxdur ki, vətəndaş ölüb-qalıb. Qızım birinci sinif, oğlum baxça uşağıdır. Onların ailəsi, övladı bu vəziyyətdə qalır? Lənkəran Şəhər İcra Hakimiyyətində sözümü kəsirlər, imkan vermirlər dərdimi deməyə, fikirlərimi təhrif edirlər. Nazirliyə yalnış məlumat verirlər ki, ev təbii fəlakətdən deyil, guya fiziki köhnəlmədən qəzalı duruma düşüb. Hansı ki iki nazirlik qəza ilə bağlı rəy verib”.

"İcra hakimiyyətinin verdiyi 1000 manat puldan 500-nü çadır üçün taxta döşəmə almışam, qalanı ərzağa gedib. Bir tək anam pensiya alır, özümü də yaşa görə ofisiant kimi işə götürmürlər, ancaq iş olanda günəmuzd işləyirəm. Necə ev tikim? Müraciətimə mane olan icra nümayəndəsidir, ancaq boynuna almır. Gəlib təkrar baxış keçirsinlər, görsünlər nə səbəbdən ev dağılıb. Belə haqsızlıq olmaz axı”, – deyə Lənkəran sakini vurğulayıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti isə vətəndaşın yazılı müraciətinə cavabında məsuliyyəti onun üzərinə atır: "Sözügedən yaşayış evinə təbii fəlakət nəticəsində deyil, fiziki köhnəlmə nəticəsində ziyan dəyib. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən uyğun olaraq təbii fəlakət və mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəzalı vəziyyətə düşmüş mənzilin təmir və bərpası mülkiyyətçi tərəfindən həyata keçirilməlidir”.

"Lənkəran Şəhər İcra Hakimiyyəti ev tikən deyil”
Yeddi ildir ki, çadırda yaşayan vətəndaş: "Soruşan yoxdur ki, ölmüsən, qalmısan..."

Qeyri-iş günləri olduğundan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Meydan TV-nin sorğusuna cavab verməyib.

Jidi kənd icra nümayəndəsi Şamil Mirzəyev isə Meydan TV-yə bildirib ki, vətəndaşa çadır deyil, ev tikintisinə kömək lazımdır.

"Lənkəran Şəhər İcra Hakimiyyəti vətəndaşa ev tikən deyil”, – deyən icra nümayəndəsi məsuliyyəti FHN-nin üzərinə atır.
Yeddi ildir ki, çadırda yaşayan vətəndaş: "Soruşan yoxdur ki, ölmüsən, qalmısan..."

O, vətəndaşın çadıra görə ondan pul almasını isə iftira adlandırıb: "Mənə FHN-dən zəng olunanda dedim ki, ona çadır verməyin, inşaat materialları verin ki, ev tiksin. Çadırın ona nə xeyri var? Hazırda o, çadırda yaşamır, çünki çadır tez xarab olur, xeyri də yoxdur. Vətəndaş elə başa düşür ki, guya mən səhv məlumat verirəm. Çadır üçün yol puluya görə vətəndaşdan ödəniş də almamışam. Bu iddia da yalandır, iftiradır”.

"Vətəndaşın evi sürüşməyə görə deyil, köhnəlməyə görə çöküb. Mart ayının 3-də və may ayının 5-də yenidən FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları evə baxış keçiriblər. Onların rəyləri, qərarları nə olacaq, bilmirəm. FHN vəsait ayırıb ev tiksə, tikəcək, Lənkəran Şəhər İcra Hakimiyyəti ev tikən deyil. Onun elə vəsaiti yoxdur. Sadəcə, ərzaq üçün maddi yardım edib. Ümumi qərar FHN-dən asılıdır”, – icra nümayəndəsi belə deyib.

"Qanunvericiliyə görə biz rəy verib, müvəqqəti yaşayış yeri ilə təmin edirik”

FHN-dən Meydan TV-yə bildirilib ki, qeyri-iş günləri olduğundan vətəndaşın müraciəti iş günlərində araşdırılacaq: "Amma bu halla bağlı yenə də yerli icra hakimiyyəti orqanına müraciət etməli olacaqsınız. Qanunvericiliyə görə, biz rəy verib, müvəqqəti yaşayış yeri ilə təmin edirik. Qərar onlarındır. Amma yenə araşdırarıq”.

"Yenə eyni vəd, eyni yolavermə…”

Vətəndaş isə vurğulayır ki, bütün bunlar yalan vədlərdir, onu əsassız yerə get-gələ salırlar: "Birinci may deyil, apreldə mənim zəngimdən sonra FHN əməkdaşları gəlib təkrar baxış keçiriblər və qeyd ediblər ki, sürüşmədir. İkincisi isə danır ki, bizdən ödəniş almayıb. Amma faktdır ki, çadır gələndə zəng etdi ki, yolpulu ödənişini edin və ödədik. Təkrar bu bayramda FHN-ə gəlmişəm. Əlimdə də nazirliyin son qərarıdır. Dedilər ki, get, iş günündə araşdırarıq. Yenə eyni vəd, eyni yolavermə. Qarşıdan qış gəlir, kömək etsələr, nə olar ki?!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...