Artur Rasizadə idmanla məşğul olur
“Artur Rasizadə obyektiv tənqidə kifayət qədər dözümlü şəxsdir. Onun mətbuatda fəaliyyətini daha çox yaş məsələsinə görə tənqid edirlər... Artur müəllimin yaşı artıq bu qədərdir və s. Artur müəllimin işinin keyfiyyətinə qiymət vermək lazımdır”. Virtualaz.org bildirir ki, bunu “Report”a müsahibəsində Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.
O bildirib ki, hansı jurnalisti baş nazirin səhhəti maraqlandırırsa, səhər Nazirlər Kabinetinin qarşısına gələ bilər: “Saat 08:30-da Artur Rasizadənin karteji artıq Nazirlər Kabinetinə daxil olur və o axşam saat ən azı 19:00-a qədər fasiləsiz iş yerində olur. A.Rasizadə heç vaxt məzuniyyətini tamamilə istifadə etməyib. İldə bir dəfə məzuniyyətinin ancaq iki həftəsindən istifadə edir. İki həftə çox sakit bir guşədə, təbiətin qoynunda dincəlir və sonra yenə iş başına qayıdır”.
A.Əli baş nazirin səhhəti məsələsinə də toxunub və bildirib ki, heç bir ciddi problemi yoxdur. Bundan başqa, A.Rasizadə hər gün idmanla məşğul olur.
Mətbuat xidmətinin rəhbəri Artur Rasizadənin Azərbaycan dilində təmiz danışa bilməməsinə irad tutulmasına da münasibət bildirib: “Rus dilində təhsil alan adamların hamısının danışığında müəyyən “aksent” ola bilər. Amma onun Azərbaycanca oxumasında heç bir problem yoxdur”.
847 dəfə oxundu