Deputatın da şərik olduğu Milli Ankologiya "biznesi" - insanların fəlakəti üzərində qurulan sərvət imperiyası

Deputatın da şərik olduğu Milli Ankologiya "biznesi" -

Bura Azərbaycan Milli Onkologiya Mərkəzinin (MOM) müalicə korpusunun həyətidir. Səhərdir.

Xəstəxananın həyətində dincəlmək üçün ayrılmış yerlərdə solğun bənizli, başı şalla çəkili, analiz üçün qan götürüldüyünə və ya yenicə aldıqları kimyaterapiya prosedurlarına görə qollarında iynə yerləri hələ də qanayan qadınlar, kişilər və onların yaxınları oturub ya analizlərin cavabını gözləyir, ya da dincəlirlər.

Yaşlı bir qadınla yanaşı əyləşmiş solğun bənizli, qısa qumral saçları hələ aldığı kimyaterapiyanın təsirinə tam məruz qalmağa imkan tapmamış, 30 yaşlı Bakı sakini Gülşən də buradadır. O, adını pıçıltı ilə çəkdiyi xəstəlikdən müalicəyə görə "18 ayda, təxminən 18 min manat" vəsait xərclədiyini deyir.

"Əvvəllər əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödəyirdim. Bir ayda iki dəfə gəlirdim 700 verirdim, hər kimyaterapiya bitdikdən sonra isə MRT-yə gəlirdim. 300 manat da onun pulu, o da iki aydan bir olurdu. Qan analizinə bir dəfəyə 25 manat idi, amma o stolda oturan qızlar bizdən 38 manat alırdılar. Deyilənən görə, 25 manat idi. Bir aya ümumi xərclərim 1000 manata gəlib çıxırdı", - Gülşən deyir.

Azərbaycanda böyrək və qaraciyər köçürülməsi: Pasiyent nə qədər xərcləməlidir?

Azərbaycanda vərəmin müalicəsi neçəyədir?

Hemodializ - qanunla ödənişsiz, əslində isə pullu xidmət?

Gülşən özəl klinikadakı xərclərini də topladıqda indiyədək müalicələrinə "20-25 min manat pul tökdüyünü" söyləyir.

"Sağaldım. Yəni, həkimlər elə deyirdilər. Ancaq iki ay əvvəl yenə özümü narahat hiss etdim, gəldik ki, yenə başlayıb. İndi yenə pul xərcləməliyik".

Xəstələr xidmət "pulludur", baş onkoloq "təmənnasız"dır deyir
Bakı Onkologiya Mərkəzinin qarşısında bizə bu xəstəxanada aldıqları müalicəyə pul ödədiklərini deyən təkcə Gülşən deyil.

Mərkəzin həyətində söhbətləşdiyimiz başqa bir pasiyent deyir ki, USM üçün 50 manat ödəyib. Bir başqası "qan analizlərinə 25 manat", digər bir şəxs isə "MRT-yə 150 manat ödədiyini" söyləyir.

Milli Onkologiya Mərkəzinin həyətində görüşdüyümüz xəstələr və xəstə yaxınlarının hamısı xidmətlərin pullu olduğunu bildirir. Söhbətləşdiyimiz şəxslərin hamısı bu xəstəxanada verilən qan analizi, kimyaterapiya, USM-rentgen, MRT xidmətləri üçün müxtəlif məbləğlər ödədiklərini iddia edirlər.

Azərbaycanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə onkoloji xəstələrə göstərilən tibbi xidmətin pullu olması iddialarını rədd edib.

O bildirib ki, Azərbaycanda ikisi aparıcı olmaqla - Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası - fərqli bölgələrdə yerləşən 9 mərkəzdə onkoloji diaqnozu təsdiqlənmiş şəxslərin müayinə və müalicələri təmənnasız aparılır.

Onkoloji yardım haqqında Qanun hökm edir ki, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində "dövlət büdcəsi vəsaiti hesabına" həyata keçirilməlidir.

MOM-un müalicə korpusunun girişində böyük bir qələbəlikdir. Bütün oturacaqlar tutulub. Kişi-qadın, gənc-qoca, körpə - hər yaşdan adam var burada…

Korpusun ikinci mərtəbəsində liftdən çıxıb sola dönəndə xəstələri və onların yaxınlarının min bir ümidlə üz tutduqları kimyaterapiya şöbəsinin qarşısına çıxırsan. Şöbənin qarşısında bir neçə nəfər oturub.

Burada oturanlar yeni gələnləri salamlayır, dərhal söhbətə keçirlər. Hər gələnə ilk sualsa "Sən niyə gəlmisən?" olur.

Azərbaycanın bölgələrindən birindən gəlmiş 62 yaşlı Münəvvər xanım da (ad müsahibin istəyi ilə dəyişdirilib-red.) məni görən kimi üzümə diqqətlə baxıb, "sən niyə gəlmisən" sualını verir.

Gəlişimin səbəbini ona deyəndə tələsik ətrafa nəzər salır,onu eşidən yoxdur ki?!

Münəvvər xanım danışır ki, yanvar ayında döşünün ucu şişdiyi üçün özü evdə türkəçarə edib, lakin şişin keçmədiyini görüncə övladlarına xəbər verib və onlar da onu Milli Onkologiya Mərkəzinə gətiriblər.

"Səkkiz aydır gəlib-gedirəm. Həkim deyir ki, kimyaterapiya ilə getməsə, əməliyyat edərik. Mənim qiymətlərdən xəbərim yoxdur. Heç bu zəhrimardan da başım çıxmır. Uşaqlardan da neçə dəfə soruşmuşam nə qədər pul xərcləyirlər bura, mənə demirlər. Uşaqlarım deyir ki, sən ye, iç, müalicəni al. Nəyinə lazımdır, nə qədər xərcimiz çıxıb?" - o qayğısından məmnuniyyətlə bəhs edir.

Elə bu vaxt kimyaterapiya almaq növbəsi çatan Münəvvər xanım söhbətini elə gülə-gülə də bitirib, içəri keçir.

"USM-ə diri 50-lik, kimyaterapiyaya 350..."

Milli Onkologiya Mərkəzinin həyətində adamlar əllərində kağızlar tələm-tələsik bir korpusdan digərinə girib-çıxırlar...

Kimyaterapiya şöbəsinə getmək üçün liftə daxil oluram. Liftin qapısı bağlanarkən, təxminən 40 yaşlarında bir qadın qaçaraq içəri daxil olur. "Ordan ikinci mərtəbənin düyməsini mənim üçün bas" deyir, sonra da şikayət qarışıq söhbətə başlayır:

"İki xəstəxana arasında qalmışam. Ora qaçıram, ordan da çıxıb bura qaçıram. Bilmirəm neyləyim. Özüm də gecikmişəm", - üz-gözünə dağılan, aralarında gümüşü zolaqlar görünən qara birçəklərini toplamağa çalışır.

Adının çəkilməsini istəməyən müsahibim yanvardan bəri hər ay anasını kimyaterapiyaya gətirdiyini deyir.

Liftin qapısı açılır, qadın "indi qayıdıram" deyib anasını yoxlamağa gedir...

Onu gözləyə-gözləyə başqalarına yaxınlaşıram. Kimyaterapiya otağının qarşısında yaşlı bir qadınla ona bənzəyən gənc bir qadın əyləşib: ana-baladırlar. Gənc qadın ağlaya-ağlaya anasına ürək-dirək verir:

"Xalxın cavan yaşda uşaqları bu andırdan tapır. Ağlama. Məni də incidir. Neyləyək?!"

Bu ailənin başçısına dördüncü mərhələdə olan "ağciyər xərçəngi" diaqnozu qoyulub. Onlar xəstəlikdən təzə xəbər tutublar. Lənkəranda müalicələrin "nəticəsi olmadığı üçün" gəliblər Bakıya.

"Birinci dəfədir gətirmişik. İndicə 350 manat ödəyib gəldim. Qan analizlərinə nə qədər verdiyimi unutdum. USM-ə diri əllilik verdim".

"İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir"
Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, real vəziyyətin necə olduğunu dəqiq bilməsə də, onkoloji xəstələrdən pul alınması ilə bağlı "şikayətlərin gəldiyi ona da məlumdur".

Onun fikrincə, hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra bir çox xidmət icbari tibbi sığorta paketinə daxil edildiyi kimi "onkoloji xəstələr də birmənalı olaraq o paketə daxil edilməlidir".

Adil Qeybulla hesab edir ki, "bu zaman bu sahədəki problem aradan qalxa bilər".

"Azərbaycanda son illərdə onkologiya sahəsində irəliləyiş və inkişaf olsa da, xəstələrdən tibbi xidmətin ödənişli olması ilə bağlı şikayətlərin gəlməsi yaxşı hal deyil", - o vurğulayır.

"Bu cür şikayətlər, narazılıqlar varsa, aidiyyatı qurumlar, şəxslər bunu araşdırmalıdır. Bu, əslində həll olunmalı məsələdir, çünki icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə onkoloji xəstələrin müalicəsi bütövlükdə o icbari tibbi sığorta paketinə daxil edilir", - həkim əlavə edir.

Milli Onkologiya Mərkəzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olub-olmaması barədə aidiyyatı qurumlardan konkret cavab almaq mümkün olmayıb.

Lakin bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilən (İcbari Tibbi Sığortaya baxan xəstəxanalar TƏBİB-in tabeliyindədir) xəstəxanalar, dispanserlərin siyahısında MOM-un adı yoxdur.

Nazirlər Kabinetinin 1 dekabr 2020-ci il tarixli sənədində isə TƏBİB-in tabeliyinə verilmiş müəssisələr arasında bir sıra tibb müəssisələri ilə yanaşı, MOM-un da adı istisnalar siyahısındadır. Belə görünür ki, indi səhhətində şikayəti olan şəxslər yalnız onkoloji diaqnozu təsdiqlənənə qədər icbari tibbi sığortadan yararlana bilər.

"Burada pulsuz heç nə yoxdur"
Anasını yoxlamağa getmiş müsahibimiz qayıdıb gəlir. Yerini rahatlayıb söhbətə başlayan kimi deyir ki, hazırda bir gəlişdə kimyaterapiyaya "150 manat" ödəyir:

"Əvvəllər, lap təzə gələndə 350 manat verirdik. Sonra şikayət etdik. Prezidentə yazdıq. Prezidentdən bizə cavab gəldi ki, bu xəstəliyin müalicəsi pulsuzdur. İndi kağızımız var, onu göstəririk, 150 manat veririk bir dəfə kimya vurulmasına. Nə edək? Onu verməsən də olmur. Çox qəddardırlar. Verməsək, birdən az vurarlar, birdən anama nəsə edərlər", - qadın deyir.

O iddia edir ki, yanvar ayından indiyədək anasının xəstəliyi ilə bağlı təkcə bu xəstəxanaya 1600 manatadək vəsait xərcləyib:

"O pulu mənim uşağım tələbə stipendiyası ilə yığmışdı. Uşaq səhər evdən çıxır dərsə, axşam da dərsdən çıxıb işə gedir. Oradan qazandığından qənaət edib yığmışdı. Nənəsinin müalicəsinə pul lazım oldu, gətirib verdi ki, "təki, nənə sağalsın"".

Xəstəxanada pul ödədiyini deyən xəstələrin hamısı bildirir ki, onlara ödədikləri pulun qarşılığında hər hansı qəbz verilməyib.

"Kimyaterapiya alsaydı, bəlkə yaşamaq şansı olardı"
Bir müddət əvvəl Astaranın Suparibağ kəndinin sakini Vəsilə Salmanova bölgədə rastlaşdığı BBC müxbirlərinə Milli Onkologiya Mərkəzində ondan kimyaterapiya üçün bir həkimin "500 manat pul istəməsilə" bağlı şikayət etmişdi.

Vəsilə Salmanovanın bildirmişdi ki, qardaşı "ağciyər xərçəngindən əziyyət çəkir və pul ödəmədiyi üçün onun qardaşını həkim kimyaterapiya etməyib".

Bu yazı hazırlanarkən əlaqə saxladıqda Vəsilə Salmanova 64 yaşlı qardaşının artıq vəfat etdiyini deyir və vurğulayırdı ki, "kimyaterapiya alsaydı, bəlkə də yaşamaq şansı olardı".

"Baş Prokurorluğa şikayət edəcəyəm, çünki hələ də yadımdan çıxmır. Həkim bizə dedi ki, ödəniş etməmisiniz, sizi axıra saxlayacam. Bizdən sonra gələnləri qəbul etdi, bizi etmədi. Bir gün axşama kimi xəstə adamı da, məni də o qapının ağzında saxladı, gözlətdi", - Vəsilə Salmanova vurğulayır.

Onkologiya xəstələrinin statistikası
2021-ci ilin statistikasına görə, Azərbaycanda hər 100 min nəfərə ilk dəfə qoyulmuş diaqnozla 136,2 nəfər onkoloji xəstə düşür.

2020-2021-ci illərdə müvafiq olaraq, ölkədə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 11 595 və 13 644 nəfər olub.

Ötən ilin məlumatlarına görə, ölkədə ümumi 59 minə yaxın onkoloji xəstə var. Bu, hər yüz min nəfərə 587,3 nəfər deməkdir.

Bu ilin büdcəsindən ayrılan 47 milyon manat
Azərbaycan Səhiyyə Nazirliyindən BBC-yə bildiriblər ki, Milli Onkologiya Mərkəzinə büdcədən vəsait ayrıca verildiyi üçün bir onkoloji xəstənin illik müalicəsi üçün nə qədər vəsaitin ayrılması ilə bağlı onlarda məlumat yoxdur. MOM-dan isə bir onkoloji xəstəyə ayrılan illik vəsaitin məbləği ilə bağlı şərh almaq mümkün olmayıb.

Azərbaycanda Milli Onkologiya Mərkəzinə birbaşa vəsait ayrılması 2007-cı ildən həyata keçirilir.

2022-ci ilin büdcəsi üçün müəssisəyə 47 milyon manata yaxın vəsait ayrılıb. Sənəddə bu məbləğin təkcə Milli Onkologiya Mərkəzinə ayrılması, yoxsa həmin vəsaitdən digər onkoloji dispanserlərin də yararlana bilib-bilməyəcəyi göstərilmir.

Xərclərin strukturu barədə məlumatlar ictimailəşdirilmədiyi üçün bu vəsaitin nə qədərinin dərmana, texniki təchizata ayrıldığı məlum deyil.

"Onkoloji yardım haqqında" Qanuna əsasən, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

MOM-un baş onkoloqu Azad Kərimov rəhbərlik etdiyi müəssisəyə ayrılmış xərclərin strukturu barədə BBC-nin sualına cavab verməyib. O, eyni zamanda bu mərkəzdə BBC-nin pasientlərin xərclərilə bağlı topladığı iddiaların "yalan olduğunu" iddia edib.

"Bu pul kiməsə az görünə bilər"
Gülşən deyir ki, müalicənin ilk mərhələlərində ona maddi yardım etmiş qohumlarının "daha kömək etməyə gücü qalmayıb".

"Mənim qardaşlarım, qohumlarım, qaynım, qaynatam, başqa qohumlarım birinci dəfə müalicəm üçün əllərində olanı verdilər, kredit götürdülər, məni sağaltdılar. İndi ikinci dəfə baş qaldırıb. Hamı hələ də o əvvəlki kreditləri ödəyir. Bəs, mən indi hardan alım pulu? İkinci dəfə yenidən şiş tapılanda gəldik, birinci prosedura 350 manat verdik. Axı, tək o da deyil, bunun başqa dərmanları da var. Getdik danışdıq, mən buranın öz xəstəsi olduğum üçün endirim etdilər, indi bir kimyaterapiyaya 150 manat verirəm. Qeydiyyatda oturanlar da çox alır. 10 manat qan puludursa, 15 alıb 5-ni də özlərinə götürürlər. Həkimlə danışmışıq, o qan analizi götürən qızlara zəng vurur, yarı qiymət ödəyirəm. O dəfə analizlərə 12 manat verdim, bu gün də bir analizə 4 manat verdim. Bu pul kiməsə az görünə bilər. Ancaq bizim üçün az deyil axı".

Gülşən bu dəfə neçə kimyaterapiya proseduru keçəcəyini bilmir, lakin artan müalicə xərcləri onun qayğılarını da artırmaqdadır.

"Pul-para tapılan şeydir, amma bir nəfər xəstələnirsə, bütün ailə əziyyət, zülüm çəkir. Ancaq yaşamaq da istəyirsən. Hərdən canım ağrıyanda, üstəlik maddi sıxıntılar da üstünə gələndə, bax, bir oğlum var, bununla belə hərdən yaşamaq arzum tamam yox olur. Elə istəyirəm gözümü yumum, oyanmayım", - Gülşən deyir və analizlərinin cavabını almağa gedəcəyi üçün sağollaşır... //BBC//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...