Naxçıvanda Prezident Fərmanı necə “sünnətlənir”? – “Kiçik torpaq”da şok “xanlaşdırma” siyasəti

Naxçıvanda Prezident Fərmanı necə “sünnətlənir”? –
Naxçıvan Muxtar Respublika hakimiyyəti nə qədər “burda mənəm, Pxenyanda Kim Çen İn” fəlsəfəsini özünün idarəetmə mexanizminin əsas devizinə çevirsə də, əldə etdiyimiz məlumatlar onu göstərir ki, bölgədən gələn şikayətlər ictimailəşdikcə “xanlıq” rejiminin buzu qətrə-qətrə əriyir.

Naxçıvan polislərinin adından redaksiyamıza göndərilən bir məktub bu iddianın ən bariz nümunəsidir. Məktubda deyilir:

“Bildiyimiz kimi, 2022-ci ilin yanvar ayında Naxçıvan MR DİN-də xidmət edən polis əməkdaşlarının aylıq əmək haqları 20% kəsilmişdi. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev DİN əməkdaşlarının əmək haqqlarının 20% artırılması ilə bağlı fərman imzalamışdı. 23 dekabr 2021-ci il tarixli Fərmanda bildirilirdi:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

6. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2021-ci il”.

Naxçıvanda Prezident Fərmanı necə “sünnətlənir”? –


Maraqlıdır ki, Prezident İlham Əliyevin bu Fərmanı Azərbaycan DİN strukturlarında qüsursuz həyata keçirilsə də, Naxçıvan MR yenə öz ampluasından kənara çıxmamış, “Burda yalnız “xan” həzrətlərinin hökmü keçər” prinsipinə uyğun olaraq Muxtar Respublika polislərinin maaşını artırmamışdı. Ovqat.com əldə etdiyi bu məlumatı dərhal işıqlandırmışdı.

(Bax: Naxçıvan MR DİN-in “muxtar” ampluası: Prezident Fərmanına yenə məhəl qoyulmur)

Naxçıvan polisləri adından radaksiyamıza göndərilən təşəkkür məktubundan belə aydın olur ki, yazımızdan sonra “xan” rejimi öz muxtar özbaşınalığa son vermək qərarına gəlib. Məktubda qeyd olunur: “Yazınızdan sonra fevral ayında əmək haqları 2 ay artım ilə birlikdə verildi. Yenə də polis əməkdaşları sizə dua edirlər. Çünki artıq hər kəs anlayır ki, bu məsələ Heydər Oğuzun sayəsində öz həllini tapdı. Allah Sizi qorusun”.

Bununla belə, dəyərli oxucularımız “Şükür Allaha, “xanlıq” rejimini də islah etmək olarmış” deyib sevinməyə tələsməsinlər. Məsələ burasındadır ki, Naxçıvan Muxtar Respublikası rejimi Prezident Fərmanını tam icra etməyib, geri addım atanda belə, ənənəvi “xanlıq” prinsiplərinə də ayaq yeri buraxıb. Belə ki, sözügedən Fərmanın 2-ci maddəsində polis əməkdaşları ilə birlikdə, DİN-nin dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 20 faiz artırılması nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasında isə sanki Fərmanın 2-ci maddəsi silinərək həyata keçirilib. Bir növ, Prezident Fərmanı “sünnətlənərək” “xanlaşdırılıb”. Hər halda redaksiyamıza göndərilən ikinci məktubdan belə anlaşılır:

“Salam, Heydər bəy. Mən Naxçıvan MR DİN-də mülki işçi kimi işləyirəm. Fevral ayında Naxçıvan MR DİN-in xüsusi rütbəli əməkdaşları maaşlarını artımla aldılar. Lakin biz mülki işçilərin maaşları artılımadı. Biz (Operator-qeydiyyatçı, xadimələr və bağbanlar) 260-270 manat civarında əmək haqqı alırıq. Bu əmək haqqı isə bizi onsuz da qane etmir. Cənab Prezidentin 23.12.2021-ci il tarixli Fərman imzalayaraq bizi xeyli sevindirmişdi. Çünki Fərmanda “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılması nəzərdə tutulurdu. Lakin Naxçıvanda Prezidentin Fərmanı kobud surətdə pozulur. Bizim maaşlarımızın artılmasına Naxçıvanın Maliyyə Naziri Rəfail Əliyev və Daxili İşlər Naziri Rəşad İsmayılov icazə vermir. Xahiş edirik bizim məsələmizi də işıqlandırın. Bəlkə öz həllini tapdı. Naxçıvan hakimiyyəti bizim – 260-270 manat civarında maaş alan xadimələrin haqqına göz tikir”.

Naxçıvan MR DİN-nin xadimələri adından redaksiyamıza ünvanlanan bu məktub Heydər Oğuzun bir qəzəlində qələmə aldığı aşağıdakı sətirləri xatırladır:

“Yaradan kimsəyə çox gördüsə başdan çörəyi,
Çıxacaqdır özün öldürsə də daşdan çörəyi.

Bir zamanlar yiyədən buğda oğurlardı nökər,
Yiyələr indi oğurlar qaravaşdan çörəyi”.

Redaksiyamıza Naxçıvan MR DİN-nin fəaliyyəti barədə başqa çoxsaylı məktublar da göndərilib. Məktublarda maraqlı məlumatlar əks olunub. İrəli sürülən iddiaları araşdırdığımızdan hələ ki yayımlamırıq. Bircə onu qeyd etməklə kifayətlənir ki, Naxçıvanda vətəndaşların qanı yenidən zəli kimi “sorulmağa” başlanıb. Özü də çiçəyi burnunda nazir Rəşad İsmayılovun göstərişi ilə.

İddialara inansaq, Naxçıvanda vətəndaşları yenidən cərimələnməyə başlanılıb. Bu cərimələrin miqdarını və növünü isə hansısa Məcəllə yox, Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov müəyyənləşdirir. Təsəvvür edirsinizmi, Naxçıvanda Prezidentin qanun hökmündə olan Fərmanları media orqanlarının işıqlandırmasından sonra belə, “sünnətlənərək” həyata keçirildiyi halda, MR Daxili İşlər naziri Rəşad İsmayılovun şəxsən müəyyənləşdirdiyi cərimə sanksiyaları dərhal yerinə yetirilir. Başqa sözlə, Rəşad İsmayılov adlı bu şəxs özünü istəmədiyi dövlətə sanksiya tətbiq edən ABŞ prezidenti kimi aparır.

Halbuki, 07.02.2022-ci il tarixdə Naxçıvan MR DİN-də keçirilən müşavirədə Rəşad İsmayılov Ali Məclisin sədri Vasif Talıbovun qarşısında çıxış edərək “indiyə qədər yol verilmiş nöqsanları aradan qaldıracağına” söz vermişdi. Görünür, yeni nazirin fikrincə, indiyə qədər yol verilən nöqsanlar Fazil Ələkbərov tərəfindən vətəndaşlardan “astronomik” məbləğdə yox, 3000-5000 manat intervalında pul alınması imiş. Adına şərti olaraq “Rəşad İsmayılovun Yazılmamış İnzibati Cəza Məcəlləsi” dediyimiz cərimələrin alınması sərgüzəştləri barədə ətraflı yazımız olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...