“Xalqlar dostluğu” yarmarkasında narazılıq və qorxu hökm sürür REPORTAJ

“Xalqlar dostluğu” yarmarkasında narazılıq və qorxu hökm sürür

Bir neçə il əvvələdək Bakının ən gur pal-paltar satış mərkəzlərindən biri kimi tanınan, digər ticarət mərkəzləri kimi sərt karantin dövründə fəaliyyəti dayandırılan və ancaq bu ilin yay aylarından fəaliyyətini bərpa edən “Xalqlar Dostluğu” yarmarkasında alver kəskin zəifləyib. Nəticədə icarəçilər icarə haqlarını ödəmək gücünü itirib və onlarla ticarətçi sahibkarın yer haqlarını azaltmaqdan imtina etməsinə etiraz olaraq mağazalarını bağlayıb. Və küçəyə çıxaraq öz narazılıqlarını ifadə etməyə çalışıblar.

Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, ticarətçilərin icarə haqlarını azaltmaq xahişlərinə sahibkar rədd cavabı verib. Onlar mağazalarını kütləvi şəkildə bağlayacaqlarını deyəndə isə “gedin nə istəyirsiniz eləyin” məzmunlu cavab eşidiblər. “20 ildir işlətdiyim mağazanı bağlamalı olmuşam, yer pulundan 2 aya cəmi 50 manat güzəşt ediblər. Deyirlər işləyə bilmirsiz, bağlayın, hara istəyirsiniz gedin...”, - ticarətçilərdən biri deyir.

“Xalqlar dostluğu” yarmarkasında narazılıq və qorxu hökm sürür
“Xalqlar dostluğu” yarmarkasında narazılıq və qorxu hökm sürür
“Xalqlar dostluğu” yarmarkasında narazılıq və qorxu hökm sürür
“Xalqlar dostluğu” yarmarkasında narazılıq və qorxu hökm sürür
“Xalqlar dostluğu” yarmarkasında narazılıq və qorxu hökm sürür


Bu görüntülərdən çıxış edərək “Xalqlar Dostluğu” yarmarkasının ticarətçilərinin güzəranlarını yerində araşdırmağı qərara aldıq. Məlum oldu ki, dünən sosial şəbəkələrdə yayılan həmin bir neçə saniyəlik etiraz görüntülərindən sonra polis və sahibkarın adamları ticarətçilərə təzyiq göstərib, nəticədə onların arasında indi narazılıqla yanaşı həm də qorxu hökm sürür. Onların heç biri adlarının çəkilməsini istəmir, ümumiyyətlə, danışmaqdan belə çəkinirlər. Çünki sahibkarın adamlarının içəridə dolaşdıqlarını, onları güddüklərini deyirlər.

virtualaz.org xəbər verir ki, yarmarkadakı mağazaların əksəriyyəti hazırda boşdur, işləyən mağazaların sayı barmaqla sayılacaq qədərdir. Ticarətçilər deyirlər ki, pandemiyanın pik vaxtlarında, sərt karantin dövründə işsiz qalıblar, ciddi zərərə düşüblər, çoxunun banka borcu yaranıb. Bir tərəfdən də əhalinin alıcılıq qabiliyyəti azaldığından, yaxınlıqda yeni mağazalar açıldığından alver “ölüb.”

Buna görə də icarəçilər ticarət mərkəzinin sahibindən heç olmasa gələn ilin yanvar-fevral ayında yer haqlarını azaltmağı xahiş edirlər. Bununla belə, jurnalist olduğumuzu biləndə ticarətçilərin heç biri şəkillərinin çəkilməsini istəmir, adlarını belə deməkdən çəkinirlər. Onlardan biri deyir ki, yarmarka sahibinin adamları səhər tezdən ticarət mərkəzindədir. Və etiraz edənlərə güzəşt olunmayacağı, əksinə mağazalarının əllərindən alınacağı haqda xəbərdarlıq edilib.

Yarmarkada dünən 86 mağazanın qapısına qıfıl vurulub. Bağlanan mağazalardan birində işləmiş qadın satıcı göz yaşı içərisində danışır ki, hazırda banka 25 min manatdan çox borcu var, iki uşaq oxudur.



-Bu balaca piştaxta üçün 550 manat yer haqqı ödəyirəm, qonşum 850 manat yer pulu verir. Son 15-20 gündə 20-30 manat gəlirimiz olmayıb. Heç qapını açıb mala baxan da yoxdur, - satıcı deyir.

Əlavə edir ki, adlarını açıqlamaq istəməyən ticarətçiləri qorxduqları üçün qınamaq lazım deyil. Hamı ümidlə gözləyir, bəlkə günün sonunadək az da olsa güzəştlə bağlı sahibkarla razılığa gələ bilərlər. Düşünürlər ki, mətbuata şikayət etməklə sahibkarı qəzəbləndirə bilərlər. Onsuz da etiraz edənlər haqda polisə şikayət olunacağı ilə bağlı xəbərdarlıq edilib.

Bu arada, qadınla söhbətimizə əlindəki dəftərdə qeydlər aparan cavan oğlan müdaxilə edir. Özünü təqdim etmək istəməsə də, deyir ki, bura özəl mülkdür, şəkil çəkmək üçün əvvəlcədən icazə alınmalıdır. Bəlli olur ki, həmin şəxs sahibkarın yaxınıdır, yer haqqı toplayanlardan biridir.



-Dünən axşam bura toplaşanlar deyiblər ki, 15-20 ildir bu yarmarkada mağaza işlədirlər. Amma aralarında çoxunun heç 25-30 yaşı yoxdur. Onların dərdi tək yer haqqı deyil, istəyirlər ki, hələ bir cibimizdən pul da verək, üstəlik mal da gətizdirək, - o, dünən baş verənlərə bu cür kobud və özündənrazı formada münasibət bildirir.

Sahibkarın adamının bu dediklərinə yaxınlıqdakı ticarətçilərdən heç kim cavab vermir...

Satıcılardan biri az qala pıçıltı ilə bizə deyir ki, yarmarkanın arxasında gözləyək, yalnız bunlar çıxıb gedəndən sonra ətraflı danışa biləcəklər.

Hazırda işləyən mağazaların icarəçiləri isə deyirlər ki, alver olmasa da onların mağazanı açmaqdan başqa əlacları yoxdur, çünki yerləri əllərindən alınsa, acından öləcəklər:

-Son illər o qədər mağaza, ticarət mərkəzi açılıb ki, bura gəlib-gedən yoxdur. Bir neçə ilədək əksəriyyət özü xaricdən mal gətirib satırdı. İndi çoxu “Binə”, “Sədərək” yarmarkasından mal alıb üstünə 1-2 manat qoyub satır. Bəzən elə ay olur ki, yer haqqını çıxara bilmirik. Ərzağa baxmayın, indi az adam özünə təzə pal-paltar alır.

Ticarətçilər onu da bildiriblər ki, pandemiyanın pik vaxtlarında belə sahibkar onlara güzəşt etməyib. Mağazalar bağlı qalsa da, yer haqqlarını vaxtlı-vaxtında ödəyiblər. İndi də onlara hər hansısa bir güzəştin ediləcəyinə inamları yoxdur. Satıcılardan biri əlavə edir ki, toplaşıb etiraz etməyin də mənası yoxdur. Çünki fürsətdən istifadə edib onları karantinin tələblərini pozmaqda, virus yaymaqda günahlandırıb cərimələyə bilərlər. Bunu görə də həmin icarəçi mağazanı bağlamaq istəməyib. Səhər tezdən işə gəlib, baş verənləri müşahidə edir, qərar verməyə tələsmir.

Bu arada bir yerə toplanaraq vəziyyəti müzakirə etmək istəyən icarədarlara məlumat çatır ki, tezliklə əraziyə polis və sahibkarın nümayəndəsi gələcək. Buna görə də bir yerə cəmləşib müzakirə aparanlar dərhal uzaqlaşırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...