DGK rəhbərliyi hazır məhsulu NİYƏ külçə kimi sənədləşdirir - -FAKT
Monopoliyanın ölkə iqtisadiyyatına ciddi zərbə vurması, orta təbəqəni sıradan çıxartması, azad sahibkarlığa mane olması, süni qiymət artımı yaratması, əhalini hakimiyyətdən narazı salması heç kimə sirr deyil.
Bu məsələdə Dövlət Gömrük Komitəsinin rolu birmənalıdır. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev son illər inhisara-inhisarçılğa qarşı sözün həqiqi mənasında müharibə elan edib. Bunun üçün qanunvericilik, struktur, idarəetmə səviyyəsində bütün lazım olan addımları atıb. Hətta cənab Prezident monopoliyada əsas rol sahibi olan DGK rəhbərliyini yenisi ilə əvəz edib. Bunu görən iş adamları, sahibkarlar düşündü ki, onların fəaliyyətinə daha maneçilik olmayacaq. DGK-nın yeni sədri cənab Səfər Mehdiyevin verdiyi pafoslu açıqlamalar isə biznes çevrəsində böyük ümidlər yaratdı. Amma atalar demişkən, sən saydığını say, görək DGK rəhbərliyi nə sayır və ən əsası necə sayır ?
Son vaxtlar DGK-nın fəaliyyəti ilə bağlı ölkə mətbuatında dərc olunan yazılar onu göstərir ki, heç nə dəyişməyib, böyük satirik Mirzə Cəlil demişkən, “Haman göl, haman qurbağa”. DGK-nın yeni rəhbərliyinin iş adamlarına, sahibkarlara yaratdığı çoxsaylı problemlərlə bağlı NUH.az saytına tez-tez müraciətlər daxil olur. Həmin müraciətlərdən birini dərc edirik. Müdriklər demişkən, dəniz suyunun dadını bilmək üçün bircə damcı da kifayətdir.
Məlumat üçün qeyd edək ki, Gəncədə 3 ildir fəaliyyət göstərən Salehoğlu LTD MMC şirkəti əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkətinin rəhbəri Cənnətov Tahir Saleh oğlu Qarabağ müharibəsi veteranıdır, 1992-94-cü illərdə döyüşüb, yaralanıb və hazırda əlildir. Şirkətin ekspertiza üzrə mütəxəssisi Məmmədov Bayram Camal oğlu DGK-nın sahibkarlara yaratdığı problemlərlə bağlı saytımıza aşağıdakıları bildirdi:
“Şirkətimiz digər şirkətlərlə xidməti müqavilə bağlaylb onlara xidmət göstərir. Hazırda AVİSTA MMC şirkəti ilə xidməti müqaviləmiz var və həmin şirkətin məhsullarını alıb əridərək istehsal edib çubuq şəkilində, yəni hazır məhsul formasında onlara qaytarırıq. Və hazır çubuqları özümüz və həmin şirkət ixrac edirik.
Son vaxtlar davamlı olaraq hər konteynerdə 24 ton olmaqla 11 konteyner hazır məhsul ixrac etmişik. Daha dəqiq desək, 10 konteyner ( yəni 240 ton ) hazır məhsul ixrac olunub, 11-ci konteyneri isə saxlayıblar. 6 konteyner məhsul Qərb Ərazi Gömrük İdarəsinin (QƏGİ ) laboratoriyasında yoxlanılıb və qanuna uyğun olaraq dövlət rüsumunu ödəyərək maneəsiz ləngimədən keçib. 4 konteyner isə bizdən asılı olmayan səbəbdən Gömrük laboratoriyasında 3-4 gün gecikdirilir və hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur oluruq. Bunu DGK rəhbərliyi bilərəkdən edir.
10 gün əvvəl QƏGİ-dən bizə deyiblər ki, sizin məhsullar DGK-nin Laborator Ekspertiza İdarəsində və Elmlər Akademiyasının Bioloji Tədqiqat şöbəsində laborator-müayinə olunacaq və 6 ay sizin məhsullar heç bir maneə olmadan ixrac olunacaq. Ancaq DGK rəhbrəliyi bizə yeni qayda təklir edir. Bizim hazır məhsulları-latun və mis çubuqları hazır məhsul kimi deyil, məhz külçə kimi sənədlışdirməyi tələb edir. Axı, biz böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ildə 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu necə külçə kimi sənədləşdirə bilərik?
Axı, Nazirlər Kabinetinin hazır məhsul və külçə ixracı ilə bağlı qərarı var. DGK rəhbərliyi hökumətin qərarını ayaq altına atır. Öz çirkin məqsədləri üçün.
Bircə sadə hesabla DGK-nın sahibkarın başına açdığı oyuna nəzər salaq.
Nazirlər Kabinetinin qərarı ilə 1 ton latun, mis külçənin ixrası üçün dövlətə 320 dollar rüsum ödənməlidir. Deməli bizim şirkət 24 ton külçə üçün 24 x 320 = 7680 dollar rüsum ödəməlidir.
Əslində bizim şirkət hazır məhsula görə NK-nın qərarına uyğun olaraq 1356 manat rüsum ödəməliyik. 7680 dollar hara, 1356 manat hara ? Fərqi gördünüz.
Bunu DGK qanunsuz olaraq bizdən tələb edir. QIGİ-dan bizə bildiriblər ki, yuxarıdan tələb edirlər ki, hazır məhsulları külçə kimi sənədləşdirin. Mən məsələ ilə bağlı 2 dəfə DGK-da oldum. Məni heç kim qəbul etmədi. Daxili telefonla əlaqə saxladığım şəxs bildirdi ki, biz sizə sübut edəcəyik ki, sizin hazır nəhsul külçədir. Yəni DGK zorla hazır məhsulu külçə kimi sənədləşdirməyi tələb edir. Görünür ki, DGK rəhbərliyi əlvan metalların, hazır məhsulların ixracı ilə bağlı yeni monopoliya yaratmaq istəyir”.
Bayram Məmmədov bu gün redaksiyamıza zəng edərək bildirdi ki, problemlə bağlı bir neçə saat əvvəl DGK-nın Ekspertiza İdarəsində oldum: “Şöbə müdiri İsgəndər müəllim mənə dedi ki, sizə çubuq-hazır məhsul kodu verə bilmərik, yuxarıdan tapşırıblar ki, ancaq külçə kodu verin”.
Şirkətin nümayəndəsi onu da bildirdi ki, Qarabağ veteranı olan işçilərimiz DGK-nın qanunsuz əməllərinə etiraz olaraq ölkə başçısına müraciət ünvanlayıb və yaxın vaxtda DGK qarşısında etirazımızı bildirəcəyik.
Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, şikayəti elektron poçtumuza göndərin araşdıraq. Biz şikayəti komitənin elektorn poçtuna göndərdik.
1086 dəfə oxundu