DÖVLƏT İNVESTİSİYA ŞİRKƏTİ PULLARI BELƏ BATIRIB… – Hesablama Palatasının ŞOK HESABATI

DÖVLƏT İNVESTİSİYA ŞİRKƏTİ PULLARI BELƏ BATIRIB… –
Şirkət 18 ildə cəmi 22 layihəyə 184,6 milyon dollar yatırım edilib

Hesablama Palatası Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini audit edib və çoxsaylı nöqsanlar aşkarlayıb. Palatanın açıqladığı audit qiymətləndirməsindən aydın olur ki, AİŞ 2021-2022-ci illər üzrə riskli və səriştəsiz yatırımlar edib. Yatırım etdiyi şirkətlər sırasında cəmi bir şirkət divident ödəyib.

Şirkətin rəsmi səhifəsində göstərilib ki, AİŞ-in prioritet vəzifələri Azərbaycanda həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq, birbaşa investisiyalar, istedad və texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq, qeyri-neft sektorunun inkişafına töhfə vermək, iqtisadiyyatın inkişafına, habelə iqtisadi diversifikasiya və idxal əvəzləyici proseslərə dəstək verməkdir.

Hesablama Palatası isə açıqlayıb ki, AİŞ bütün bunları nəzərə almayıb və əsas istiqamətini asan gəlir yeri kimi qiymətli kağızlara yönəldib: “AİŞ-in idarə olunan aktivlərinin böyük hissəsini dövlət və korporativ istiqrazlar təşkil edib, auditlə əhatə olunan dövrdəki gəlirlərinin əsas hissəsi bu qiymətli kağızlar üzrə ödənilmiş faizlər hesabına formalaşıb. Belə ki, auditlə əhatə olunan dövrün sonuna AlŞ-in idarə olunan aktivlərinin 60,1 faizini onun istiqraz portfeli təşkil edib, ümumiyyətlə, AİŞ-in 2021-ci ildə əldə etdiyi gəlirlərin 69,4 faizini, 2022-ci ildə isə 83,2 faizini istiqrazlardan gəlirləri təşkil edib”.

Palata həmçinin əlavə edib ki, AİŞ “Bakı Gəmiqayırma Zavodu” MMC-yə və ona məxsus qiymətli kağızlara nizamnamə kapitalının 64,8 faizi həcmində investisiya edib. Bu da portfelin böyük hissəsinin bir aktivə yatırılması ilə bağlı konsentrasiya riski yaratmaqdadır.

Aşkar edilən nöqsanlar bununla da yekunlaşmır. 2022-ci ildə “Azərbaycan Biznesin İnkişafı Fondu”nun yaradılması təmin edilmədiyindən onun üçün nizamnamə kapitalı kimi nəzərdə tutulmuş 43 milyon manat AİŞ-in nizamnamə kapitalına yönəldilib. AİŞ isə bir gün sonra həmin vəsaitin 46,5 faizini dövlət qiymətli kağızlarına yatırıb.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti Prezidentin müvafiq sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

Şirkətin saytında yerləşdirilən məlumatdan aydın olur ki, 18 ildə cəmi 22 layihəyə 184,6 milyon dollar yatırım edilib.

Hesablama Palatası qeyd edir ki, auditlə əhatə olunan dövrdə “Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ) gəlirlilik göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə artması və likvid vəsaitlərin idarəolunması istiqamətində pozitiv dəyişikliklər fonunda, əvvəlki illərdə investisiya yönəldilmiş portfel şirkətlərin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmayıb, bəzi layihələrin AİŞ-in maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri həmin layihələrin nominal dəyərindən aşağı olub. Həmçinin portfel şirkətlərin satışından gəlirlər həmin gəlirlərin əldə edilməsi üçün çəkilən xərclərdən dəfələrlə az olub.

AİŞ-in 01.01.2021-ci il tarixə ümumi portfelinin həcmi 338 milyon 270 min 542,4 manat təşkil edib. Portfelin 64.236.143,2 manat və ya 19,0 faizini AİŞ-in səhmlər və nizamnamə kapitalında iştirak payı, 145.742.400,0 manat və ya portfelinin 43,1 faizini istiqraz portfeli, 27.450.000,0 manat və ya 8,1 faizini depozit porfeli, 8.060.455,2 manatı və ya 2,4 faizini cari bank hesablarının qalığı, 92.781.544,0 manatı və ya 27,4 faizini isə sənaye məhəllələrinin yaradılması üçün ödənilmiş vəsait təşkil edib.

İki il sonra 01.01.2023-cü il tarixə AİŞ-in ümumi portfelinin həcmi 294.650.963,5 manat olub. Portfelin 69.723.912,2 manat və ya 23,6 faizini AİŞ-in səhmlər və nizamnamə kapitalında iştirak payı, 176.994.670,0 manat və ya portfelinin 60,1 faizini istiqraz portfeli, 6.450.000,0 manat və ya 2,2 faizini depozit porfeli, 41.482.381,3 manatı və ya 14,1 faizini cari bank hesablarının qalığı təşkil edib. Göründüyü kimi, iki ildə istiqraz yatırımlarının payında 17 faizdən çox artım olub.

Palata qeyd edir ki, AİŞ-in auditlə əhatə olunan dövrdə investor cəlb etmə sahəsində fəaliyyətinin nəticəliliyinin aşağı olması səbəbindən AİŞ-in auditlə əhatə olunan dövrdə aktiv olan 12 layihəsindən 6-sı eyni tərəfdaşlarla icra edilib: “Bunu da investorlarla, yaxud bir portfel şirkətlə bağlı yarana biləcək risklərin eyni investorun cəlb olunduğu digər portfel şirkətə də təsir etməsi baxımından risk amili hesab edirik;

Layihələrin qiymətləndirilməsi mərhələsində investorların layihəyə marağının və xarici faktorların təsirinin düzgün qiymətləndirilməməsi nəticəsində 2021-ci ildə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilmiş 2 layihənin icrası qısa müddət sonra təmin edilə bilməyib, nəticədə həmin layihələrdə iştiraka dair qərar ləğv edilib.
“AİŞ-in strategiya sənədi”ndə müəyyən edilmiş strateji sənaye sahələri tam əhatə olunmadan AİŞ-in 3 kənar sahədəki layihədə iştirakı olmuş, habelə təşəbbüs daxil olmadığı əsas göstərilməklə AİŞ-in iştirakı nəzərdə tutulan və müvafiq sərəncamlarla təsdiq edilmiş dövlət proqramlarında əks olunan sahələrdə layihə icra olunmamışdır”.

Müəyyən olunub ki, AİŞ-in investisiya yatırdığı bəzi layihələrin bazar dəyərinin azalması səbəbindən onların auditlə əhatə olunan dövrdəki konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri AİŞ-in həmin layihələrə yatırdığı investisiyanın nominal dəyərindən aşağı olub. Bundan əlavə, AİŞ-in portfel şirkətlərindən olan “Səba” ASC-nin auditlə əhatə olunan dövrdə AİŞ-ə təqdim etdiyi və ictimaiyyətə açıqladığı maliyyə hesabatlarının göstəricilərinin, o cümlədən mənfəət və zərər məbləğlərinin, habelə hesabatlara rəy verən audit şirkətlərinin və onların yanaşmalarının fərqli olması “Səba” ASC-nin maliyyə hesabatları ilə bağlı ciddi risklərin, habelə AİŞ-in bu istiqamətdəki nəzarət fəaliyyətində boşluqların mövcud olmasına dair ehtimalları şərtləndirir”.

AİŞ-in maliyyə hesabatlarında əvvəlki illərdə investisiya olunan portfel şirkətlərin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmasa da, auditlə əhatə olunan dövrdə onların mənfəət/zərər göstəricilərində müsbət dinamika qeydə alınıb.

Ümumilikdə AİŞ-in portfel şirkətləri üzrə 2021-ci ildə ümumi zərər məbləği 72.142,0 min manat, 2022-ci ildə isə 4.611,0 min manat təşkil edib. Ümumi zərər məbləğində ildən-ilə azalma, əsasən, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin maliyyə hesabatlarında əks olunan göstəricilərin yaxşılaşması, habelə “Səba” ASC-nin AİŞ-ə təqdim edilən maliyyə hesabatlarındakı göstəricilərin ictimaiyyətə açıqlanan göstəricilərə nisbətən daha qənaətbəxş olması ilə bağlıdır.

Palata qeyd edir ki, icrası ölkə xaricində həyata keçirilən və Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfə dəqiq ifadə olunmayan, habelə AİŞ-in birbaşa deyil, etibarnamə əsasında başqa müəssisə vasitəsilə idarəetmə orqanlarında təmsil olunduğu və layihələrin qiymətləndirilməsinin AİŞ tərəfindən deyil, tərəfdaş şirkət tərəfindən aparılaraq AİŞ-ə təqdim olunduğu layihələrə investisiya yatırılması barədə 2022-ci ildə qərar verilib və bu istiqamətdə bir neçə layihənin icrasına başlanıb: “Tərəfdaş şirkətlə bağlanmış müqavilənin şərtlərinə əsasən, uzunmüddətli dövr ərzində say baxımından bu cür layihələr AİŞ-in səhm və pay qoyuluşu portfelinin əhəmiyyətli hissəsini təşkil edə bilər. Həmçinin qeyd edilən investisiyaların obyekti hər hansı istehsal müəssisəsi deyil, müxtəlif investorlardan investisiya qoyuluşlarını cəlb edərək başqa şirkətə yatırmaq məqsədilə qurulmuş vasitəçi şirkətlərdir (Special Purpose Vehicle – SPV). Qeyd edilən halları nəzərə alaraq AİŞ-in öz üzərinə götürdüyü risk səviyyəsini yüksək qiymətləndiririk.

Həmçinin qeyd edilməlidir ki, bu layihə “Xəzər Beynəlxalq İnvəstisiya Şirkəti” QSC-dən sonra AİŞ-in investisiya qoyuluşlarını birbaşa deyil, vasitəçi şirkət vasitəsilə həyata keçirdiyi ikinci investisiya layihəsidir”.

Auditin əhatə etdiyi dövrdə AİŞ-in səhm və pay qoyuluşu portfelinin satışından gəlirləri çəkilən xərclərdən dəfələrlə az olub.

2021-2022-ci illərdə əvvəlki maliyyə illərinin nəticələrinə görə AİŞ-in Müşahidə Şurası tərəfindən bölüşdürülməmiş mənfəətin bölüşdürülməsi barədə qərar qəbul edilməyib, o cümlədən Dövlət Neft Fonduna divident ödənilməyib.

AİŞ tərəfindən 2022-ci il ərzində xərc edilmiş vəsaitin faktiki məbləği həmin il üçün Müşahidə Şurasına təsdiq edilmək üçün təqdim olunan xərclərsmetasındakından artıq olub ki, Palata bu halı AİŞ-in xərcləri barədə hərtərəfli məlumat əldə etməyə, vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına və xərclər smetasının əks etdirdiyi məlumatların həqiqiliyinə dair tam əminlik yaratmağa maneə hesab edir.

AİŞ tərəfindən 2021-2022-ci illərdə icra edilən satınalma məbləğinin 76,6 faizi bir mənbədən satınalma proseduru əsasında icra edilib, həmin satınalmalar üzrə ehtimal olunan qiymətlər müəyyən edilməyib, satınalma müqavilələri nümunəvi formaya uyğun tərtib edilməyib, bir mənbədən satınalma prosedurunun tətbiqinə dair razılıqlar müvafiq icra hakimiyyəti orqanından birbaşa deyil, dolayı yolla alınıb və sair.

Qanunvericilikdə müvafiq tələb qoyulmasına baxmayaraq, AİŞ Açıq Səhmdar Cəmiyyət olaraq öz illik hesabatını və maliyyə hesabatlarını, habelə bir sıra digər məlumatları dərc etmir ki, bu da AİŞ-in fəaliyyətinin şəffaflığını, ona ictimai nəzarəti təmin etməyə imkan vermir.

İqtisadçı-ekspert Rəşad Həsənova görə, AİŞ-in fəaliyyəti uğurlu olmayıb: “Burada şirkətin idarəçiliyinin, həm də real iqtisadiyyatın tələbinin rolu var. Real iqtisadiyyatdan tələb olmadığı şəraitdə investisiya yatırımından uğur əldə etmək mümkün deyil. Bundan əlavə, AİŞ-in fəaliyyəti ilə bağlı şəffaflıq baxımından ciddi dəyişikliklərə ehtiyac var. Şirkətin investisiya yatırdığı bir sıra şirkətlər kifayət qədər böyük bazar payına və maliyyə sabitliyinə malik şirkətlərdir. Onların gəlir əldə edə bilməməsi, AİŞ-ə divident ödəməməsi xeyli şübhəli görünür. Bu baxımdan, düşünürəm ki, şirkətin payçı olduğu müəssisələrin fəaliyyətində şəffaflığa nail olmaq üçün ciddi addımlar atmasına ehtiyac var”.

Mənbə: “Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...