Bura Bakı Dövlət Sirki deyil - BDU "Dərviş Məstəlişah"ların oylağına çevrilib...

Bura Bakı Dövlət Sirki deyil -
105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə
olunur.

Bura Bakı Dövlət Sirki deyil. Heç Kukla Teatrı da deyil. Bura bir təhsil məbədidir. Özü də ölkənin ilk və ən qocaman ali təhsil ehramıdır. Di gəl ki, kimə deyirsən, olub "Bakı Dövlət marketi". Bunu biz iddia etmirik, elə Bakı Dövlət Universitetinin hələlik adını açıqlanmasını istəməyən əməkdaşı bəyan edir. Onun qandonduran, tükürpədən sözlərindən belə məlum olur ki, BDU kimi nüfuzlu ali təhsil müəssisəsi bir qrup fürsətcillərin, möhtəkirlərin əlində əsir-yesir qalıb. Tarix boyu alimlər, professorlar, elm adamları yetişdirən, ziyalılar ocağı olan, qürur mənbəyi sayılan bu ali məktəb indi "Xudayar bəylər"in oylağına çevrilib. Elə ondandır ki, BDU üçün fədakarlıq edən, pedaqoji fəaliyyəti ilə can qoyanlar əsl qiymətini ala bilmirlər. Sırf "Dərviş Məstəlişah"ların ucbatından BDU əməkdaşları arasında xeyli sayda tam ştat ala bilməyənlər, vəzifə adını qazanmayanlar var. Və nə qədər ki, həmin "bazarkom"lar BDU-da "meydan sulayacaq", o vaxtadək bu təhsil məbədi haqsızlıqlar edilən bir ocağ, "firon"ların piramidası kimi ad çıxaracaq. BDU əməkdaşının sözlərinə görə, idarəetmə bir qrup şəxsin əlindədir və onlar zəhmətkeş, dəridən-qabıqdan çıxan müəllimlərə dəyər verməyəcəklər. Çünki "Xudayar bəy" kimilərin gözündə sadə, ziyalı, çalışqan və bilikli müəllimlərin hüquqları "Məmmədhəsən əmi", ya da onun eşşəyi kimi bir lazımsız məsələdir. Yəni qocaman Bakı Dövlət Universitetində mənzərə "Danabaş kəndi"ndə olduğu kimi yarısı ağlamalı, yarısı istehza ilə gülməlidir. Səbəb də müəllimlərə layiq olduqları haqların verilməməsi, əllərindən alınması, fəaliyyəti müqabilində almalı olduğu dəyərdən məhrum edilməsidir. Çünki bu ali təhsil ocağını idarə edənlərin öz "qaydaları" var və yazılmamış qanunlar işləkdir. "Təhsil haqqında qanun" isə universitetin kandarından içəri girə bilmir. Sanki BDU Mozambik, ya da Banqladeş təhsil ocağıdır, bu ölkələrin qanunları keçərlidir. Bir sözlə, 105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə olunur. Ona görə də BDU əməkdaşı təhsil ictimaiyyətinə çağırış edir - Gəlin, birlikdə bu təhsil məbədini xilas edək!

Nicat Mahmudov
Rubrika. az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...