Ekologiya idarəsinin direktoru meşələri məhv etdirərək satdırır – Sakinlər nazirdən kömək istəyir (VİDEO)

Ekologiya idarəsinin direktoru meşələri məhv etdirərək satdırır –
Yardımlı meşələrinin vəhşicəsinə kütləvi şəkildə məhv edilməsi barədə xəbər vermişdik. Bildirmişdik ki, 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılıb.

Ləzir kənd sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, meşələrin məhv edilməsi ilə bağlı xəbər yayılandan sonra regional ekologiya idarələrinin əməkdaşları meşəni yoxlamağa başlayıb. Dünən başlayan yoxlamalar 60 civarında iri diametrli ağacın kəsildiyi müəyyən olunub. Həmin ağacların hamısının işlik material kimi satıldığına şübhə olmayıb. Sağlam və iri ağacların materialları UAZ markalı avtomobillərlə Masallıdakı mebel sexlərinə daşınıb.

Sakinlər bildirir ki, meşələr yerli ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə məhv edilib.

Şahlar Quliyev adlı sakin isə AzToday.az-a açıqlamasında Ləzir meşələrinin məhv edilməsinin arxasında 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov və direktor müavini Rahib Ağayevin dayandığını deyib: “Meşələr kütləvi şəkildə məhv edilir. Böyük bir sahədə ağaclar vəhşicəsinə qırılır. Hamısının arxasında 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi dayanır. Əks təqdirdə kimsə, meşədən bir ağac belə kəsə bilməz. Təsəvvür edin, meşəbəyi işlədiyi zaman yol verdiyi nöqsanlara görə məhkəmə qərarı ilə işdən çıxarılmış Məhəmməd Adiyev Nəsimi Nəsibov yenidən başqa ad altında işə götürülüb. Hansı ki, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılmış Məhəmməd Adiyevin yenidən işə götürülməsi tam qanunsuzdur. İndi həmin Adiyevi Nəsimi Nəsibov Ləzir meşələrinə gözətçi təyin etmək üzrədir. Son meşə qırıntılarını da Məhəmməd Adiyev təşkil edib. Təbii ki, Nəsimi Nəsibovun bundan xəbəri var və yığılan pullar piramida şəklində rəhbər şəxslərə çatdırılıb”.

Şahlar Quliyevin fikrincə Ləzir meşələrinin hər bir qarışı yoxlanılmalıdır: “Bildiyim qədər son 1 həftədə 300-dən çox ağac məhv edilib. Onların da əksəriyyəti işlik material üçün kəsilib. Dünən kiçik bir ərazidə yoxlama aparılıb. Ümid edirəm yoxlama bütün qırıntıları əhatə edəcək. Nazir Muxtar Babayevdən xahiş edirəm ki, yoxlamaları yerli ekologiya idarələri deyil, nazirlikdən gələn əməkdaşlarla hüquq-mühafizə orqanları aparsın. Onda Nəsimi Nəsibov və müavini Rahib Ağayevin kiçik bir dolayda etdirdiyi ekoloji cinayətin üstü açılacaq”.

Sakinlər meşələrin kütləvi şəkildə məhv edilməsi fonunda ətraf kəndlərdə ekoloji fəsadların yarana biləcəyindən narahatdırlar.

Baş vermiş ekoloji cinayət faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti hələlik heç bir açıqlama verməyib. Nazirliyin mətbuat katibi İradə İbrahimovaya dünən müraciət eləsək də, açıqlama verməkdən imtina etdi. Görünür, Ləzir meşələrinin kütləvi məhvinin yaratdığı şok effektindən nazirliyin rəhbərliyi hələ ayılmayıb…




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...