Səfər Əbiyevin müavini məhkəməyə gətirilmədi

Səfər Əbiyevin müavini məhkəməyə gətirilmədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Xatırladaq ki, ötən prosesdə məhkəmə şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul etmişidi. Həmin qərara əsasən şahidlərin - Miradil Həsənov, Rauf Aşurov və Hüseyn Vəliyevin bugünkü məhkəmədə iştirakı təmin edilmişdi. Hakim şahidlərə məhkəməyə hörmətsizlik etdiklərinə görə iradını bildirmişdi. Bugünkü prosesdə isə Mehman Səlimov naməlum səbəblərdən məhkəməyə gətirilməyib. Buna görə də proses dekabrın 11-ə kimi təxirə düşüb.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, baş qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...