Qubada maskalı şəxslər ev sahibini döyərək 13 600 manat aparıblar
Quba rayonunda ev sahibini döyüb oğurluq edən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13 600 manat və mobil telefon aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Dərhal Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.
702 dəfə oxundu