Vətən müharibəsində döyüşən qazinin medalları başqasına verildi – Video
Sabirabadda Vətən müharibə iştirakçısı olan rayonun Qaragüney kənd sakini Vüsal Əliyev eyni ad-soyad və ata adı olan başqa birisi ilə səhv düşüb.
Gundeminfo.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, Vüsal Əliyev Vətən müharibəsi başlayan zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən döyüşlərə yollanıb.
O, müharibə qurtardıqdan sonra komissarlığa gedərək Vətən müharibəsi iştirakçısı kimi qeydiyyata alınıb. Onun iddiasına görə, bundan sonra ona aid medallar və veteranlıq kartı rayonun Şəhriyar kəndindən ad, soyad, ata adı eyni olan başqa bir Vüsal Əliyev adlı şəxsə verilib.
Müraciətdən sonra verilən medallar onun adına rəsmiləşdirilib. Hazırda isə veteran kartında problem var.
Vüsal Əliyev qeyd edib ki, döyüşdən qayıtdıqdan bir müddət sonra o müddətdən artıq hərbi qulluqçu kimi işləmək isətsə də, sistemdə onun adı çıxmadığına görə işə götürülməyib.
Rayonun Şəhriyar kənd sakini olan Vüsal Əliyev isə bildirib ki, o, Vətən müharibəsində iştirak etməyib. Sadəcə olaraq həmin dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən ona da çağırış vərəqəsi gəlib. Şöbədə isə onun hərbi biletinə möhür vurularaq ərazini tərk etməməsi barədə təlimat verilib.
Reklamınızı SmartBee ilə effektiv edin.
Vüsal qeyd edib ki, müharibə bitdikdən sonra bankdan ona bank hesabının olduğu bildirilib. Ona görə də Vüsal Əliyev banka gedərək adına olan kartı alıb. Eyni vaxtda bank tərəfindən Qaragüney kənd sakini, müharibə iştirakçısı olan Vüsal Əliyevə də adına kart olması barədə bildiriş gəlib. Lakin sonradan Şəhriyar kənd sakini olan Vüsal Əliyev öz adına iki kartın olduğunu bildiyindən adına olan digər kartı bağlatdırmaq qərarına gəlib. Həmçinin Vüsal Əliyev qeyd edib ki, onun adına sadəcə veteran kartı gəlib. Əlavə olaraq hər hansı bir medal və orden gəlməyib.
Vüsal Əliyevin qarşılaşdığı problemlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən bildirilib ki, məsələ mexaniki səhvə görə baş verib. Hər iki şəxsin ad-soyad və ata adları eyni olsa da, doğum tarixləri fərqli olduğundan sistemə səhv daxil edilib. Lakin artıq məsələ öz həllini tapıb.
Xidmət tərəfindən Vüsal Əliyevin döyüş tarixçəsi onun adına işlənərək sistemə daxil edilib. Veteran kartının dəyişdirlməsi üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib və yaxın günlərdə bu məslədə öz həllini tapacaq.
Daha ətraflı süjetdə:
588 dəfə oxundu