"Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?

"Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK -
Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarların narazılıqları bitib tükənmək bilmir. Sahibkarlar İqtisadiyyat Nazirliyinə müraciətlərində bildiriblər ki, gediş haqqının kart sisteminə keçirilməsindən sonra ödənilən məbləğdən yüksək faiz tutulur. Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni "BakıKart"a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını da xahiş ediblər. Onlar həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsinin də vacb olduğunu vurğulayıblar.

"Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş"

GUNDEMİNFO.AZ-ın məlumatına görə, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müqaviləyə görə hər sərnişinin gediş haqqından 5 faiz "Bakıkart" tərəfindən çıxılır. Sahibkar bunun kifayət qədər yüksək məbləğ olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, 5 faiz civarında faizin tutulması daşıyıcıların büdcəsinə xeyli məbləğdə ziyan vurur: "Günlük daşınan sərnişinlərdən yığılan pulun xeyli hissəsi "BakıKart"ın büdcəsinə gedir. Bu da sahibkarların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Bu məbləğin azaldılması yaxşı olardı. Çünki, sərnişindaşıma ilə məşğul olan sahibkarların vəziyyəti onsuz da acınacaqlıdır.

"5 faiz çox yüksək məbləğdir"

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daşıyıcı şirkətlər müraciətlərində haqlıdırlar. Çünki, hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması yüksək məbləğdir: "Çünki, göstərilən xidmət də o qədər böyük iş tələb etmir. Gündəlik sərnişindaşımadan "Bakıkart"ın hesabına 50 min manat vəsait daxil olur. Amma sərnişindaşımada əsas xidməti göstərən daşıyıcı şirkətdir. "Bakıkart" sistemi daşıyıcı şirkətlərin vergidən yayınmasını izləmək üçün əlverişli sistemdir. Amma bunun yükü sahibkarların boynuna qoyulmamalıdır. 5 faiz azaldılaraq ən azı 1 və ya 2 faiz civarında ola bilər. Daşıyıcı şirkətlər müraciətlərində tamamilə haqlıdırlar. Çünki, göstərilən xidmət elə də fantastik bir sistem deyil".
E. Muradlı hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması nəticəsində daşıyıcıların maddi durumlarının pisləşdiyini, onların nəticədə gediş haqqının artırılması tələbi irəli sürdüklərini söyləyir.
Ekspert deyir ki, daşıyıcı şirkətlər kartoxuyucu sistemlə bağlı hər gün problem yaşayır: " "Bakıkart" xidmətin qarşılığında 5 faiz məbləğ tutsa da, buna uyğun keyfiyyətdə xidmət göstərə bilmir. Burada mənim bildiyim qədər sərnişindaşınma sahəsində fəaliyyət göstərən məmurların marağı var".
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirdi ki, sərnişin sayına görə toplanan vəsaitin 5%-i "BakıKart"a ödənilir: "Həmin məbləğ BNA-ya deyil, bu sahədə fəaliyyət göstərən ödəniş operatoru olan şirkətə ödənilir. Bu prosedur da daşıyıcı şirkətlə operator arasında hüquqi müstəvidə imzalanan müqavilələrlə tənzimlənir".

"Bakıkart" rəhbəri sualları niyə cavabsız qoydu?

Sputnik Azərbaycan məsələ ilə bağlı "Bakıkart" MMC ilə əlaqə saxlayıb. Qurumdan gün ərzində məsul şəxsin sualımızı cavablandıracaqlarını bildirsələr də cavab verilməyib. "Bakıkart" MMC-nin rəhbəri Orxan Bayramov da mobil telefonuna etdiyimiz zənglərə cavab vermədi.

Hər sərnişinin ödədiyi gediş haqqından tutulan 5 faiz kimin cibinə gedir?

Sputnik Azərbaycan-a adının çəkilməsini istəməyən daşıyıcı bildirib ki, avtobuslara yerləşdirilən kart oxuyan cihazların – validatorların gündəlik daşınan sərnişinlərin sayı və toplanan məbləğlə bağlı məlumatlar onlara "K GROUP" MMC tərəfindən verilir. Həmin məbləğdən 5 faiz çıxıldıqdan sonra daşıyıcının hesabına köçürülür "K GROUP" MMC-nin mühasibi Sputnik Azərbaycan-a bildirib ki, kommersiya sirri olduğu üçün şirkət öz fəaliyyəti ilə bağlı məlumatları açıqlaya bilməz.
Amma xatırladaq ki,bir müddət öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial platformadakı hesabında bildirib ki, "K GROUP" MMC Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə məxsus "GMSA" MMC ilə eyni ünvanda qeydiyyata alınıb. Jurnalistin yaydığı məlumata görə, "K GROUP" MMC-nin qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarından biridir. Avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunub. Bu isə hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulmasında məmurların marağı ilə bağlı şübhələri artırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...