Erməni “düyünü” Zəngəzurda çözüləcək - Yeni müharibə ANONSU
"Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi son təxribatlara qədər sülh istiqamətində əldə edilən razılıqlar böyük dövlətlər üçün o qədər də lazımlı olmayıb".
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Onun fikrincə, bəzi dövlətlər regionda münaqişəli vəziyyətin qalmasında maraqlıdır. Eks-nazir hesab edir ki, həmin ölkələr bununla regionu idarə etməyə çalışırlar:
“Hətta regionda marağı olan tərəflər bir-birinə açıq təsir edir. Yəni burada sülhü istəməyən və bunu açıq-aşkar deməyən qüvvələr həddindən artıq çoxdur. Əgər fövqəldövlətlər sülhün yaranmasına imkan verməsələr, növbəti müharibə ehtimalı var".
Sabiq XİN rəhbəti vurğulayıb ki, növbəti müharibə Qarabağda deyil, Zəngəzurda olacaq:
"Bu, bizim seçimimiz olmayacaq. Biz sadəcə olaraq, öz maraqlarımızı müdafiə etmək üçün bu cür taktiki addımlar atırıq. Buna tarixi və mənəvi baxımdan haqqımız çatır. Çünki Zəngəzur tarixi Azərbaycan ərazisidir və vaxtilə qeyri-qanuni olaraq Ermənistana verilib. Amma bununla yanaşı biz bu mövzu ilə öz mövqeyimizi müdafiə edirik. Bunu hamı başa düşməlidir. Bu addımlarla Qarabağı müdafiə etmək bizim borcumuzdur".
Qeyd edək ki, son sərhəd təxribatları Ermənistan tərəfinin sülh istəmədiyini bir daha göstərir. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində çıxışı zamanı bu məsələ toxunaraq, həm Ermənistana və həm də onun havadarlarına ciddi mesajlar verib. Azərbaycanın müharibədən dərhal sonra İrəvana sülh təklif etdiyini diqqətə çatdıran ölkə başçısı Ermənistanın sülhə hazır olmadığını vurğulayıb.
“Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır”, - deyə Prezident çıxışında vurğulayıb.
641 dəfə oxundu