"Üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm" - Fazil Mustafa

"Üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm" -


“İşsizlik, yoxsulluq, üstəlik də dollarla ödəniləcək kreditlər, başqa borclar... Təbii ki, bizdən asılı proses deyil. Rusiyanın “küstahlığı” və ABŞ-ın neftlə bağlı “canbazlığı” vəziyyəti bu yerə gətirib çıxartdı”. Hafta.az-ın verdiyi xəbərə görə, bunu millət vəkili Fazil Mustafa dolların manata nisbətən bugünkü kəskin dəyər artımına münasibət bildirərkən deyib. Fazil Mustafa həmçinin vurğulayıb ki, yəqin ki, uzun illər bu dalandan qurtulmamız mümkün olmayacaq:

“Manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq. Bununla belə mən Azərbaycan Mərkəzi Bank tərəfindən "üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm. Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir üzən vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda, haçansa, insanların real üzmək qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir. O zaman hansı sosial gərginliklərin yaşanacağını bir Allah bilir”.

Millət vəkili hesab edir ki, üstəlik, ötən müddət ərzində inhisarçılığın azaldılmasına yönəlik ciddi iqtisadi siyasət izlənmədiyinə görə, bundan sonra yeni bir şəraitə iş adamlarını uyğunlaşdırmaq da xeyli çətinliklər yaradacaq:

“Onsuz da üzgüçülük üzrə heç bir mötəbər yarışda ciddi bir uğurumuz yoxdur. Yəni həm idman qaydasında, həm də iqtisadi qaydalarda üzmək qabiliyyətimiz demək olar ki, sıfırdır. İndi bu qısa vaxt ərzində üzmək cəhənnəm, heç olmasa, xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənmək məcburiyyətindəyik”.

Qeyd edək ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat təşkil edir. Həftəsonu isə 1 dollar 1.0499 manat, avro isə 1,1394 manat olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...