“Caliber”in “desant”ı Ermənistanda: Vandalların izi ilə araşdırma - EKSKLÜZİV FOTOFAKTLAR
“Baqrataşen” keçid məntəqəsi arxada qaldı. Hava toranlaşıb. Ermənistanın bu hissəsində yol örtüyünün keyfiyyətinin mənim bura sonuncu səfərimlə müqayisədə xeyli yaxşılaşdığı dərhal görünür. Demək olar ki, Gürcüstan tərəfdən, məsələn, elə həmin Sadaxlıdakından pis deyil.
Yolum, redaksiyanın tapşırığına görə, ilk növbədə İrəvandan keçir, lakin 1918-ci ildə Ermənistanın paytaxtı olmuş Azərbaycan şəhərinə çatmaq Caliber.Az-ın jurnalisti üçün, hətta yarı-qanuni (təfsilata varmayaq, çünki ümid edirəm ki, bu, mənim “daşlar ölkəsinə” son səfərim deyil) olduqca mürəkkəb və riskli bir şeydir. Yaxşı ki, mənim ermənicəm yerli əhali ilə onlarda heç bir şübhə yaratmadan ünsiyyət qurmağa kifayət edir. Üstəlik, Ermənistana keçmiş səfərlərin təcrübəsi də var.
“Baqrataşen” keçid məntəqəsindən olan səyahət yoldaşım Karen köhnə “Jiquli”də məni Haqpat kəndi yaxınlığında düşürdü, çünki yollarımız burada ayrılırdı – o, Tsağkaşata, mən isə bir az da o yana, qədim Azərbaycan şəhəri İrəvana getməli idim. Bəs, yolda toz qaldıran nədir? Qaranlıqda görmək bir az çətindir. Amma “evrika”! Bunun taksi olduğu ortaya çıxdı; maşının üstündəki “lightbox” bunu sübut edir. Əlimi yellədim və yaxınlıqda əyləc səsi gəldi. Yaşlı sürücü ermənicə (təbii olaraq) “Hara getmək istəyirsən?” deyə soruşdu. “İrəvana”, - deyə cavab verdim. “Yox, səni İrəvana aparmayacağam”, - deyə sürücü əllərini yellədi - “Uzaqdı. Artıq evə gedirəm, ailəm gözləyir, oğlumun ad günü var, qonaqlar gəlib”.
Ancaq əllərimdə görünən külli miqdarda pul ailə şənliyinə qatılmaq istəyindən daha güclü oldu.
“Yerli deyilsən?”, - deyə sürücü şübhə ilə soruşdu.
“Cavakhandan. Amma son 15 ildir ki, Rusiyada yaşayıram. İndi orda çətin günlər başlayıb, ona görə də İrəvana baş çəkmək qərarına gəldim”, - deyə gözümü qırpmadan yalan danışdım. Görünür, inandırıcı idim: İrəvana yollandıq.
Caliber.Az jurnalistinin həyatını təhlükəyə ataraq Ermənistana niyə getməsi yəqin ki, artıq oxucuları maraqlandırır. Aydınlaşdırım. Məqsədimiz son dərəcə aydındır - Azərbaycanın yerli xalqının mədəni və tarixi irsinin Ermənistanda necə məhv edildiyini açıq şəkildə göstərmək, həmçinin erməni təbliğatının guya Ermənistanda vandalizmə yer olmadığı və başqasının tarixinin, mədəniyyətinin mənimsənilmədiyi barədə yalan iddialarını darmadağın etməkdir. Necə deyərlər, gedərik, görərik.
Ancaq əvvəlcə mövzudan bir qədər kənara çıxaq. Erməni vandallarının törətdikləri mədəni-tarixi soyqırımı təkcə Azərbaycanın Qarabağ bölgəsinə deyil, mindən çox azərbaycanlı yaşayış məntəqəsinin, yüzlərlə tarixi-memarlıq abidəsinin, karvansarayların, sarayların, məscidlərin, məqbərələr, türbələr, qəbiristanlıqların və s.-nin mövcud olduğu Ermənistan ərazisinə də yayılıb.
XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində monoetnik Ermənistan dövləti yaradılıb, azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar isə dağıdılıb. Əgər XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid qeydiyyatdan keçmişdisə, indi müasir Ermənistan ərazisində yalnız bir məscid qalıb – xarici qonaqlara “fars” məscidi kimi təqdim olunan Göy məscid.
Caliber.Az-ın daimi oxucuları İrəvanda dağıdılmış Azərbaycan irsinin fotoşəklini əks etdirən materialı xatırlaya bilərlər. Bu dəfə İrəvanda dağıdılmış tarix və mədəniyyət abidələrinin əldə etdiyim eksklüziv görüntülərini paylaşacağıq.
Beləliklə, mən İrəvan şəhərindəyəm və təbii ki, ermənilərin “fars” məscidi adlandırdıqları Göy məscidə heyran olmaq üçün dərhal əvvəllər Leninin, indi isə Mesrop Maştotsun adını daşıyan prospektə gedirəm. Ətrafda təəccüblü dərəcədə az adam var və bu, mənə Hüseynəli xan Qacar dövrünün əzəmətli binasının sükutundan və təfəkküründən həzz almaq üçün unikal şans verir.
Burada qeyd etmək yerinə düşərdi ki, ermənilər İrandan dəvət olunmuş mütəxəssislərin köməyi ilə məscidi yenidən qurub, divarlarına farsca yazılar qoyub və bununla da məscidi “farslaşdırıblar”. Eyni şeyi bir zaman özlərinin işğalı altında olan Şuşada həyata keçirməyə çalışdılar, hansı ki, bunu Şuşa məscidindəki “təzə” yazılar sübut edir.
Velosipedlə yanımdan keçən iki yerli oğlanın qışqırtıları məni xəyalımdan ayırdı. Hədəflərim çoxdur, daha da irəli getməliyəm.
Ermənilərin Kond adlandırdıqları məşhur Təpəbaşı məhəlləsinə yollanıram. Bura isə bir vaxtlar, erməni vandalizmindən əvvəlki zamanda Təpəbaşı məscidinin yerləşdiyi yerdir. Hazırda bura bərbad vəziyyətdə, yoxsul erməni ailəsi tərəfindən mənzil kimi istifadə olunur. Bəzi məlumatlara görə, bu məscidi İrəvan şəhər hökumətinin üzvü, xan nəslinin nümayəndəsi İrəvan xanı Abbasqulu xan tikdirib. Onun evi də bu məhəllədə yerləşirdi. Ermənilər Abbasqulu xanın xaraba vəziyyətdə olan evini bu günə kimi “Xan evi” adlandırırlar. Məscidin həyətində və onun ətrafında ermənilər gecəqondular salıblar.
Yeri gəlmişkən, ermənilər arasında məşhur olan Kaskaddan keçdim (onların öyünməyə başqa heç nələri yoxdur). Əvvəlcə burada rus dilində danışanları eşidəndə təəccübləndim - ermənilər öz millətçiliyinə görə heç sovet vaxtında da rus dilində çox danışmırdılar. Amma sonra anlayırsan ki, bunlar “xüsusi əməliyyat”dan qaçan ruslardır. Yanımdan keçən erməni polisləri mənə fikir vermirlər və nədənsə həvəslə danışaraq ötürlər.
Erməni vandalizminin daha bir sübutu XVII-XVIII əsrlərdə tikilmiş və İrəvanın eyniadlı məhəlləsində yerləşən “Dəmirbulaq Məscidi”nin dağıdılmasıdır. 1988-ci ildə məscid yandırılıb, 1990-cı ildə isə yerlə yeksan edilib. Bu gün bizim çəkdiyimiz kadrlardan da göründüyü kimi, burada “Rossiya” ticarət mərkəzi yerləşir. Simvolikdir. Vaxtilə müsəlman azərbaycanlıların burada yaşaması artıq heç nə xatırlatmır.
Bu isə oğlu Pir-Hüseyn tərəfindən İrəvandan bir qədər aralıda, Cəfərabad kəndində tikdirilən “Əmir Səəd məqbərəsi”dir. Ancaq 15-ci əsrin tarixi abidəsi qismən qorunub saxlanılmasında erməni “alicənablığının” rasional izahı var. Məsələ burasındadır ki, Ermənistanın rəsmi dairələri bu orta əsr məqbərəsini “Türkmən mavzoleyi” adlandırırlar. Eyni şəkildə İrəvandakı “Göy məscidi” də təmir-bərpa işlərindən sonra “farslarınkı” adlandırırlar. Azərbaycanlılar isə burada guya heç vaxt yaşamayıblar...
Abidənin yanında quraşdırılmış lövhədə türbənin Qaraqoyunlu dövlətinə aid olması barədə məlumat verilir. Eyni zamanda, əsas stenddə türbənin türkmənlərin tarixi irsi olduğunu göstərir.
Bununla da abidənin Azərbaycana məxsusluğu inkar edilir ki, bu da açıq-aşkar saxtakarlıqdır. Çünki türk (türkmən) Qaraqoyunlu tayfaları müasir azərbaycanlıların əcdadlarından biri olub, Qaraqoyunlu dövlətinin tarixi isə Azərbaycan dövlətçilik tarixinin tərkib hissəsidir.
İrəvan qalasında, Sərdar (Xan) sarayının yaxınlığında yerləşən “Abbas-Mirzə” və “Şah Abbas” kimi də tanınan “Sərdar məscidi”nin taleyi bundan az kədərli deyil. Mənbələrdə müxtəlif adların çəkilməsinə baxmayaraq, söhbət XVI əsrə aid eyni memarlıq abidəsindən – “Sərdar məscidi”ndən gedir.
İrəvanın digər maddi-mədəniyyət Azərbaycan abidələri kimi, bu məscid də Ermənistan hakimiyyəti tərəfindən hissə-hissə dağıdılıb. Çəkdiyimiz fotoşəkillərdə əks olunan uşaq meydançası və yaşayış binaları isə “Sərdar məscidi”nin yerində tikilib, baxmayaraq ki, bir neçə il əvvəl orada məscid divarının son qalığını görmək olardı.
İndi isə belə görünür:
Təbii ki, erməni vandalizmi ilə bağlı araşdırmalarımız təkcə İrəvanla məhdudlaşmırdı. Ermənistanın yarısını gəzdim və məni maraqlandıran hər şeyi sənədləşdirdim. Məsələn, mən Böyük Qarakilsə rayonunda yerləşən Arçut kəndində oldum. Sənədlərə görə, XIX əsrin sonlarında bu kənddə 40 həyət olub və 357 azərbaycanlı yaşayıb. Sovet dövründə əhalinin sayı 1500-ə çatırdı. Kənddə üç qəbiristanlıq olub. Lakin 1988-ci ildə yerli azərbaycanlı əhali kənddən qovulub və bu gün orada ancaq ermənilər yaşayır. Təbii ki, onlar dərhal yerli məscidi dağıdıblar. Lakin qəbir daşlarının üzərində Azərbaycan dilində yazılar (ərəb qrafikası və kiril əlifbası) qorunub saxlanıb.
Akarak kəndi Üçkilsə yaxınlığındadır (ermənilərin öz adlarına görə Eçmiədzin adlandırdıqları Üçmüədzin). Vaxtilə burada da məscid olub. Görünür ki, onun dam örtüyü tamamilə dağılıb, binadan yalnız çöl divarların xarabalıqları qalıb. Amma ən iyrənci odur ki, məscidin ərazisi indi ermənilər tərəfindən zibillik kimi istifadə olunur. Əslində, niyə təəccüblənirik ki? Qarabağdakı məscidlərdən donuz tövləsi kimi istifadə edənlər üçün bu, olduqca normal bir təcrübədir.
Lori mahalında yerləşən və 12-ci əsrə aid olan “Loru Qala Məscidi”nin daha az bəxti gətirib - qonşular gözlərini qırpmadan onu erməni kilsəsinə çevirib.
Çəkdiyimiz kadrlarda məscidin daxili hissəsinin Şuşadakı “Gövhər Ağa məscidi”nin interyeri ilə böyük ölçüdə eyni olduğunu görmək olar. İndi onun üzərində ermənilərin saxtalaşdırmaq məqsədilə tamamladığı erməni milli elementləri görünür.
Üstəlik, göründüyü kimi, daha çox həqiqətə bənzəməsi üçün, məscidin yanında yerləşən müsəlman qəbiristanlığında məzar daşlarına erməni xaçları da əlavə ediblər. Guya burada yalnız ermənilər ibadət etdiyi üçün, müvafiq olaraq da yalnız onlar dəfn ediliblər.
Dərələyəz mahalının Ağkənd kəndinin yuxarısında yerləşən Səlim karvansarası da saxtakarlığa məruz qalıb. Bunu növbəti kadrlar sübut edir. Xalq arasında karvansara Şah Abbasın adı ilə çağırılıb. Fotolardan birində görə bilərsiniz ki, girişdə binanın Elxanilər hökmdarı Əbu Səid Bahadur Xan tərəfindən tikildiyi göstərilir.
Bu məqamda yəqin ki, 1918-ci ilə qədər Ağkənddə yalnız azərbaycanlıların yaşadığını vurğulamaq məqsədəuyğun olardı. Statistikaya görə, təkcə 1923-1925-ci illərdə kəndə ilk 172 erməni yerləşdirildi. Lakin 1988-ci ildə bütün azərbaycanlılar kənddən qovulduqdan sonra karvansaranın tarixi saxtalaşdırılaraq dünya ictimaiyyətinə erməni tarixi abidəsi kimi təqdim edilib.
Azərbaycan KİV-də müasir Ermənistan ərazisində Azərbaycanın tarixi-mədəni irsinin ermənilər tərəfindən dağıdılması və saxtalaşdırılmasından tez-tez bəhs edilir. Bəli, bəzi tarixçilər erməni vandalizmi ilə bağlı ayrı-ayrı faktlar təqdim ediblər. Amma Caliber.Az faktiki material toplamaq üçün Ermənistana müxbirini göndərməklə cəsarətli addım atıb. Hansı ki, bundan gələcəkdə təkcə Azərbaycan tarix elmi və ictimaiyyəti deyil, həm də beynəlxalq məhkəmə-hüquq sistemində erməni barbarlarının ədalət qarşısında cavab verməsi üçün istifadə olunacaq.
Və o gün mütləq gələcək...
3106 dəfə oxundu