"Bələdiyyə büdcəsinə 1000 manat daxil olursa, onun 880 manatı əlindən alınır"

"Bələdiyyə büdcəsinə 1000 manat daxil olursa, onun 880 manatı əlindən alınır"
Bələdiyyələr bir çox ölkələrdə ciddi qurum hesab edilir. Azərbaycanda da bələdiyyə yarananada ciddi bir qurum kimi qəbul edilmişdi. Amma bir müddət sonra sanki bir əl, bu qurumun üzərində olan ciddiliyi götürdü. Sənədləri keçərsiz oldu, vədləri yalan hesab edildi. Hətta bu gün vətəndaş torpaq və ya fərdi ev alqı-satqısı zamanı sənədin bələdiyyə sənədi olduğunu biləndə iki dəfə düşünməli olur.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Bizimyol.info saytına açıqlamasında bildirib ki, bələdiyyələrin ötən iyirmi iki illik fəaliyyətinə diqqət yetirsək bu orqanların bir çox nailiyyətlərə və uğurlara imza atdıqlarının şahidi olarıq. Lakin bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, əgər bəzi mərkəzi və yerli icra strukturları bələdiyyələrin fəaliyyətinə əngəl və maneə yaratmasaydılar, düşünmək olar ki, həm bələdiyyələrin büdcə gəlirləri artardı, həm də bələdiyyələr seçicilərinin problemlərini daha sürətlə həll etmiş olardılar: “Azərbaycanda bələdiyyələr vətəndaşların təşkilininin elə bir sistemidir ki, onlar yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etmə iqtidarındadırlar. Bunun üçün də müəyəyn formada seçki yolu ilə formalaşan bələdiyyələrin qanunvericiliklə müəyyən səlahiyyət və vəzifələri var. Azərbaycanda bələdiyyə sisteminin formaşalaması dünyada olan iki model anqlosakson və fransız modellərinin sintezi və müəyyən təklif və əlavələrin edilməsi ilə formalaşıb”.

Qeyd edək ki, bu gün Azərbaycanda 1606 bələdiyyə və 15 mindən çox bələdiyyə üzvü var.

V.Tofiqlinin sözlərinə görə, sistemin qanun vericilik bazası tam formada hazırlanıb. O cümlədən, qanunlardan doğan müəyyən normativ sənədlər də hazırdır. Amma buna baxmayaraq bələdiyyələr bu gün öz vəzifə və səlahiyyətlərini yerinə yetirə bilmirlər. Çünki müəyyən strukturlar, yerli icra hakimiyyəti orqanları, xüsusən də bəzi mərkəzi icra orqanları Azərbaycan bələdiyyəsinin fəaliyyətinə əngəl yaradır. Nəticədə də bu gün bələdiyyələr öz seçicilərinin, sakinlərinin problemlərini tam şəkildə həll edə bilmir. Onların müraciətlərini vaxtında həll etməkdə müəyyən problemlər yaşayır. Bu isə qeyd etdiyim kimi, həmin orqanların bələdiyyəyə olan etinasız münasibətinin nəticəsində bələdiyyə büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil olmur. Maliyyə vəsaiti daxil olmadığına görə də müəyyən problemlər yaranır. Bu gün bələdiyyələrə problem yaradan strukturlar sırasında bu gün birinci sırada bələdiyyələrin fəaliyyətinə dəstək verməli olan Əmlak Məsələləri Dövlət Xidmətidir. Məhz bu orqanın sıralamada birinci olması təəssüf doğurur.

“Bu günədək bələdiyyələrə mülkiyyətə əmlak və torpağın verilməsini başa çatdırmayan, elektron xəritələri bu günədək təqdim etməyən, 22 il ərzində paytaxtın kadastr planını hazırlayıb başa çatdırmayan xidmətin fəaliyyəti sayəsində hərrac komissiyalarının üzvləri sırasında bələdiyyələrin təmsilçiliyindəki balansın gözlənilməməsi, bələdiyyələrə göstərilən xidmət tariflərinin son beş ildə səkkiz dəfəyədək artırılmasına nail olunması ilə yanaşı, bu gün bələdiyyələrin fəaliyyəti göstərdiyi və dövlət mülkiyyətində olan binaların bələdiyyələrdən xəbərsiz hərracdankənar satışa çıxarılması və hətta icarə haqqlarının artırılması cəhdlərin edilməsi artıq əndazə aşmaq kimi qəbul edilə bilər. 1999-cu ildə bələdiyyələrin mülkiyyətinə əmlak və torpaq verilməsi iə bağl fərman var. 2001-ci ilin iyununda dövlət əmlaklarının bələdiyyələrə verilməsi ilə bağlı fərman var. O cümlədən, bu fərmandan irəli gələn əsasnamə hazırlanıb təsdiq edilib. Ancaq təəsüf olsun ki, bu gün bələdiyyələrə nə əmlak tam şəkildə verilib, nə torpaq verilib, nə də elektron qaydada xəritəsi. Dövlət əmlakının bələdiyyəyə verilməsi isə başladılsa da dondurulmuş vəziyyətdə qalıb”.

V.Tofiqli qeyd edir ki, bu gün ölkədə olan 1606 bələdiyyənin cəmi 30-35 faizinin mülkiyyətinə torpaq verilib. Orada da çox ciddi problem, mübahisəli məqamlar çoxdur. Çünki bələdiyyələrin problemlərinin həl edilməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Xidməti addım atmır. Bələdiyyənin sənədini sənəd olaraq qəbul etmir. 2002-ci ildə torpaqların satışı məsələsinin hərrac yolu ilə həyata keçirilməsi istiqmaətində də ciddi problemlər var. Hərracın özünün təşkilində ciddi problemlər var. Yəni, balans gözlənilmir. Bələdiyyənin təmsilçiliyi tam şəkildə həyata keçirilmir. Bələdiyyənin əldə etdiyi gəliri, Əmlak Xidməti bu və ya digər formada rüsum şəklində bələdiyyədən alır. Amma almamalıdır.

Qeyd edək ki, rüsum məsələsiylə bağlı Əmlak Xidmətinə sorğu ünvanlanıb. Qurumun mövqeyini dərc etməyə hazırıq.

“Təsəvvür edin ki, bələdiyyə büdcəsinə torpağa görə 1000 manat vəsait daxil olursa, onun 880 manatı rüsum şəklində bələdiyyədən alınır. Bu istiqmaətdə ciddi problemlər var. Bu problemlər bələdiyyələrin fəaliyyətində ciddi sıxıntılar yaradır. Büdcəsinə vəsait daxil olmayan bələdiyyə vətəndaşın müraciətini vaxtında həll edə bilmir” - deyə müsahibimiz bildirib. Məsələ ondadır ki, qanunvericiliklə bələdiyyənin hüquqlarını Əmlak Məsələləri Xidməti tanımır. Yəni bu qurum birbaşa bələdiyyələrin fəaliyyətinə zərbə vurur. Bəlkə də bu səbəbdəndir ki, vətəndaşda belə bir fikir formalaşıb: “Bələdiyyə bizə lazımdırmı?”...

Mövzunu davam etdirəcəyik...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...