"Nəcməddin Sadıkov azad edilən əraziləri ermənilərə qaytarmağı əmr etdi" - General

"Nəcməddin Sadıkov azad edilən əraziləri ermənilərə qaytarmağı əmr etdi" -
“Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzluqlara baxmayaraq, rəhbərliyin altında çoxlu sayda uğurlu əməliyyatlar keçirməyə nail olmuşuq. Əməliyyatların çox uğurlu olması o deməkdir ki, belə əməliyyatlar zamanı bir nəfər də olsun itki verilmir”.
Yeniavaz.com xəbər verir ki, bunu müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev sosial şəbəkə hesabında yazıb:
“Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliyim altında, düşmənin nəzarəti altında olan Buzqov dağı-Havuç kəndi arasında 70 kv. kilometrə yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdur.
Qəbul etdiyimiz əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxfiçilik rejiminə tam şəkildə riayət olunması və nəhayət, qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi “qələbə” qazanan düşmənin durumu bizə bu əməliyyatı çox uğurlu keçirməyimizə əsas verirdi.
Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik.
Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən o zaman Baş Qərərgah rəisi vəzifəsində olan general Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə:
- Siz haradasınız? Nə ilə məşğulsunuz?
- Ön xətdə. Müdafiə xəttini möhkəmləndirməklə.
- Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş Qərərgah rəisi Arutyunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib “torpaqlarını” zəbt etmisiniz. İrəvanda prezident aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm. Təcili olaraq əvvəlki mövqelərimizə qayıdın.
- Oldu.
“Oldu” sözünü 1974-cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun “əmr”inə məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarının rəhbərliyinə davam etdim.
Ən maraqlısı odur ki, general Sadıkov çox gözəl bilirdi ki, Naxçıvan MR-da keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu “Əgər torpaqlar bizimdirsə, o torpaqlara biz nəzarət etməliyik” tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq yenə də digər istiqamətdə olduğu kimi Naxçıvan Muxtar Respublikasında da istədiyini həyata keçirməyə çalışırdı (N. Sadıkov – red.). Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə hələ 1994-cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaqdı. Belə ki, 1993-cü il dekabr – 1994-cü il yanvar aylarında Tərtər istiqamətində Briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə general Sadıkov yanvar ayının 27-də (uğursuz Quş əməliyyatından sonra) general Vasyak və iki polkovniklə Tərtərə gələrək məni briqada komandiri vəzifəsindən uzaqlaşdırdı və bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər. Narazılığımı bildirdikdə, general Sadıkovun təklifi, müdafiə naziri general Məmmədrəfi Məmmədovun əmri ilə məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər. Onu da deyim ki, general Məmmədov səbəbini mənə söyləyəcəyinə söz vermişdi, hətta nazir sözünü də yerinə yetirmədi.
“Köməklik göstərmək” məqsədi ilə mənə, Briqada komandiri vəzifəsində xidmət edən polkovnikə, M.V. Frunza adına Akademiyanı bitirmiş zabitə müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağımı da təklif etdilər. Hələ bu azmış kimi, bu istiqamətdə mənə kömək göstərəcəklərinə “kişi kimi” söz də verdilər.
Əlbəttə ki, mənim cavabım çox qısa oldu: Məni Vətənimi qorumağa siz gətirmisiniz, siz də mənə getməyə kömək göstərəsiniz?!
Bu və bunun kimi yüzlərlə faktlara görə general Sadıkov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahətləri kifayət etmirdi.
Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahiyyətləri həndəsi silsilə ilə artmağa başladı.
Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində rəhbərliyi tərəfindən döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdiyi uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.
Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general Sadıkov N. ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, vətənpərvər zabitlərimizi müxtəlif yollarla ordumuzdan uzaqlaşdırdı, ordu quruculuğuna, ordumuzun inkişafına nə qədər ziyan vurdu.
Hər bir komandir tabeliyində olanlar arasında yüksək nüfuza malik olmalıdır. Bunun isə yeganə yolu, xidmət etdiyi bütün müddət ərzində özünün və bağlı zabit heyətinin hər birinin zabit şərəfinin qorunması uğrunda mübarizə aparmasındadır. Buna isə ancaq və ancaq yüksək peşəkar hazırlığı və idarəetmə keyfiyyətləri, öz peşəsinə və tutduğu vəzifəyə məhəbbəti, təşkilatçılıq bacarığı, yüksək tələbkarlığı, tabeliyində olanların hər birinin şəxsi ləyaqətinə hörmətlə yanaşması ilə qazanmaq olar.
Çox təəssüflər olsun ki, general Sadıkov kimi bəzi yüksək vəzifəli zabitlər qeyd etdiyim bütün bu tələblərdən uzaq olduqlarından, nizamnamə və sağlam düşüncə tələblərinin əksinə olaraq, vəzifə səlahiyyələrini aşmaqla, tabeliyində olanları daima gərginlikdə saxlamaqla, onlara qarşı cinayət tərkibli hərəkətlərə yol verməklə onların bir çoxunda qorxaqlıq, hərəkətlərində qeyri-müəyyənlik və qarşılıqlı hörmətsizlik hislərinin formalaşmasına təkan verirdilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...