"Sizə elə açıqlamlar verəcəm ki, şok effekti yaradacaq" - Hafiz Məmmədov
"Vaxti ilə rəhbərlik etdiyim şirkətlərə bu gün də külli miqdarda borcu olanlar var".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında vergi borcuna görə yanvarın 27-də həbs edilən iş adamı Hafiz Məmmədov deyib. "Hafka" ləqəbli iş adamı bildirib ki, hazırda bizneslə məşğul deyil:
"Demək olar ki, biznes fəaliyyətim yoxdur. Treyniq işləri ilə məşğulam”.
Müflüs olan iş adamı vaxtı ilə ona məxsus olduğu deyilən "London taksiləri”nin aqibətindən də danışıb: "Taksi şirkətim 2016-2017-ci illərdə satıldı. Bu gün bizim başqa şirkətlərlə heç bir maliyyə öhdəliyimiz yoxdur. Əksinə, şirkətlərimizin başqa şirkətlərdən külli miqdarda alacağı var".
Hafiz Məmmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovla aralarında maliyyə ödəliyinin olub-olmamasından da danışıb: "Bu ayrı məsələdir. Bizim şəxsi işimizdir. Ziya Məmmədov bilər, mən bilərəm. Amma sizə elə açıqlamlar verəcəm ki, şok effekti yaradacaq".
Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Dünən isə iş adamı ev dustaqlığına buraxılıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, iş adamı barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1.465.200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib. Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.
O, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib.
611 dəfə oxundu